Ölkə Prezidentinin sosialyönümlü iqtisadi siyasəti və vətəndaşların müraciətləri

 

"Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın, tapşırılan sahədə yaxşı işləsin, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin".

 

İlham Əliyev

 

Xalqın bəhrələndiyi davamlı sosial yüksəliş

 

 Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixində davamlı sosial yüksəliş və böyük quruculuq ili kimi səciyyələndirilən 2010-cu ilə yekun vuruldu. Əvvəlki illərdə başlanmış dövlət proqramlarının reallığı bir daha öz təsdiqini tapdı, bünövrəsi 2-3 il əvvəl qoyulmuş neçə-neçə sənaye müəssisəsinin, nəhəng sosial infrastruktur obyektlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, olimpiya idman komplekslərinin, nəqliyyat qovşaqlarının, su və qaz xətlərinin açılışı oldu və bir sıra böyük layihələrin inşasına start verildi. İlin son günlərində ölkə Prezidentinin və respublikanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə xalqın istifadəsinə verilən çoxsaylı yeni obyektlər hər bir vətəndaşın böyük sevincinə səbəb oldu.

Ötən ilin yekunları barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətində demişdir: "...2010-cu ildə bütün sahələrdə nəzərdə tutulmuş proqramlar uğurla icra edilmişdir. Ölkəmizdə yaradılmış güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi dövlətimizin çətin sınaqlardan alnıaçıq çıxmasına imkan verir.

Hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi mühit hökm sürür. ...Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür".

Keçən il Azərbaycanın 9 milyonuncu vətəndaşı dünyaya gəldi, xalqımızın qəlbini qürurla döyündürən, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi olan üçrəngli bayrağımızın göylərə ucaldığı Dövlət Bayrağı meydanı istifadəyə verildi. Bu, dünya azərbaycanlılarının ən çox sevindiyi günlərdən biri oldu, onların güvənc yeri olan Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyinə inamlarını daha da artırdı.

2010-cu ilin noyabrında keçirilən parlament seçkiləri isə Azərbaycanda demokratik dövlət quruculuğunun davam etdirildiyini bir daha təsdiqlədi. Tam şəffaf və ədalətli keçirilən seçkilər Azərbaycan xalqının Heydər Əliyev siyasi xəttinə, ölkə Prezidenti İlham Əliyevə və onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına inam və etimadının nümayişinə çevrildi.

2010-cu ilin yekunlarından bəhs edərkən ilk növbədə Azərbaycanın makroiqtisadi göstəricilərinə nəzər salmaq lazımdır. Dünyada hələ də hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanın iqtisadi yüksəlişi davam etmiş, ölkədə neft istehsalının həcmi 51 milyon tona, qaz istehsalının həcmi 27 milyard kubmetrə çatmış, bu məhsullar mövcud olan 7 kəmərlə dünyanın bir çox ölkələrinə ixrac edilmişdir. Böyük perspektivli "Ümid" yatağının açılması ilə qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrə çatmışdır.

Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildəki 1,6 milyard dollardan 29,1 milyard dollara çatmış, yoxsulluq həddi daha da aşağı düşərək 9,1 faizə çatmış, ölkənin hərbi potensialına çəkilən xərclər 3 milyard dollara qaldırılmış, ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 15 milyard dollara yüksəlmiş, Azərbaycanın xarici ölkələrdə qoyduğu investisiyalar da nəzərəçarpacaq dərəcədə artmışdır.

Azərbaycanın dövlət büdcəsi, həmişəki kimi, sosialyönümlü olmuşdur. Əgər 2010-cu ildə büdcənin 34 faizi sosialyönümlü idisə, 2011-ci ilin büdcəsinin 37,7 faizi sosial problemlərin həllinə yönəldilmişdir. Azərbaycanda aparılan sosial siyasətin əsas mahiyyəti barədə danışan ölkə Prezidenti dəfələrlə qeyd etmişdir ki, bu siyasətin əsas mahiyyəti Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşamasıdır. Respublika Prezidenti ötən il dekabrın 24-də Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa edilən yaşayış evinin açılışı zamanı sosial məsələlərə həmişə böyük diqqət yetiriləcəyini bildirərək demişdir: "Biz gələcək fəaliyyətimizdə də bu əsas iki amili həmişə diqqətdə saxlayacağıq: güclü iqtisadiyyat və güclü sosial siyasət. Sosial siyasət elə olmalıdır ki, Azərbaycan vətəndaşları ondan bəhrələnsinlər".

Azərbaycanda güclü iqtisadiyyatın yarandığına artıq heç kəs şübhə etmir. Azərbaycan iqtisadiyyatı hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Təsadüfi deyildir ki, Azərbaycanda ümumi daxili məhsul istehsalı ötən il ərzində 5 faiz və ya müqayisəli qiymətlərlə 1,8 milyard manat artaraq 41,6 milyard manata çatmışdır. İndi respublikamızda adambaşına düşən ümumi daxili məhsul 5797,8 ABŞ dollarına yüksəlib. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7,9 faiz, neft sektorunda isə 1,8 faiz artıb. Əhalinin gəlirləri 13,3 faiz artaraq 25,6 milyard manat olmuşdur. Orta aylıq əməkhaqqı iqtisadi və sosial sahələrdə muzdla işləyənlər üçün 325 manata, nəqliyyatda 371,5 manata, sənaye sahələrində çalışanlar üçün 461,7 manata, tikinti kompleksində 505,3 manata, rabitədə 523,4 manata çatmışdır.

Dünya İqtisadi Forumunun 2010-2011-ci illər üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB-də birinci sayılmış, makroiqtisadi sabitlik altindeksi üzrə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yeri tutmuşdur.

İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında Azərbaycan uzun və sağlam ömür, təhsil səviyyəsi və iqtisadi yaşayış standartları əsasında hesablanan bu indeksə görə Çin və Hindistan kimi qlobal ölkələri arxada qoyub. 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlib, "yüksək insan inkişafı" ölkələri kateqoriyasında Braziliya, Türkiyə kimi ölkələrlə yanaşı yer alıb.

Keçən il həyata keçirilən sosial infrastruktur layihələrindən bəhs edərkən Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın sırf daxili imkanları hesabına inşa olunan 262 kilometr uzunluğunda olan bu kəmər ən müasir texnoloji tələblərə cavab verməklə yanaşı, Bakı şəhərinin 75 faizini Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin edəcəkdir. Bu tarixi hadisə Bakı şəhərinin su ilə təchizatı üçün ilk dəfə keçən əsrin əvvəlində çəkilən Şollar, 70-ci illərində istifadəyə verilən Kür su kəmərlərindən sonra ən böyük hadisədir. Bundan başqa, respublikanın Aran bölgəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli sutəmizləyici qurğuların quraşdırılması, onların istifadəsi üçün supaylayıcı şəbəkələrin yaradılması işləri davam etdirilmişdir.

"Ekologiya ili" çərçivəsində başlanan ümumxalq hərəkatı nəticəsində respublikanın hər yerində böyük yaşıllaşdırma işləri aparılmış, 6 milyondan çox ağac əkilmiş, insanların sağlamlığı üçün çox zəruri olan digər tədbirlər görülmüşdür. Növbəti 2011-ci il isə artıq "Turizm ili" elan edilmişdir, bunun ölkədə sosial infrastrukturun inkişafına güclü təkan verəcəyi heç bir şübhə doğurmur.

Keçən il təkcə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 715 mənzil verilmiş, ümumiyyətlə, son illərdə bu kateqoriyadan olan insanlar üçün 3500 mənzil tikilmişdir. Onlara 3000-ə yaxın avtomobil paylanmışdır. Məcburi köçkünlərə qayğı daha da artırılmış, 6600 köçkün yeni evlərə köçürülmüş, onlar üçün 3 böyük qəsəbə salınmışdır. 2010-cu ildə 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmiş, istifadəyə verilən 5 olimpiya idman kompleksi respublikada idmanın inkişafına böyük töhfə olmuşdur.

2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanmış, onlardan 206-sı olimpiya idman növləri üzrədir. Son illərdə ölkə Prezidentinin idmanın inkişafına göstərdiyi qayğı və diqqət sayəsində Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan 204 ölkə arasında 11-ci yeri, İslam ölkələri arasında isə 1-ci yeri tutmuşdur.

Azərbaycanın inkişafında nəzərə çarpan bir cəhəti xüsusi qeyd etmək lazımdır. Bu da bütün yenidənqurma işlərinin müasir dünya standartları səviyyəsində aparılması və ən müasir texnologiyalara yiyələnməklə ölkənin daha sürətlə inkişaf etdirilməsidir. Bu gün hamı etiraf edir ki, Azərbaycan istər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətli olmasına, istər informasiya-kommunikasiya texnologiyalarının inkişafına, istər insan inkişafı indeksinin meyarlarına görə, istərsə də idman və digər sahələrdə inamla irəliyə gedir. Bütün bu nailiyyətlər bilavasitə dövlət başçısının uğurlu siyasətinin nəticəsidir.

