Kiçiklərin məhəbbəti, böyüklərin münasibəti

 

Paytaxt Bakının mədəniyyət ocaqları sırasında uşaq və yeniyetmələrin sevimli ünvanına çevrilmiş Bakı Uşaq Teatrı fəaliyyətə başladığı gündən öz kiçik tamaşaçılarının bədii təfəkkürlərinin formalaşmasında xüsusi rol oynamaqla bərabər, maraqlı və həm də çətinliklərlə dolu on illik bir zaman məsafəsini qət edib. Əsasən bağça və məktəbyaşlı uşaqların maraq göstərdiyi mədəniyyət ocağının peşəkar kollektivinin hansı qayğılarla yaşadığını, nələrlə üzləşdiyini öyrənmək üçün ünvanını soraqladıq. Teatr hazırda H.Sarabski adına Bakı Mədəniyyət Evinin binasında yerləşir.

Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən söz açdı. Uşaq Teatrı 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən fəaliyyətə başlayıb. Bu mədəniyyət müəssissi, eyni zamanda Cənubi Qafqazda yeganə Uşaq Teatrı kimi tanınır. İndiyə kimi 35 tamaşa ilə istər bağça, istərsə də məktəbyaşlı uşaqların görüşünə gəlib. 2008-ci il may ayının 23-dək (yeri gəlmişkən, teatr həmçinin 1 may 2008-ci il tarixdən H.Sarabski adına Mədəniyyət Evində yerləşir) Dənizkənarı Milli Parkın ərazisindəki binasında fəaliyyət göstərən Uşaq Teatrının sonrakı taleyi maraqlı olub. H.Sarabski adına Mədəniyyət Evinin binasında sığınacaq tapan kollektiv daha geniş mənada fəaliyyətə mənfi təsir göstərən çətinliklərə baxmayaraq uşaqların zövqünü oxşayan, maarifləndirici və tərbiyəvi əhəmiyyət daşıyan əsərlərlə çıxış edib, uğurlu nəticələr qazanıb. 70 nəfərə yaxın peşəkar və həvəskar aktyorları, həmçinin uşaq mütəxəssislərini bir səhnəyə toplayan teatrın repertuarındakı səhnə əsərləri əsasən xalq nağılları əsasında yaranıb. "Turp" xalq nağılı motivlərində səhnələşdirilmiş "Gücümüz birliyimizdədir" (nağıl-tamaşa), folklor personajları - Keçəl, Kosa və Təkənin zarafatlarından ibarət "Keçəlin toyu", "Xoruz və Padşah" nağılının səhnə təcəssümü olan "Əhmədin yuxusu", Araz adlı gəncin sehirli çarıqların köməyi ilə nağıllar aləminə düşərək şahın göstərişlərinə əsasən dünyanın üç ən şirin sözü axtarmaq məcburiyyətində qalması və nəhayət, onları tapıb misralandırmasından, beləliklə, öz ana dilinə məhəbbətini göstərməsindən ibarət "Sehirli çarıqlar" və s.

Bunlarla yanaşı, uşaqların dövlət atributlarına vətəndaşlıq məhəbbətini özündə əks etdirən "Vətən" (sözsüz tamaşa), həmçinin bolqar yazıçısı P.Pançevin eyniadlı əsəri əsasında hazırlanmış "Əkizlərin nağılı"na (nağıl-komediya), vərəmə qarşı mübarizəyə həsr edilən "Qalan ömrün ilk günü", Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sifarişi ilə hazırlanan "Xaş-xaşın göz yaşı", Avropa Şurasının respublikamızdakı mərkəzi ofisinin birgə layihəsi əsasında təqdim olunan "Şapalaqsız gün" və digər səhnə əsərlərinə də eyni maraq və həvəslə tamaşa edirlər.

Kollektivin nailiyyətləri təkcə balacaların və yeniyetmələrin zövqünü oxşamaq deyil, onlarda vətənpərvərlik duyğularının aşılanması istiqamətində maarifləndirici və tərbiyəedici vasitələrdən istifadəni də əsas məqsədə çevirmək məharətləridir.

Direktor söyləyir ki, ilk professional uşaq teatrını yaratmaq o qədər də asan deyildi, çünki hər şey eksperiment tələb edirdi. Uşaqları toplayaraq "Körpəm" Eksperiment Uşaq Teatrı yaratdıq ki, neçə-neçə bağça yaşlılar buradan həyat dərsi alsın, böyüyüb aktyor, müəllim, nəhayət, şəxsiyyət kimi formalaşmaq uğrunda mübarizə apara bilsinlər. Fəaliyyətə başladığımız vaxtlarda gəlirimiz az olmurdu. İlk iki tamaşadan 3 milyon manat gəlir əldə etsək də, qısa müddətdə həmin rəqəmi 24 milyon manata çatdırdıq. Bu, həm teatrın saxlanmasında, həm də aktyor heyətinin əməkhaqqının ödənilməsində az məbləğ deyildi. Uşaq Teatrının hələ çox uğur və nailiyyətlərə imza atacağı gözlənilirdi. Kollektivimizi təəssüfləndirən kirayənişin həyatı yaşamağımızdır. Məskunlaşdığımız indiki binanın sahiblərinə, yəni H.Sarabski adına Mədəniyyət Evinin rəhbərliyinə və kollektivinə öz minnətdarlığımızı bildiririk ki, qısa vaxt ərzində səhnə, zal, məşq problemlərimizi aradan qaldırmaqda köməklərini əsirgəməyiblər: sarayın qapılarını kollektivimizin, xüsusən də uşaqların üzünə açdılar. Sığındığımız bina teatr üçün bütün parametrlərə cavab verə bilməsə də, burada üç-dörd mədəniyyət müəssisəsi fəaliyyət göstərməyə məcbur olub: binanın öz sahibləri, İrəvan Azərbaycan Dövlət Teatrı (həmin teatr hazırda Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşir) bizim kollektiv və bir də ərazisi ermənilər tərəfindən işğal edilmiş, maddi mədəniyyət abidələri talan olunmuş Zəngilan rayonunun mədəniyyət şöbəsi.

