Avropa İttifaqı Azərbaycana bərpa olunan enerji resurslarından səmərəli istifadədə kömək edəcəkdir

 

Hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan enerji sahəsində mühüm bir mərhələni yaşayır. Bir müddət əvvəl Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfəri zamanı siyasi məsələlər barədə razılıqlar əldə olunmuşdur. Hazırkı görüş daha çox bu işlərin praktiki həyata keçirilməsini təmin etməklə bağlıdır.

AzərTAc xəbər verir ki, bu fikri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirmişdir. O demişdir: "Burada təkcə "Cənub dəhlizi" deyil, həmçinin bərpa olunan enerji, enerji effektivliyi və enerji resurslarının qorunması məsələləri müzakirə olunacaqdır. 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu bir sıra sahələri əhatə edir. Birincisi, qanunvericilik sahəsinin uyğunlaşdırılması məsələsidir. Aİ ilə enerji münasibətlərini daha da yaxınlaşdırmaq üçün Azərbaycan enerji qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmalıdır. İkincisi, enerji təhlükəsizliyi məsələsidir. Azərbaycan enerji resurslarını Avropaya satmaq istəyir. Aİ inkişaf etməkdə olan bir bazar kimi onları almaq iqtidarındadır. Ona görə də memorandumda birbaşa dəhliz barədə müzakirələrə geniş yer veririk. Üçüncü məsələ isə bərpa olunan enerji resurslarından Azərbaycanın səmərəli istifadə etməsidir. Azərbaycanın günəş, külək enerji sahələrindən istifadədə çox böyük potensialı vardır. Biz Azərbaycana bu istiqamətdə kömək edə bilərik.

 

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 2.