2010-cu ildə respublikada 4296 yeni müəssisə yaradılmış, 73009 yeni, o cümlədən 52721 daimi iş yeri açılmışdır. Bunun 64,7 faizi fiziki şəxslər tərəfindən yaradılmışdır.

Ölkə Prezidenti bu siyasətin mahiyyətini belə izah edir: "...Bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik".

Keçən il sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsi üçün ölkə Prezidenti bir sıra fərman və sərəncamlar vermişdir. 2010-cu il 9 avqust tarixli fərmanlarla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün məbləği artırılmış və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri müəyyən edilmişdir. Bundan başqa, ölkə Prezidentinin 20 sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən bir çox sahə işçilərinin əməkhaqqı artırılmış, daha 26 sərəncamı ilə şəhər və rayonlarımızın abadlığı, tarix və mədəniyyət abidələrinin bərpası, elm və təhsilin, səhiyyənin inkişafı, mətbuat işçilərinin sosial müdafiəsi və s. üçün Prezidentin Ehtiyat Fondundan 154 milyon manatdan çox vəsait ayrılmışdır.

2010-cu il Azərbaycan üçün həm də təbii fəlakətlərə qarşı mübarizə ili, sınaq ili oldu. Azərbaycan tarixdə misli görünməyən sel daşqınları ilə üzbəüz qaldı. Bu, iqtisadiyyata böyük ziyan vursa da, Azərbaycan dövləti bunun qarşısını ala bildi. İnsan tələfatına yol verilmədi və daşqının nəticələri sürətlə aradan qaldırıldı. Dövlət büdcəsində düzəlişlər etməklə bu məqsədlə ayrılmış 300 milyon manat vəsait hesabına 4-5 ay ərzində 3 mindən artıq ev təmir edilmiş, 1500-dən çox yeni ev tikilmiş, 700-800 evin tikintisi isə davam edir.

Son illərdə bilavasitə Azərbaycan xalqına uzun müddət xidmət göstərəcək çoxsaylı obyektlər tikilmiş və yenə də tikilməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, görülən bütün bu işlər Azərbaycan vətəndaşının rifahına və güzəranının yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanın uğurlu neft strategiyası nəticəsində əldə edilmiş gəlirlər düşünülmüş surətdə xalqın sosial problemlərinin köklü həllinə yönəldilir. Beləliklə, Azərbaycan dövləti öz üzərinə düşən vəzifələri yerinə yetirməklə vətəndaşları üçün daha yaxşı həyat şəraitinin təmin edilməsinə möhkəm zəmin yaratmışdır.

 

Uğurlu fəaliyyətin əks-sədası - təşəkkür məktubları

 

 Prezident Administrasiyasına daxil olan müraciətlərin böyük bir hissəsini ölkə Prezidentinə ünvanlanan minnətdarlıq və təşəkkür məktubları təşkil edir. Vətəndaşların dövlət başçısına məhəbbətindən və səmimi münasibətindən qaynaqlanan bu məktublar təkcə respublikadan deyil, xaricdə yaşayan soydaşlarımızdan, Azərbaycanla maraqlanan, onu sevən xarici vətəndaşlardan da müntəzəm daxil olur. Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsini, Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutulmasını və ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsini, xalqın rifahının daha da yaxşılaşdırılmasını, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsini, elm və mədəniyyət xadimlərinin fəaliyyətinə layiqli qiymət verilməsini, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasını təqdir edir və bəyənirlər.

Ümumiyyətlə, il ərzində ölkə Prezidentinin ünvanına minlərlə minnətdarlıq məktubu daxil olmuşdur ki, bunların arasında onlarla, yüzlərlə insanın imzaladığı kollektiv müraciətlər böyük üstünlük təşkil edir. Sadə insanların ürək sözləri olan bu müraciətlərin müəllifləri arasında orta məktəb şagirdindən tutmuş el-obamızın tanınmış ağsaqqal və ağbirçəkləri, görkəmli elm və mədəniyyət xadimləri, Vətənin azadlığı uğrunda çarpışmış döyüşçülər, veteranlar, şəhid ailələrinin üzvləri daha çoxdur. Bu minnətdarlıq məktublarının ümumi qayəsini və məğzini yalnız belə qiymətləndirmək olar: bunların hamısı ölkə Prezidentinin uğurlu fəaliyyətinin, respublikanın sürətli və dönməz inkişafının, vətəndaşların sabaha olan inamının əks-sədasıdır. Başa vurduğumuz 2010-cu ildə isə bu uğurları saymaqla bitməz.

Keçən il Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması, müstəqilliyimizin rəmzi olan müqəddəs Azərbaycan Bayrağı üçün dünyada ən hündür qüllənin ucaldılması bütün soydaşlarımıza unudulmaz anlar bəxş etdi. Bu mərasimi dünyanın hər yerində qürurla izləyən həmvətənlərimiz saysız-hesabsız məktublarında öz sevinc hisslərini ifadə etmiş və bu barədə yüzlərlə təşəkkür məktubu göndərmişlər.

Ölkə Prezidentinə ünvanlanan minnətdarlıq məktublarının böyük bir qismi aparılan quruculuq işləri barəsindədir. Bakı şəhərindən tələbə Nailə Məhərrəmova öz yaşıdlarının ürək sözlərini ifadə edərək yazır: "Hörmətli cənab Prezident, bilsəydiniz Sizə necə minnətdaram. Həyatımda yaxşı nə varsa, hamısına görə Sizə borcluyam. Çünki mən və dostlarım ildən-ilə yaxşı yaşayırıq. Mən ümid edirəm ki, bu ölkənin adi vətəndaşı kimi bizim nəsibimiz həmişə və hər yerdə uğur, sağlamlıq, yaxşı və minnətdar insanlar olacaqdır... Sizin sayənizdə Azərbaycan bir çox ölkələrdən insanların gəlib yaşamaq istədiyi məkana çevrilmişdir. Allah Sizi qorusun!".

Laçın rayonundan olan tanınmış ziyalılardan ibarət 250 nəfər Taxtakörpü qəsəbəsinin abad bir qəsəbəyə çevrilməsinə, əraziyə qaz çəkilişinin başlanmasına, burada məcburi köçkünlər üçün lazımi şərait yaradılmasına, İçərişəhərdə məskunlaşmış Şuşa rayonundan məcburi köçkünlər Ramana qəsəbəsi ərazisində dövlət hesabına tikilmiş gözəl binalarda onlara mənzil verilməsinə, Ağcabədi rayonunun Aran, Kəbirli, Qaradolaq, Yeni Qaradolaq, Mehrablı kəndlərinin 654 nəfər sakini bu kəndlərin onillərlə davam edən içməli su probleminin həllinə, həmin kəndləri birləşdirən avtomobil yolunun yenidən qurulması üçün 1,5 milyon manat vəsait ayrılmasına, Şəki şəhərindən Z.Əlizadə, M.Əliyev, R.Rəsulov və başqaları rayonun İnçə kəndində Şin çayı üzərində 1350 metrlik körpünün açılmasına, Yevlax rayonunun Kövər kəndindən Şamama Əliyeva və başqaları kənd yollarının abadlaşdırılmasına görə cənab Prezidentə öz minnətdarlıqlarını bildirirlər.

Gəncə şəhərində "İmamzadə" kompleksinin bərpası və yenidən qurulması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı bütün Gəncə sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Gəncə şəhərindən akademik Siddiqə Məmmədova, AMEA-nın müxbir üzvü Fuad Əliyev və Gəncənin bir çox tanınmış ziyalıları şəhər ictimaiyyəti adından Heydər Əliyev Fondunun dəstəyi ilə Comərd-qəssab türbəsi, Cavad xan məqbərəsi, Şah Abbas Cümə məscidindən sonra "İmamzadə" kompleksinin bərpasına görə minnətdarlıq edir, bunu ölkə Prezidentinin tariximizə, İslam dininə böyük hörmət və ehtiramının təzahürü hesab edirlər.

Dövlət başçısının gördüyü işlərə görə ürək sözlərini yazmağı özünün vətəndaşlıq borcu hesab edən Bakı şəhər sakini Samir Mahmudov yazır: "Bu məktubu ürəyimdən gələn sözləri və fikirləri Sizinlə bölüşmək üçün yazdım. Sabah mənim 30 yaşım olacaq. Bir anlıq keçdiyim qısa həyat yoluna nəzər saldım və anladım ki, mən çox şeyə nail olmuşam. Sizin sahibkarlara göstərdiyiniz qayğıdan digər Azərbaycan vətəndaşları kimi, mən də bəhrələnmişəm. İnformasiya-kommunikasiya texnologiyaları sektorunu prioritet sahə elan etdiyiniz zamandan bu sahədə menecer vəzifəsində çalışan bir insan kimi bu sektorun Azərbaycanda gündən-günə inkişafının şahidiyəm".

