Azərbaycanda DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı proqram təsdiq edilmişdir

 

AzərTAc xəbər verir ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nı təsdiq etmişdir.

Proqramın əlaqələndirici orqanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilmişdir.

Yeni proqramın məqsədi analoq yayımdan rəqəmsal yayıma keçid üçün lazımi şəraitin yaradılmasıdır. 2011-2012-ci illəri əhatə edən birinci mərhələdə ən azı bir açıq paket olmaqla Bakı, Gəncə, Naxçıvan və respublikanın sərhəd bölgələrində rəqəmli televiziya yayımının təşkili nəzərdə tutulur. 2013-cü ili əhatə edəcək ikinci mərhələdə digər güclü radio-televiziya stansiyalarında optimal yayımın tələblərini təmin etməklə iki, üç və daha artıq paketdən ibarət rəqəmli televiziya vericilərinin quraşdırılması nəzərdə tutulur. Birinci mərhələnin sonunda bəzi güclü radio-televiziya yayımı stansiyalarında, ikinci mərhələnin sonunda isə respublikada analoq yayımın tam dayandırılması planlaşdırılır.

Hazırda Azərbaycanda 30-dək dövlət, ictimai, özəl və xarici teleradio şirkəti fəaliyyət göstərir. 2010-cu ilin sonuna olan məlumata görə, respublika əhalisinin televiziya yayımı ilə əhatəsi bir proqramla 99,9 faiz, iki proqramla 99,4 faiz, üç proqramla 96 faiz, dörd proqramla 90 faiz təşkil etmişdir.

 

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 2.