Səfir Sabine Ulman Şaban: "Siz bugünkü Azərbaycanla fəxr edə bilərsiniz!"

 

Fevralın 15-də Milli Məclis Sədrinin müavini Bahar Muradova İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulman Şabanı qəbul etdi.

Qonağı səmimi salamlayan vitse-spiker ona gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, İsveçrə təmsilçiləri ilə görüşlər həmişə mütəmadi xarakter daşıyıb, inanır ki, gələcəkdə də bu əməkdaşlıq uğurla davam edəcək. Vitse-spiker belə bir fikri vurğuladı ki, Azərbaycan - İsveçrə münasibətləri dövlətlərarası əməkdaşlığın yüksək nümunəsi kimi göstərilə bilər. Hər iki ölkə prezidentlərinin, parlament sədrlərinin görüşləri və qarşılıqlı səfərləri əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos Forumunda iştirakı zamanı İsveçrə rəhbərliyi ilə apardığı danışıqlar əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı zəmin yaradıb.

Görüşdə Bahar Muradova hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. O, yeni seçilmiş Milli Məclisdə İsveçrə ilə dostluq qrupunun formalaşdığını və özünün bu qrupa rəhbərlik etdiyini qonağın diqqətinə çatdırdı. Qeyd edildi ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Vitse-spiker müstəqil Azərbaycanın yeni parlamenti və onun qarşısında duran vəzifələr barədə səfirə ətraflı məlumat verdi. Qeyd edildi ki, bu il ölkəmiz özünün dövlət müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşır. Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyən parlament sədrinin müavini neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə yönəldiyini vurğuladı. Bildirildi ki, neft gəlirləri sahəsindəki şəffaflığa görə Azərbaycan BMT-nin medalına layiq görülmüş ilk ölkələrdən biridir. Söhbətdə ərzaq təhlükəsizliyi, korrupsiya, beynəlxalq terrorizmə qarşı mübarizə sahələrində parlament qarşısında duran məsələlər barədə də danışıldı.

Görüşdə Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən vitse-spiker Dağlıq Qarabağ münaqişəsinin bu inteqrasiyaya və ümumiyyətlə, bölgənin inkişafına böyük maneçilik törətdiyini söylədi. Bildirildi ki, biz bu məsələdə İsveçrənin obyektiv və ədalətli mövqeyinə inanırıq.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycanda gördüklərindən məmnun olduğunu söylədi. O, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq ənənələrini davam etdirmək və bu sahəyə öz töhfəsini vermək niyyətində olduğunu bildirdi. Qeyd edildi ki, dövlət başçıları arasındakı yüksək səviyyəli əlaqələr münasibətlərimizin böyük gələcəyindən xəbər verir.

Səfir Sabine Ulman Şaban 20 illik müstəqillik dövründə Azərbaycanın çox mühüm nailiyyətlər əldə etdiyini vurğulayaraq: "Siz bugünkü Azərbaycanla fəxr edə bilərsiniz!" - dedi.

Qonaq parlamentlər səviyyəsində əlaqələrimizin daha da dərinləşməsinin əhəmiyyətindən, nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlarda birgə iştirakından söz açdı. Qeyd edildi ki, çoxtərəfli əməkdaşlığın daha da dərinləşməsi ölkələrimizin mənafeyinə xidmət edir.

Səfir neft hasilatı sahəsində Azərbaycanın yüksək nəticələrini ölkənin gələcəyi üçün mühüm amil kimi dəyərləndirdi. Bildirildi ki, ölkələrimiz gələcəkdə birgə layihələrin həyata keçirilməsində uğurla iştirak edə bilər. O, dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin hər cür yardıma hazır olduğunu söylədi.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 2.