Təşəkkür məktublarında ölkə Prezidentinin işğal altında olan torpaqlarımızın azad edilməsinə yönəlmiş fəaliyyətinə də yüksək qiymət verilir. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir, ən böyük problemdir". Bu mövzuda daxil olan müraciətlərdə vətəndaşlar dövlət başçısının prinsipial mövqeyini müdafiə edir, torpaqlarımızın geri qaytarılacağına əmin olduqlarını bildirirlər. Ağdam rayon sakini Qəni Qasımov yazır: "Çox hörmətli cənab Prezident! Qarabağ məsələsində tutduğunuz prinsipial mövqenizə görə Sizə bütün Ağdam ziyalıları adından minnətdarlığımızı bildirirəm. İnanıram ki, Sizin yorulmaz fəaliyyətiniz nəticəsində erməni işğalına son qoyulacaqdır. Sizə milyonların səbirsizliklə gözlədiyi böyük qələbəyə çatmaq yolunda uğurlar arzulayırıq".

Torpaqlarımızın işğalı ilə heç cür barışmayan xalqımızın qətiyyətli mübarizəsinin davam etdiyini 2010-cu ildə Mübariz İbrahimov öz qəhrəmanlığı ilə bir daha dünyaya sübut etdi. O, qeyri-bərabər döyüşdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi böyük rəğbətlə qarşılandı. Bu münasibətlə Bakı şəhərindən müharibə veteranları H.Cəfərov, S.Həsənov, Ç.Əşrəfov, P.Nəsrullayev və başqaları cənab Prezidentə müraciətlərində qeyd edirlər: "Sizin Azərbaycan əsgəri Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə sərəncamınız Mübariz kimi Vətən oğullarının sayını birə yüz artırıb. Biz ordu və müharibə veteranları daim Sizi dəstəkləyirik və hər zaman Vətən torpağının azad edilməsində kömək göstərməyə hazırıq. Öz bacarığımızı və təcrübəmizi Vətən naminə heç vaxt əsirgəməyəcəyik".

Biləsuvar rayonundan qəhrəmanın atası Ağakərim İbrahimov yazır: "...Vətən torpağının hər qarışı bizim üçün əzizdir və onu hər an göz bəbəyi kimi qorumağa hazırıq".

2010-cu ildə baş verən misli görünməmiş sel və daşqınların qarşısının alınmasına görə Sabirabad rayonundan təqaüdçü Şirvan Ağayev yazır: "Hörmətli cənab Prezident! Ölkəmizin güclü bir dövlət olması bütün xalqa məlum oldu. 2010-cu ilin may ayında Sabirabad və digər rayonlar Kür və Araz çaylarının suları altında qalmaq təhlükəsi ilə üzləşdi. Mənim 85 yaşım var. Bu yaşa qədər mən belə bir səfərbərlik görməmişdim. Sizin rəhbərliyinizlə vaxtında görülən tədbirlər nəticəsində 150 min əhalisi olan Sabirabad rayonu bu fəlakətdən qurtardı. Buna görə Sizə təşəkkür edirəm". Belə çoxsaylı müraciətləri sel və daşqınlara məruz qalmış digər rayonların sakinləri də göndərmişlər.

Minnətdarlıq məktubları yalnız respublikadan deyil, xarici ölkələrin vətəndaşlarından, eləcə də xaricdə yaşayan həmvətənlərimizdən gəlir. Rusiyanın Perm şəhərindən Çingiz İsayev yazır: "Azərbaycan dünyada yüksək nüfuza malikdir. Biz - xarici ölkələrdə yaşayan azərbaycanlılar Vətəndən uzaqda olsaq da, uğurlarımıza və qələbələrimizə sevinir, onlarla qürur duyuruq".

Rusiyanın Moskva şəhərindən Ruhulla Amaxanov, Çelyabinsk vilayətindən Zakir Namazov, Ufa şəhərindən Mövlud Həziyev, Saratov şəhərindən Emil Osmanov, Almaniyadan Lokklar və Mirzəyevlər ailələri, Qazaxıstanın Sarıağaş şəhərindən Kərim Mouleşov, Qırğızıstanın Bişkek şəhərindən Kenjegül Şirinova, İsraildən Rüfət Hacıyev, Türkiyənin İqdır şəhərindən Serpil Önal və başqaları da minnətdarlıq məktubları göndərmişlər. Türkiyənin İstanbul şəhərində "Ulduz" Texniki Universitetinin doktoranturasında təhsil alan Şəmsəddin Sücəddinov ölkə Prezidentinin xaricdə oxuyan tələbələrə qayğısını yüksək qiymətləndirərək yazır: "Mən daim Azərbaycan rəhbərliyinin maddi və mənəvi dəstəyini hiss etmişəm. Bunu təkcə mən deyil, Türkiyədə təhsil alan 3 mindən çox tələbə ilə yanaşı, dünyanın dörd bir tərəfinə yayılmış on minlərlə azərbaycanlı tələbələrimiz də təsdiqləyir".

Azərbaycanda, xüsusilə Bakı şəhərində aparılan böyük quruculuq işləri respublikamıza gələn bütün qonaqları heyran edir. Bakı şəhərindən Natiq Şirinzadə Bakıda olmuş SSRİ Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Oleq Kuznetsov və Ukraynanın Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, professor Aleksandr Uşerov-Marşak kimi dünya şöhrətli alimlərin şəhəri gəzərkən onun müasir simasına, paytaxtda baş vermiş dəyişikliklərə heyran qaldıqlarını bildirir və yazır: "Mən Ulu Yaradana minnətdaram ki, ümummilli liderimizin siyasətini məhz Siz davam etdirirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycanın bugünkü inkişafından sonsuz qürur hissi keçirirəm".

Bakı şəhərindən Ramiz Məmmədzadə yazır: "Vaxtilə təhsil aldığım Rusiyanın Şaxtı şəhərində dünyanın ən güclü atletləri Vasili Alekseyevin, David Rigertin məşq etdiyi idman zalına mən də gedirdim. O vaxt heç kəsin ağlına da gəlməzdi ki, nə vaxtsa Azərbaycanda da möhtəşəm idman sarayları olacaq və idmanın səviyyəsi o dərəcədə yüksələcəkdir ki, Vasili Alekseyevin özü gəlib burada hörmətli qonaq kimi iştirak edəcəkdir".

Vətəndaşların Prezident Administrasiyasına göndərdikləri minnətdarlıq məktublarının bir qismi müraciətlərinin müsbət həll olunması barədədir. Onlar müxtəlif problemlərinin həllinə yardım edildiyinə görə təşəkkür edirlər.

Bütün minnətdarlıq məktubları üçün səciyyəvi olan bir fikir Bakı şəhərindən Ruslan Əkbərovun məktubunda belə ifadə olunur: "Müstəqil Azərbaycan dövlətinin qurulması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdırsa, Azərbaycan dövlətçiliyinin inkişafı və çiçəklənməsi gənc liderimiz İlham Əliyevin xidmətləridir".

 

Vətəndaşların müraciətlər vasitəsilə reallaşan Konstitusiya hüququnu qorumaq hər kəsin borcudur

 

Vətəndaşların dövlət hakimiyyəti orqanına, idarə, təşkilat və müəssisəyə etdikləri müraciətlər ilk növbədə onların öz Konstitusiya hüquqlarını həyata keçirməsi deməkdir. Məlum olduğu kimi, Konstitusiyanın 57-ci maddəsi və bunun əsasında qəbul edilmiş "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu bu sahədə əsas normativ-hüquqi baza sayılır. Bu aktların nəticəsi olaraq qəbul edilmiş müvafiq təlimat və qaydalar hər bir dövlət orqanı, vəzifəsindən asılı olmayaraq hər bir dövlət qulluqçusu və hər bir vətəndaş üçün qanuni tələbdir.

Bu, məsələnin hüquqi tərəfidir. Mənəvi tərəfi isə odur ki, hər müraciətin arxasında cəmiyyətin bir üzvünün, bir insanın arzusu, istəyi, problemi durur, ürəyinin səsi eşidilir. Buna görə də Azərbaycan dövlətinin başçısı İlham Əliyev vətəndaşların hüquq və azadlıqlarının qarantı kimi bu məsələni daim diqqət mərkəzində saxlayır, bunu bütün vəzifəli şəxslərin, bütün dövlət qulluqçularının ümdə vəzifəsi hesab edir.

Ölkə Prezidentinin tapşırığı ilə onun rəsmi internet saytı müntəzəm olaraq yeniləşdirilir, vətəndaşların Prezidentlə ünsiyyət imkanları daha da genişləndirilir. Həmin sayt hər bir Azərbaycan vətəndaşı üçün açıqdır və respublika ərazisinin 80 faizindən çox hissəsinin internet şəbəkəsi ilə əhatə olunduğunu nəzərə alsaq, hər kəsin asanlıqla bu sayta müraciət etmək imkanı vardır. Bu yaxınlarda edilmiş dəyişikliklər isə vətəndaşların rəyinin daha dəqiq öyrənilməsinə xidmət edir.