Arxada qalan illər ərzində kollektivin əldə etdiklərinə nəzər saldıqda, sözün həqiqi mənasında adıçəkilən teatrın kollektivinin sənət sevgisinin şahidi olursan. Respublikamızın bir sıra təşkilatlarında, o cümlədən həbsxana divarları arasında, məhbuslar qarşısında çıxış edən kollektiv beynəlxalq festivallarda da uğurlu nəticələrə imza atıb. Dünyanın 80 ölkəsinin qatıldığı festivalda teatr kollektivlərinin sırasında ilk onluğa düşməyin nə demək olduğunu təbii ki, anlamaq çətin deyil. Ötən il belə festivalların sayı 8-ə çatıb. Kollektiv 3 dəfə Türkiyədə, 2 dəfə isə Azərbaycanda keçirilən beynəlxalq festivalların iştirakçısı və qalibi olub.

Daha maraqlısı isə teatrın nəzdində xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət studiyanın fəaliyyət göstərməsidir. Qeyd edək ki, ötən il milli teatr günündə studiyanın göstərdiyi "Dostluq" əsərinin uzun müddət tamaşaçılarını öz təsiri altında saxladığı söylənilir. Bu uşaqların səhnə mədəniyyəti və istedadı təkcə həmyaşıdlarını deyil, valideynləri də heyrətləndirirdi. Belə tədbirlərin hazırlanması, eyni zamanda həmin uşaqların cəmiyyətə inteqrasiya olunmalarında mühüm məsələlərdən biridir.

Uşaq Teatrı dedikdə, ilk növbədə adama elə gəlir ki, tamaşalar peşəkarlar deyil, həvəskar uşaq və yeniyetmələr tərəfindən göstərilir. Doğrudur, tamaşalara istedadlı uşaq və gənclər qatılır, lakin əsas ağırlıq, necə deyərlər, peşəkar aktyorların üzərinə düşür. Xalq artisti Ağaxan Salmanovun, əməkdar artist Vidadi Əliyevin, 20 illik səhnə təcrübəsi olan Oqtay Quliyevin, uşaqların sevimlisi kimi tanınan aktyorlardan Könül Şahbazovanın, Rauf Hüseynovun, Cavanşir Məhərrəmovun, Ruslan Mürsəlovun və başqalarının adını fəxrlə çəkmək olar ki, onları bu gün məhz uşaqların mənəviyyatının zənginləşdirilməsi və maarifləndirilməsi düşündürür.

Hazırda teatrda iki türk nağılı motivləri əsasında ikihissəli (hər hissə 20-25 dəqiqə olmaqla) "Üç ayı balası" adlı tamaşa hazırlanır. "Qəhrəman köpək"də isə canavarla köpəyin dostluğundan söz açılsa da, burada da məqsəd insan amilini önə çəkməkdir. K.Qaldoninin eyniadlı əsəri əsasında Ağaxan Salmanovun tamaşaya qoyduğu "Məzəli hadisə"də peşəkarlarla yanaşı, istedadlı uşaqlar da iştirak edirlər.

...Uşaq dünyası bəyaz, şəffafdır. Uşaqlar böyüklərdən fərqli bir dünyanın aşiqləridir. Böyüklər sözə, uşaqlar isə gözə daha çox üstünlük verirlər. Budur, onların arasındakı fərq. Ona görə də uşaqlar səhnədə sözdən daha çox, hərəkətə, mimika və baxışlara, bir sözlə, teatr dili ilə desək, yaşama fəlsəfəsinə üstünlük verirlər. Bu virtual inam eyni zamanda uşaqların cəmiyyət həyatında baş verən hadisələrə daha tez reaksiya vermələrini ortaya qoyur. Uşaqlara reallıq, olanlar olacaqlardan daha çox maraqlıdır. Bu maraqla dolu dünyanın nazını çəkmək isə təkcə bir teatr kollektivinin mənəvi borcuna çevrilməməlidir. Uşaqlar doğrudan da bizim gələcəyimizdirsə, onların qayğısına hər birimizin qalması gərəkdir.

 

 

Məhəmməd NƏRİMANOĞU

 

Azərbaycan.- 2011.-13 fevral.- S. 6.