Bundan başqa, müasir internet texnologiyaları tətbiq edilməklə saytda yeni funksional bölmələr yaradılmış, onun strukturu təkmilləşdirilmişdir. İstifadəçilər sayta daxil olmaqla ölkə Prezidentinin fəaliyyəti ilə bağlı daha çox xəbər və yenilikləri, imzaladığı sənədləri oxuya, xüsusi bannerlər vasitəsilə çıxışlarının videoyazısını seyr edə bilərlər. Sayta edilmiş yenilik vasitəsilə Tvitter beynəlxalq sosial internet şəbəkəsindən ölkə Prezidentinin fəaliyyəti barədə məlumatları izləmək, YouTube internet videokanalı vasitəsilə dövlət başçısı ilə bağlı bütün videoxəbərlər və çıxışlarla tanış olmaq mümkündür.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində vətəndaşların müraciətlərinə baxılmasının mükəmməl mexanizmi yaradılmış, 2009-cu ildən tətbiq edilən daha müasir kargüzarlıq proqramı öz səmərəsini vermiş, müraciətlərə baxılması işinə nəzarət imkanları xeyli artmışdır.

2010-cu ildə Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı əvvəlki ilə nisbətən azalmışdır. Bu, həm Prezident Administrasiyasında, həm də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinə diqqətin artırılmasının nəticəsidir.

Bütövlükdə 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlərin 66,9 faizi ərizələrdən, 31,8 faizi şikayətlərdən, 1,3 faizi isə təkliflərdən ibarət olmuşdur.

Prezident Administrasiyasına daxil olan müraciətlərin respublikanın 11 iqtisadi rayonu üzrə bölgüsü göstərir ki, onların yarıdan çoxu və ya 54,5 faizi respublika əhalisinin təqribən yarısının yaşadığı Bakı və Aran iqtisadi rayonlarının payına düşür. Bakı şəhəri üzrə Sabunçu, Aran iqtisadi rayonu üzrə isə İmişli və Ağcabədi rayonlarından müraciətlər daha çoxdur.

İqtisadi rayonlar üzrə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin nisbəti Kəlbəcər-Laçın, Aran, Lənkəran, Abşeron, Gəncə-Qazax, Yuxarı Qarabağ iqtisadi rayonlarında və Bakı şəhərində daha yüksək olmuşdur. Lənkəran iqtisadi rayonu üzrə Lerik rayonunda hər 1000 nəfərə 16 müraciət düşür. Bu cəhətdən ən aşağı göstərici Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarına aiddir.

Ümumiyyətlə, elə şəhər və rayonlar vardır ki, 2009-cu illə müqayisədə 2010-cu ildə, hətta son 3 ildə mütəmadi olaraq müraciətlərin sayında artım müşahidə edilir. Eyni zamanda, əvvəlki ilə nisbətən müraciətlərin ümumi sayının azaldığı rayonlar da vardır. Bunlar Bakı şəhərinin Xətai, Nəsimi, Nizami, Səbail, Yasamal rayonları, Sumqayıt, Naftalan, Ağstafa, Göyçay, Xızı, Xocalı, İsmayıllı, Quba şəhər və rayonlarıdır.

Müraciətlərin mövzular üzrə təhlili göstərir ki, 2009-cu ilə nisbətən bir sıra mövzular üzrə daxil olan müraciətlərin sayı, o cümlədən ekologiya və təbii sərvətlər, torpaq, kənd təsərrüfatı, enerji və su təchizatı, mənzil, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, iqtisadiyyat, maliyyə və bank, nəqliyyat, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar müraciətlərin sayı azalmışdır. Təəssüf ki, ayrı-ayrı mövzular üzrə, o cümlədən hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti, sosial müdafiə məsələləri, bəzi şəhər və rayon icra hakimiyyətləri aparatlarının və nümayəndəliklərinin fəaliyyəti, elm və təhsil məsələləri, çoxmərtəbəli binaların tikintisi barədə daxil olan müraciətlərin sayı əvvəlki ilə nisbətən artmışdır. Hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair müraciətlərin 35 faizi məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti, 19,2 faizi polis, 14 faizi prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədardır.

Ümumiyyətlə, müraciətlərin daha konkret təhlili göstərir ki, hansı sahədə, hansı dövlət orqanında, hansı şəhər və rayon icra hakimiyyətində vətəndaşların qaldırdıqları məsələlərin həllinə diqqətlə yanaşılırsa, bu, özünü müraciətlərin sayında, məzmununda da göstərir və həmin mövzularda müraciətlər azalır. Buna görə də hər bir dövlət qurumunda müraciətlərə baxılmasına diqqətin artırılması vacib məsələlərdən biridir.

 

Müraciətlərin təhlili problemlərin həllinə yol açır

 

Hər il olduğu kimi, 2010-cu ildə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlər diqqətlə öyrənilmiş, onlarda qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülmüş, eyni zamanda müraciətlərin yaranma səbəbləri, onlara respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında baxılması vəziyyəti müntəzəm araşdırılmışdır.

Son illərdə ölkə rəhbərinin tələblərinə uyğun olaraq Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən respublikanın ayrı-ayrı bölgələrində keçirilən zona seminar-müşavirələri, müxtəlif aktual mövzular üzrə aparılan təhlillər, müraciətlərin yaranma səbəbləri və onların aradan qaldırılması haqqında müvafiq dövlət strukturlarına göndərilən sorğular, tövsiyə məktubları və görülən digər tədbirlər nəticəsində respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə diqqət artmışdır.

Prezident Administrasiyasına daxil olan müraciətlər hər bir mövzu, region, sahə, növ üzrə ətraflı öyrənilir, nəticələri barədə vaxtaşırı məlumatlar hazırlanır və müvafiq tədbirlər görülür. Müraciətlərin müəlliflərinin sosial tərkibi və kateqoriyaları müəyyən edilərkən daha çox pensiyaçıların və evdar qadınların, məcburi köçkünlərin, əmək və xəstəlik üzrə əlillərin müraciət etdiyi məlum olur. Ötən il 100-dən artıq mövzu üzrə apardığımız təhlillər müraciətlərin mahiyyətini daha yaxşı öyrənməyə, əlaqədar təşkilatlar qarşısında zəruri məsələləri qaldırmağa imkan vermişdir.

Son illər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının kollegiya və şura iclaslarında, müşavirələrdə bu məsələlər daha intensiv və daha ətraflı müzakirə olunur, vətəndaşların müraciətlərinə diqqətin artırılmasına kömək edən qərarlar qəbul edilir. Burada əsas diqqət irəli sürülən problemlərin öyrənilməsinə, onların həlli yollarının müəyyən edilməsinə, bu sahədə yol verilən nöqsanların aradan qaldırılmasına yönəldilir.

Keçən il mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması məsələləri kollegiya və şura iclaslarında müvafiq olaraq 488 və 575 dəfə müzakirə edilmiş, müxtəlif vəzifəli 1500-dək şəxs barəsində intizam tənbehi tədbiri görülmüşdür.

Respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması işində yol verdikləri nöqsanlara görə keçən il 1329 nəfər barəsində intizam tənbehi tədbirləri görülmüş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində 44 nəfər işdən azad edilmiş, 114 nəfərə töhmət verilmişdir. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində isə 2 nəfər işdən azad edilmiş, 23 nəfərə töhmət verilmişdir.

Respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında müsbət həll olunan müraciətlərin ümumi saya nisbəti əvvəlki illə müqayisədə 1,2 faiz artmış, əsassız hesab edilən müraciətlərin nisbəti isə 3 faiz azalmışdır. Daxil olmuş müraciətlərin ümumən 39,6 faizi müsbət həll olunmuş, 12,2 faizi əsassız sayılmış, bir qismində qaldırılan məsələlərin həlli isə növbəti illərdə nəzərdə tutulmuşdur.

Respublika üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin 75,4 faizi mərkəzi icra hakimiyyəti orqanlarının, 24,6 faizi isə yerli icra hakimiyyəti orqanlarının payına düşür. Müraciətlərin 67,8 faizi ərizələrdən, 31,7 faizi şikayətlərdən, 0,5 faizi isə təkliflərdən ibarət olmuşdur.

Araşdırmalar göstərir ki, müraciətlər o yerdə azalır ki, burada müntəzəm təhlillər aparılır, müraciətlərin mövzuları, hansı kənd və qəsəbədən daha çox daxil olduğu, daha çox kimlərin müraciət etdiyi hərtərəfli öyrənilir və lazımi tədbirlər görülür. Təbiidir ki, təhlillərin aparılması zamanı real vəziyyətin olduğu kimi əks etdirilməsi daha obyektiv və əsaslı qərarlar qəbul edilməsinə imkan yaradır. Təəssüf ki, bəzi şəhər və rayon icra hakimiyyətlərində bu sahədə qeyri-obyektivliyə yol verilir, məlumatlar ziddiyyətli olur.

Müraciətlərin daha çox kimə və hara ünvanlandığı öyrənilərkən məlum olur ki, bəzi şəhər və rayonların sakinləri yerli icra hakimiyyəti orqanlarından daha çox Prezident Administrasiyasına və digər dövlət hakimiyyəti orqanlarına müraciət etməyə üstünlük verirlər. Təbiidir ki, bu müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olduğuna görə çoxu baxılmaq üçün onlara göndərilir. Belə şəhər və rayonlardan Bakı şəhəri və onun Binəqədi rayonunu, Ağdam, Gədəbəy, Kəlbəcər, Masallı, Sabirabad və Yardımlı rayonlarını göstərmək olar.

Eyni vəziyyət bəzi mərkəzi icra hakimiyyəti orqanlarında, o cümlədən Mərkəzi Bank, "Azərsu" ASC, Dövlət Sığorta Şirkəti və Diasporla İş üzrə Dövlət Komitəsində müşahidə olunur.

Müraciətlərin daha çox daxil olduğu ayrı-ayrı şəhər və rayonlarda onların müxtəlif parametrlər üzrə təhlili lazımınca təşkil edilmədiyindən, təkrar və çoxsaylı müraciətlərin kimlər tərəfindən yazıldığı və səbəbləri müəyyən olunmadığından yaranmış problemlər vaxtında aradan qaldırılmır. Bu da bəzi kənd və ya qəsəbələrdən olan müraciətlərin sayını artırır. Elə kənd və qəsəbələr var ki, onlardan daxil olan müraciətlər rayonun digər qəsəbə və kəndlərindən yazılmış müraciətlərdən daha çoxdur. Buna misal olaraq Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov, Yardımlı rayonunun Yardımlı qəsəbələrini, Gədəbəy rayonunun Söyüdlü, Maarif, Düzyurd və Dəyirmandağ, Biləsuvar rayonunun Xırmandalı, Aşağı Cürəli, Qazax rayonunun Çaylı, Xanlıqlar, İkinci Şıxlı, Balakən rayonunun Katex, Qullar, Hənifə, Lənkəran rayonunun Xolimli, Aşağı Nüvədi, Mamusta kəndlərini qeyd etmək olar.

Bunlar göstərir ki, həmin şəhər və rayonların icra hakimiyyəti başçıları, yerli nümayəndələri, rayon idarə, müəssisə və təşkilatlarının rəhbərləri kənd və qəsəbələrdə ortaya çıxan problemləri vaxtında həll etməli, müraciətləri doğuran nöqsanları aydınlaşdırmalı və müvafiq tədbirlər görməlidirlər.

Qeyd etmək lazımdır ki, bəzi rayonlarda tamam başqa mənzərə müşahidə edilir. Məsələn, Ağsu, Goranboy, Quba, Samux və bəzi başqa rayonların kənd və qəsəbələrinin yarıdan çoxundan Prezident Administrasiyasına heç bir müraciət daxil olmamışdır.

 

Ərizələr və təkliflər xeyirxah yanaşma və diqqət tələb edir

 

Ölkə Prezidentinin elə bir görüşü, elə bir çıxışı yoxdur ki, vətəndaşları narahat edən və düşündürən məsələlərə toxunmasın. İqtisadiyyatda əldə olunan yüksəlişin insanların rifahına yönəldilməsini əsas prinsiplərdən biri hesab edən dövlətimizin başçısı bu il yanvarın 14-də respublika Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycanda sosial ədalət prinsipinin həmişə yüksək səviyyədə tətbiq edildiyini, 2010-cu ildə nəzərdə tutulmuş bütün sosial proqramların icra olunduğunu, əhalinin daha aztəminatlı hissəsinin dövlət qayğısı ilə əhatə edildiyini, 550 min nəfərin dövlətdən sosial yardım aldığını, bu siyasətin bundan sonra da davam etdiriləcəyini vurğulayaraq bəzi insanların hələ ehtiyac içində olduğunu da qeyd etmiş və bir daha dövlətin humanist məqsədlərini açıqlamışdır: "Baxmayaraq ki, yoxsulluğun səviyyəsi aşağı düşür, ancaq biz elə etməliyik ki, çətinlik çəkənlər üçün də dövlət öz qayğısını əsirgəməsin".

Ərizələrdə toxunulan məsələlərin mövzularına nəzər saldıqda, vətəndaşların əsasən məişət və kommunal problemlərinin həlli, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, habelə mənzil şəraitini yaxşılaşdırmaq üçün güzəştli kreditlərin verilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması və sair məsələlər barədə xahiş etdiklərini görürük.

Bir çox ərizələrdə kənd və qəsəbədaxili yolların təmir olunması, yaşayış məntəqələrinin qazla təchiz edilməsi, elektrik xətlərinin yenilənməsi, su və istilik təchizatının, kanalizasiya sisteminin yaxşılaşdırılması xahiş olunur ki, bu məsələlərin də bir çoxunun həlli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda və digər proqramlarda öz əksini tapmışdır.

Bir çox məsələlərə, o cümlədən səhiyyə məsələlərinə dair ərizələrin təhlili göstərir ki, bu mövzuda müraciətlər, xüsusilə dializ xəstələrinin müraciətləri kəskin surətdə azalmışdır. Bu da həmin müraciətlərin yaranma səbəblərinin aradan qaldırılması ilə bağlıdır. Respublikanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və köməyi ilə Bakı şəhərində və respublikanın rayonlarında yaradılmış dializ mərkəzləri bu işdə əsas rol oynamışdır. 2009-cu ildə dializlə bağlı 132 müraciət daxil olmuşdusa, keçən il cəmi 32 nəfər müraciət etmişdir ki, onlara da lazımi yardım göstərilmişdir. İndi 1500 nəfərdən artıq dializ xəstəsi pulsuz seanslar qəbul edə bilir.

Bəzi ərizələrdə qaldırılan məsələlər Prezident Administrasiyasında baxıldıqdan sonra operativ həll edilmişdir. Prezident Administrasiyasına müraciətlərindən sonra problemləri həll olunduğuna görə Bakı şəhərinin Binəqədi, Xəzər, Sabunçu, Səbail, Suraxanı rayonlarının, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şirvan, Abşeron, Ağdam, Ağdaş, Bərdə, Cəlilabad, Daşkəsən, Gədəbəy, Goranboy, Xaçmaz, Kürdəmir, Laçın, Masallı, Şəmkir, Tovuz, Zərdab, həmçinin digər şəhər və rayonların sakinlərindən razılıq məktubları daxil olmuşdur. Prezident Administrasiyasından baxılmaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilmiş ərizələrə ümumi diqqət və qayğı artmışdır.

Hər il olduğu kimi, 2010-cu ildə də vətəndaşlar ərizə və şikayətlərlə yanaşı, ümumi problemlərdən bəhs edən, ölkənin ictimai-siyasi inkişafının sürətlənməsinə xidmət edən, təkcə özlərini deyil, bütün ictimaiyyəti düşündürən məsələlər barədə öz təklif və arzularını da bildirmişlər. Vətəndaşların təkliflərinə diqqətlə baxılmış və öyrənilmişdir.

 

Şikayətlərin mənbəyi bürokratiya və laqeydlikdir

 

Vətəndaşların ərizələri onların gündəlik qayğılarının həlli, düşdükləri müəyyən çətinliklərin aradan qaldırılması üçün əlaqədar təşkilatlara etdikləri xahişlərdən ibarətdirsə, hər hansı dövlət orqanına, o cümlədən Prezident Administrasiyasına göndərdikləri şikayətlər isə bilavasitə hüquqlarının pozulmasından, qarşılaşdıqları süründürməçilik, bürokratiya və laqeydlik hallarından narazılıqlarının ifadəsidir.

Prezident kimi fəaliyyətə başladığı gündən xalqla birliyindən güc alan ölkə rəhbəri vətəndaşların problemlərinə daim diqqətlə yanaşır, onların normal yaşamasına, işləməsinə mane olan cəhətlərin də olduğunu qeyd edir, bütün sahələrdə icra intizamının daha da yüksəldilməsini, ölkə iqtisadiyyatının hərtərəfli və sürətli inkişafına, sahibkarlığın genişlənməsinə mane olan bürokratik əngəllərin aradan qaldırılmasını, ölkənin maddi sərvətlərindən səmərəli istifadə olunmasını ən ciddi tələb kimi qarşıya qoyur. Ölkə Prezidenti valyuta ehtiyatlarımızın gündən-günə artmasını göstərməklə yanaşı bildirir: "Ancaq bu o demək deyil ki, ölkədə hər şey yaxşıdır, əlbəttə ki yox. Biz çalışmalıyıq, xüsusilə 2011-ci ildə bu sahəyə daha da çox diqqət verməliyik. Harada qüsurlar, çatışmayan cəhətlər varsa, onları aradan qaldırmalıyıq. Harada ki bizdə görülən işlər hələ beynəlxalq standartlara, Avropa standartlarına cavab vermir, onları beynəlxalq standartlara, Avropa standartlarına yaxınlaşdırmalıyıq".

Şikayətlərin olması nöqsanların olması deməkdir. Vətəndaş nə üçün şikayət edir? Ya onun haqlı tələbi müraciət etdiyi təşkilatın rəhbəri, cavabdeh işçisi tərəfindən yerinə yetirilmir, ya da onun tələbinin əsassız olması, yaxud yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə lazımınca izahat verilmir və öz müraciətinə aydın, dolğun cavab ala bilmir.

Bəzi hallarda ən xırda məsələ barəsində mənzil-istismar sahəsinə, icra nümayəndəsinə edilmiş müraciətlə əlaqədar operativ tədbir görülməməsi vətəndaşı daha yuxarı dövlət orqanına, hətta Prezident Administrasiyasına müraciət etməyə vadar edir.

Şikayətlərin olmaması üçün ilk növbədə onların yaranma səbəbləri aradan qaldırılmalı, cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi təmin edilməli, hər bir dövlət orqanı, hər bir dövlət məmuru öz vəzifə borcunu vicdanla, qərəzsiz, təmənnasız, bir sözlə, dövlət qulluğu haqqında mövcud qanunların tələb etdiyi qaydada yerinə yetirməlidir.

Bəzi şəhər və rayonlardan Prezident Administrasiyasına daxil olan şikayətlərin artmasında tələbinin əsassız olması barədə dəfələrlə cavab almasına baxmayaraq yenə yazmaqda davam edən ayrı-ayrı şəxslərin də "rolu" böyükdür. Suraxanıdan Azadə Ələsgərova, Sabunçudan Vüqar Əhmədov, Nərimanovdan Rafiq Sultanzadə, Yasamaldan Yaqub Muradzadə, Xətaidən Elman Heydərov, Gəncədən Failə İbrahimova, Kürdəmirdən Səltənət İsmayılova, Cəlilabaddan Surə Ağayeva, Qubadlıdan Bəkir Bayramov, Mingəçevirdən Yaşar Rəsulov, Zərdabdan Məlik Teymurov və başqaları belə mütəmadi yazan müəlliflərdəndir.

Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı ildən-ilə azalsa da, hələ kifayət qədər çoxdur. Onların təhlili göstərir ki, bəzi rayonlarda əvvəlki illərdə bildirilmiş iradlardan nəticə çıxararaq müraciətlərin, xüsusilə şikayətlərin azalmasına nail olmuşlar. Lakin elə rayonlar da var ki, həmin rayonlardan daxil olan şikayətlərin sayı ilbəil artır.

Şikayətlərin faizinin əvvəlki 2009-cu ilə nisbətən artdığı bir çox şəhər və rayonlar da mövcuddur. Əvvəlki ilə nisbətən şikayətlərin artımı Bakı şəhəri və onun Binəqədi rayonunda, Şəki, Yevlax, Ağdam, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Füzuli, Gədəbəy, İmişli, Kəlbəcər, Qazax, Lerik, Saatlı, Sabirabad, Siyəzən və Yardımlı rayonlarında müşahidə olunmuşdur.

Şikayətlərin sayı Bakı şəhərinin Xətai, Nəsimi, Nizami, Səbail, Yasamal rayonlarında, Gəncə, Sumqayıt, Ağstafa, İsmayıllı, Quba, Ucar şəhər və rayonlarında azalmışdır.

Şəki, Samux, Şamaxı şəhər və rayonlarından daxil olan şikayətlərin təhlili göstərir ki, burada şikayətlərin çox hissəsi məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlıdır. Şəki şəhərindən digər mövzularda da şikayətlərin çox olduğu nəzərə çarpır.

Ümumiyyətlə, hüquq-mühafizə, məhkəmə orqanlarının işindəki çatışmazlıqlar, süründürməçilik hallarına yol verilməsi, polis orqanlarında istintaqın qeyri-obyektiv aparılması, istintaq işlərinə əsassız xitam verilməsi, vəzifədən sui-istifadə edilməsi və s. barədə şikayətlər bütövlükdə respublika üzrə çoxluq təşkil edir.

Sosial müdafiə məsələlərinə dair şikayətlərin sayı da az deyildir. Burada əsasən vətəndaşlar əmək hüquqlarının pozulmasından, bəzi hallarda əsassız işdən çıxarılmalarından, əlillik dərəcələrinin, ünvanlı sosial yardımların təyin edilməsində süründürməçiliyə yol verilməsindən narazılıq bildirirlər.

Vətəndaşları narahat edən məsələlərdən biri də bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə qarşılaşdıqları bürokratik əngəllər, onların gündəlik sosial-iqtisadi və məişət xarakterli tələblərinə laqeyd yanaşılması, ərizə və şikayətlərinə vaxtında cavab verilməməsi, sahibkarlıq fəaliyyətinə maneçiliklər törədilməsi, vəzifəli şəxslərin qəbuluna düşə bilməməsidir.

Elektrik enerjisi, qaz, yanacaq və su təchizatı məsələlərinə dair şikayətlərdə isə əsasən sayğacların quraşdırılması, texniki şərtlərin alınması və sair ilə bağlı problemlərin vaxtında həll edilməməsindən, əsassız borc və cərimələrin yazılmasından və digər məsələlərdən bəhs edilir. Xüsusilə yeni tikilən çoxmərtəbəli yaşayış binalarında mənzil almış vətəndaşlar uzun illər binaların qazla təchiz edilməməsinin onlar üçün həm maddi, həm də digər problemlər yaratdığını göstərir, bu məsələlərin həllinin sürətləndirilməsini xahiş edirlər.

Son 5 ildə ölkə Prezidentinin tövsiyəsi ilə dövlət tərəfindən sahibkarlığın inkişafına, o cümlədən yeni istehsal sahələrinin və müəssisələrinin yaradılmasına 500 milyon manatdan artıq, 2010-cu ildə də sahibkarlığın inkişafına 80 milyon manat, fermer təsərrüfatlarının inkişafına isə 120 milyon manatdan çox vəsait ayrıldığına, sahibkarlığın xeyli inkişaf etdiyinə baxmayaraq, sahibkarlardan və fermerlərdən şikayətlər daxil olur. Onların Prezident Administrasiyasına daxil olan şikayətlərinin bir qismi sahibkarlığın inkişafına törədilən əngəllər, onların fəaliyyətinə əsassız müdaxilələr barəsindədir.

Sahibkarlar əsasən hüquq-mühafizə, vergi, gömrük, bəzi yerli icra hakimiyyəti orqanlarının və digər çoxsaylı yoxlayıcı qurumların müdaxilələrindən narazılıq bildirirlər. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar isə yetişdirdikləri məhsulun satılmasında törədilən maneələrdən, emal müəssisələri ilə bağlanmış müqavilələrə əməl olunmamasından şikayət edirlər. Bu məsələlərə dair müraciətlər Bakı şəhəri və onun bəzi rayonlarından, Mingəçevir, Sumqayıt, Şəki, Goranboy, İmişli, Qobustan, Oğuz, Saatlı, Salyan, Tərtər şəhər və rayonlarından daha çox daxil olmuşdur.

Bu məsələlər ölkə Prezidentinin tapşırığı əsasında 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının geniş iclasında çox ciddi müzakirə olunmuş, bu sahədə nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə qəti tapşırıqlar verilmişdir.

Həmin iclasda deyildiyi kimi, belə neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahələrdə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Xüsusi olaraq bildirilmişdir ki, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı, hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli hesabat və nəzarət sistemi yaradılmalıdır.

Ölkədə ictimai nəzarətin daha da gücləndirilməsini, rüşvətxorluğa, korrupsiyaya qarşı daha ciddi mübarizə aparılmasını bir vəzifə kimi qarşıya qoyan dövlət başçısı 2011-ci il fevralın 9-da qərb bölgəsinə səfəri zamanı bu məsələlərlə bağlı ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqların yerinə yetirilməyə başlandığını qeyd edərək bir daha xalqa açıq müraciət etmiş və demişdir: "Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".

Təbiidir ki, dövlət başçısının bu qəti tələbi bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda vətəndaşlardan daxil olan müraciətlərə, xüsusilə şikayətlərə daha diqqətlə yanaşılmasına, bu sahədə yol verilən bürokratiya və laqeydlik hallarına son qoyulmasına ciddi təsir göstərəcəkdir.

 

Əsassız müraciətlərə də əsaslı cavab verilməsi nəzarətin düzgün təşkili deməkdir

 

Vətəndaşların müraciətlərinə baxılması səviyyəsini yüksəltməkdə, bu işdə obyektivliyin, qanunun tələblərinə riayət olunmasının təmin edilməsində nəzarət işinin böyük rolu vardır. O yerdə ki müraciət daxil olan andan onun icrası başa çatanadək vətəndaşın problemi nəzarətdə saxlanır, orada narazılıq yaranmır və təkrar müraciətlərə ehtiyac olmur.

Bəzən vətəndaşlar öz müraciətlərində onlara biganə münasibətdən şikayətlənirlər. Bu da bəzi idarə, müəssisə və təşkilatlarda müraciətlərin mahiyyətinə varmadan onlara şablon və basmaqəlib cavablar verilməsindən irəli gəlir.

2010-cu ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin çoxu nəzarətə götürülmüş və onlar barəsində alınmış cavablar ətraflı təhlil edilmişdir. Nəzarət qaydasında baxılmaq üçün göndərilmiş müraciətlərə alınmış cavablar göstərir ki, bu müraciətlərin böyük əksəriyyəti müsbət həll olunur, bunların icrası üçün müvafiq tapşırıq verilir, bəzilərinin həlli isə gələcəkdə mümkündür, yaxud regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınmışdır.

Müraciətlərin təqribən 20 faizindən çoxunda qaldırılmış məsələlərin həllinin imkan və səlahiyyət xaricində olduğu bildirilmiş, digər vətəndaşlara isə müvafiq izahatlar verilmişdir. Məhz Prezident Administrasiyasında nəzarətlə baxılmış müraciətlər nəticəsində bir çox məsul şəxslər barəsində müvafiq intizam tənbehi tədbirləri tətbiq edilmiş, bir sıra cinayət işlərinin istintaqı bərpa olunmuş, digərlərinin isə məhkəmə icraatında olduğu nəzərə alınmışdır.

Bütövlükdə respublika üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına daxil olmuş müraciətlərin 14,1 faizinə nəzarətlə baxılmışdır ki, bu da əvvəlki ilə nisbətən 1,3 faiz çoxdur. Nəzarətlə baxılmış müraciətlərin artması müsbət həll olunan müraciətlərin də sayına təsir etmişdir.

2010-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarında nəzarətlə baxılan müraciətlərin 33,8 faizi müsbət həll olunmuş, 26,5 faizi əsassız sayılmışdır. Yerli icra hakimiyyəti orqanlarında isə bu göstərici 45,8 və 9,6 faiz olmuşdur.

Müraciətlərə baxılması işinin təşkilində ən vacib məsələ odur ki, vətəndaşın heç bir müraciəti cavabsız qalmasın, onun tələbinin qanuna nə dərəcədə uyğun olması, yerinə yetirilməsinin mümkün olub-olmaması və səbəbləri əsaslı şəkildə izah edilsin.

Şübhə yoxdur ki, nəzarət işinə diqqət bundan sonra da artırılacaq, bu işin səmərəsini yüksəltmək üçün təsirli tədbirlər görüləcək, formalizm və görüntü təzahürləri aradan qaldırılacaq, son nəticədə cəmiyyətin həyatında şəffaflıq daha da gücləndiriləcəkdir.

Vətəndaşların problemlərinin həllində, onların yuxarı orqanlara, o cümlədən Prezident Administrasiyasına müraciətlərinin azalmasında yerlərdə qəbulun düzgün təşkili, müraciət etdikləri məsələlər barəsində vətəndaşlara lazımi izahat verilməsi, haqlı tələblərinin qanun və imkan çərçivəsində həll edilməsi böyük rol oynayır. Çox təəssüf ki, hələ də bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulunda müəyyən nöqsanlara yol verilir. Bunu Prezident Administrasiyasına daxil olan yazılı və şifahi müraciətlər də təsdiq edir.

Təsadüfi deyildir ki, daxil olan müraciətlərin böyük bir qismində vətəndaşlar ölkə Prezidentinin, onun Administrasiyası rəhbərinin, struktur bölmələri rəhbərlərinin qəbulunda olmaq barədə müraciət edirlər. Qəbulla əlaqədar yazılmış müraciətlərin təhlili göstərir ki, adətən belə müraciətləri mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin qəbuluna düşə bilməyən vətəndaşlar yazırlar. Qəbulla əlaqədar Prezident Administrasiyasına keçən il Bakı, Lənkəran, Sumqayıt, Şəki, Ağcabədi, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, Hacıqabul, Qubadlı, Zəngilan şəhər və rayonlarından daha çox müraciət daxil olmuşdur.

Prezident Administrasiyasının Vətəndaşların qəbulu otağına 2010-cu ildə müraciət edən vətəndaşların sayı az olmamışdır. Bunların bir qismi kollektiv, yəni qrup halında müraciət etmişdir. Yazılı müraciətlərdə olduğu kimi, şifahi müraciətlərdə də hüquq-mühafizə orqanlarının, şəhər və rayon icra hakimiyyətlərinin, onların aparatlarının və icra nümayəndələrinin fəaliyyəti, Bakı şəhərindəki çoxmərtəbəli binaların tikintisi ilə əlaqədar daha çox müraciət olmuşdur.

Keçən il respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında 96513, yerli icra hakimiyyətləri aparatlarında 193547 nəfər, o cümlədən icra başçıları tərəfindən 89987 nəfər vətəndaş qəbul edilmişdir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda vətəndaşların qəbulu cədvəlləri tərtib edilərkən müəyyən nöqsanlara yol verilir, qəbul saatları məhdudlaşdırılır, həftənin bəzi iş günləri, həmçinin şənbə günləri qəbul aparılmır, bayram günlərinə düşən qəbulların vaxtı dəyişdirilmir, əlaqə telefonları göstərilmir və s. Bunlardan Səhiyyə, Xarici İşlər nazirliklərini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Milli Arxiv İdarəsini, "Azərsu" ASC-ni, Yevlax, Astara, Binəqədi, Cəbrayıl, Xocalı, Xocavənd, Masallı, Neftçala, Sabirabad, Salyan, Şabran, Ucar, Zaqatala şəhər və rayonlarını göstərmək olar.

Vətəndaşların qəbulunun düzgün təşkili, onların müəyyən olunmuş qrafik əsasında qəbul edilməsi, qəbulların rəhbər vəzifəli şəxslər əvəzinə başqası tərəfindən aparılmasına yol verilməməsi, qəbul zamanı vətəndaşın əsaslı probleminin həll edilməsi, boş vədlər verilməməsi, onlara qarşı biganəlik hallarının aradan qaldırılması hər bir dövlət orqanının, hər bir idarə, müəssisə və təşkilat rəhbərinin əsas vəzifələridir. Yalnız bu halda vətəndaş öz probleminin həllinə nail ola bilər və müraciət etdiyi dövlət orqanının fəaliyyətindən razı qalar.

 

Sənədlərlə işin müasir tələbləri

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin həll edilməsində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəsinin artırılmasında sənədlərlə işin düzgün təşkili, müasir texniki imkanlar hesabına yenidən qurulması, sənədlərin qorunması və onların vaxtında Dövlət Arxivinə təhvil verilməsi vacib məsələlərdən biri olaraq qalır.

Hazırda sənədləşmə işində, o cümlədən vətəndaş müraciətləri ilə işdə elektron kargüzarlıq sistemi proqramlarından geniş istifadə olunur.

Bu sahədə vəziyyətin öyrənilməsi göstərir ki, mərkəzi icra hakimiyyəti orqanlarında informasiya texnologiyalarından istifadə ildən-ilə genişlənməkdədir. Vətəndaşların elektron poçt vasitəsilə müraciəti üçün dövlət orqanlarının bir çoxunun veb saytında hərtərəfli şərait yaradılmışdır. Həmçinin operativ müraciət üçün fəaliyyət göstərən telefon məlumat mərkəzlərinin imkanlarından geniş istifadə edilir. Misal üçün, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərini, Dövlət Statistika Komitəsini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını, Dövlət Sosial Müdafiə Fondunu göstərmək olar.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sənədləşmə işində də ən yeni texnologiyaların tətbiq edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, sənədlərin kağız dövriyyəsinin elektron dövriyyəsi ilə əvəz olunması, vətəndaşların dövlət orqanları ilə əlaqələrinin elektron rabitə vasitələri ilə həyata keçirilməsi, daha sürətli informasiya sisteminin yaradılması məqsədilə ardıcıl və davamlı iş aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "İnformasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir".

Prezident Administrasiyasına vaxtaşırı daxil olan müraciətlərin təhlili göstərir ki, vətəndaşlar problemlərinin həlli üçün görülməli işlər, o cümlədən mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının bu məsələlərlə əlaqədar vəzifə səlahiyyətləri, yaxud onların işini tənzimləyən qayda və təlimatlar barədə sorğu verirlər. Bir çox mərkəzi və yerli icra hakimiyyəti orqanlarının internet saytlarının yaradılması və orada lazımi informasiyaların yerləşdirilməsi vətəndaşlara vaxt itirmədən, operativ şəkildə informasiya əldə etmək imkanı yaradır, süründürməçiliyə yol verən prosedurların aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına kömək edir.

İlkin araşdırmalar göstərir ki, bəzi qurumların, idarə, müəssisə və təşkilatların internet saytlarının müntəzəm surətdə yeniləşdirilməməsi, yaxud heç yaradılmaması vətəndaşları bu imkandan məhrum edir. Təəssüf ki, bir sıra qurumların internet saytlarında lazımi məlumatları heç də həmişə əldə etmək mümkün deyildir.

Vətəndaşların gündəlik həyatda qarşılaşdıqları bürokratik əngəllərin aradan qaldırılmasının əsas yolu bilavasitə "elektron hökumət"in reallaşdırılması, sənəd dövriyyəsinin elektron təminatıdır. Bu gün vətəndaş özünə lazım olan informasiyanı hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanının internet saytında, yaxud portalında axtarıb tapmaq imkanına malik olmalı və hər hansı bir arayış formasını, blank nümunəsini, yaxud digər sənədi almaq üçün idarə və təşkilatlara ayaq döyməməlidir.

"Elektron Azərbaycan" proqramının reallaşması vətəndaşlara imkan verəcəkdir ki, heç bir idarənin, heç bir məmurun qapısını açmadan istədiyi dövlət orqanına birbaşa müraciət etsin, eyni zamanda müraciətinə qısa vaxtda cavab alsın.

Elektron sənəd dövriyyəsindən danışarkən elektron arxivlərin yaradılmasının çox vacib məsələ olduğunu qeyd etmək lazımdır. Son illər respublikada arxiv işinə diqqətin artırılması nəticəsində sənədlərin dövlət arxivlərinə təhvil verilməsi yaxşılaşsa da, bəzi idarə və müəssisələrin, o cümlədən özəlləşdirilmiş müəssisələrin sənədlərinin lazımınca qorunub saxlanmaması vətəndaşlar üçün problemlər yaradır.

Azərbaycan xalqının tarixinin ilkin mənbələr əsasında öyrənilib yazılmasında, idarə və müəssisələrin sənədlərinin qorunub saxlanmasında, habelə vətəndaşların müvafiq sənədləri əldə etməsində arxiv fondunun formalaşdırılması böyük əhəmiyyətə malikdir. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyaları fəaliyyət göstərir, onlar bu işin təşkili üçün məsuliyyət daşıyırlar. Hər il şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarından alınmış məlumatlar göstərir ki, son illərdə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən bu sahədə aparılmış işlər öz səmərəsini vermiş, sənədlərin Dövlət Arxivinə təhvil verilməsi və mühafizəsi yaxşılaşmışdır. Artıq 2004-2005-ci illərə aid sənədlər əksər şəhər və rayon icra hakimiyyətləri tərəfindən Dövlət Arxivinə təhvil verilmişdir. Bu işin daha yaxşı təşkil olunduğu rayonlar sırasında Bakı şəhərinin Qaradağ və Nizami rayonlarını, Lənkəran, Şəki, Yevlax, Biləsuvar, Cəlilabad, Goranboy, Göygöl, Qəbələ, Qusar, Laçın, Lerik, Samux şəhər və rayonlarını göstərmək olar.

Bununla yanaşı, Bakı şəhəri və onun bəzi rayonlarından, Naftalan, Beyləqan, Xızı, Kəpəz, Qax, Qazax şəhər və rayonlarından təhvil verilmiş sənədlər haqqında məlumatlar tam deyildir.

Əsas nöqsanlardan biri də aparılan idarəetmə islahatları nəticəsində ləğv olunmuş bəzi idarə və müəssisələrin sənədlərinin qorunub saxlanmaması, onların müvafiq arxivlərə təhvil verilməməsidir. Nəticədə Milli Arxiv İdarəsinin mərkəzi və yerli təşkilatlarına daxil olan bir çox müraciətlərdə vətəndaşlar ilk növbədə iş stajı və əməkhaqqı, torpaq və əmlak, vətəndaşlıq vəziyyəti haqqında arayışlar tələb etdikdə, onların bir qisminə müsbət cavab verilməsi mümkün olmur. Buna görə Prezident Administrasiyasına arxiv sənədlərinin əldə edilməsi üçün 2010-cu ildə də bir sıra müraciətlər daxil olmuşdur. Əgər bu gün bütün idarə və təşkilatlarda sənədlərin elektron arxivləri yaradılaraq mərkəzləşdirilmiş qaydada saxlansa, gələcəkdə belə arayışların alınmasında heç bir problem yaranmayacaqdır.

 

Bizi nələr gözləyir - dayanıqlı inkişaf, sosial rifah və güclü ölkə!

 

Ölkə vətəndaşlarının ötənilki qayğılarından, problemlərindən, onları düşündürən və narahat edən məsələlərin həll edilməsi üçün görülən işlərdən müəyyən qədər məlumat verildi.

Azərbaycan artıq yeni - 2011-ci ilə də uğurla başlamış, ilin ilk günlərində də yeni sosial infrastruktur obyektlərinin açılışı davam etmişdir.

Ölkə Prezidentinin xarici ölkələrə uğurlu səfərləri respublikamızın artan beynəlxalq nüfuzunu bir daha təsdiq etmişdir. Bu günlərdə İsveçrədə yekunlaşan Davos Forumu buna konkret misal ola bilər. Dövlətimizin başçısının Davosda keçirdiyi çoxsaylı görüşlər, aparıcı dövlətlərin, dünya iqtisadiyyatında mühüm rol oynayan böyük şirkət və korporasiyaların rəhbərləri ilə apardığı danışıqlar Azərbaycanda iqtisadi innovasiyaların, yeni texnologiyaların daha geniş tətbiq ediləcəyinə, onun ən qabaqcıl ölkələr səviyyəsinə qaldırılacağına böyük inam yaratmışdır. Azərbaycanın qazandığı qələbələri, onun iqtisadi potensialını, burada yaradılan əlverişli investisiya mühitini hamı yüksək qiymətləndirmiş, dünyada Azərbaycana marağın gündən-günə yüksəldiyini təsdiq etmişdir.

Azərbaycan artıq 10 ildir ki, Avropa Şurasının tamhüquqlu üzvüdür. İndi BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, YUNESKO, İSESKO və sair beynəlxalq təşkilatlarda Azərbaycanı demokratik cəmiyyət qurmuş, böyük sürətlə inkişaf edən, güclü iqtisadi potensiala malik bir dövlət kimi tanıyır və qəbul edirlər. Azərbaycan bu təşkilatlarda qazandığı böyük nüfuzdan istifadə edərək ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda mübarizəsini əzmlə davam etdirir, eyni zamanda öz hərbi qüdrətini artırır. Hamı bilir ki, Azərbaycan öz torpaqlarının işğal altında qalmasına yol verməyəcək, nəyin bahasına olursa-olsun azad edəcəkdir.

Ölkə Prezidentinin bütün beynəlxalq forumlarda Azərbaycanın iqtisadi nailiyyətləri haqqında böyük qürurla danışmağa haqqı vardır, çünki ölkədə görülən böyük işlər buna əsas verir.

2011-ci il Azərbaycan üçün həm də tarixi bir ildir. Bu il respublikamız müstəqilliyinin bərpa edilməsinin 20 illiyini təntənə ilə qeyd edəcəkdir. Bu münasibətlə ölkə Prezidenti bu il yanvarın 21-də sərəncam imzalamış və geniş tədbirlər planını təsdiq etmişdir. Sərəncamda qeyd edildiyi kimi, bu illər ərzində ölkəmiz keçid dövrünü uğurla başa vuraraq özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən etmiş, dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək özünü islahatçı ölkə kimi tanıtmış, qeyri-neft sektorunun, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Sərəncamda deyildiyi kimi: "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. ...Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir".

Sözsüz ki, bu gün həyata keçirilən böyük iqtisadi və sosial infrastruktur layihələri ölkəmizin bundan sonra da uzun müddət, onilliklər ərzində uğurlu inkişafına xidmət edəcəkdir. Bu barədə dövlətimizin başçısı deyir: "Çox yaxşı bilirik ki, bizi nələr gözləyir. Bizim gələcəyimizin təməli bax, bu illərdə qurulur. Bu gün görülən işlər, iqtisadiyyata qoyulan investisiyalar, neft-qaz, infrastruktur layihələri gələcəyə yönəldilibdir. Azərbaycan xalqının uzunmüddətli, uğurlu, dayanıqlıqlı inkişafının təməli bu günlərdə qoyulubdur. Bu möhkəm təməl üzərində ölkəmiz daha da güclənəcək və qarşımızda duran bütün vəzifələr həllini tapacaqdır".

 

Süleyman İsmayılov,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri

 

Azərbaycan.-2011.- 15 fevral.- S.3,4,5.