Məqsəd vətənpərvər ruhlu gənclər yetişdirməkdir

 

"Hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqisi isə müəllimlərlə bağlıdır". Bu fikir xalqımızın görkəmli maarifçilər nəslinin böyük nümayəndəsi Nəriman Nərimanova aiddir. Ziyalı adına layiq olan bu müqəddəs peşə adamları özlərinə məxsus nəcib keyfiyyətlərini, zəngin mənəvi aləmini şəxsiyyətlərində, müdrik əməllərində daim təcəssüm etdirirlər. İntellekti, işgüzar mülahizələri, etik normaları gözləyən davranış tərzi, xoş ünsiyyəti ilə diqqəti cəlb edən belə müəllimlərdən biri də Bakının Nizami rayonundakı 129 nömrəli orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İsfəndiyar Əliyevdir. Bu gün qabaqcıl müəllimin 30 illik pedaqoji fəaliyyəti çoxları üçün örnəkdir desək, yanılmarıq.

İsfəndiyar Əliyev 1951-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirdikdən sonra iki il Almaniya Demokratik Respublikasında hərbi xidmət keçib. Sovetlər birliyi dövründə xaricdə hərbi xidmətdə olmaq elə də asan məsələ deyildi. Bu iki illik hərbi xidmət həyatı İ.Əliyevin yaddaşında xüsusi izlər buraxıb. Məhz həmin illərdə o, hərb sənətinin sirlərinə dərindən yiyələnməklə yanaşı, mərdliyin, qəhrəmanlığın nə olduğunu dərk edib. Onda doğma torpağa məhəbbət, xalq üçün fədakarlıq etmək hissləri formalaşıb, sözünü cəsarətlə demək, çətin anlarda özünü itirməmək, qorxu hissinə qalib gəlmək və onlarla bu cür risklərlə qarşılaşıb. Nəticədə hərbi xidmətdən zabit kimi qayıdıb. Bir müddət sovxozda işləyib. Sonra Xarici Dillər Universitetinə daxil olub. Ali təhsilini başa çatdırdıqdan sonra Bakının Nizami rayonundakı 129 nömrəli orta məktəbdə əmək fəaliyyətinə başlayıb. İ.Əliyev 30 ildir ki, bu təhsil ocağında gənclərin çağırışaqədərki hazırlığı rəhbəri kimi çalışır.

İsfəndiyar müəllimlə söhbətimiz uzun sürmədi, amma o, sözünə indi hər kəsi ciddi düşündürən aktual mövzu ilə başladı. Məktəbin və pedaqoji mühitin cəmiyyətdəki roluna münasibətini bildirdi və qeyd etdi ki, bu gün bütov şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən bilavasitə asılıdır. Məqsəd verilən biliyin keyfiyyətini artırmaqla yanaşı, daxili mənəvi mədəniyyətin və insani kamilliyin səviyyəsini də yüksəltməkdir. Müəllim uşaqlara ilk növbədə vətəni sevməyi, torpağa sədaqəti, qanunların aliliyinə hörmət etməyi, təmiz və pak duyğularla yaşamağı öyrətməlidir. Gənclərin hər sözündə, əməlində səmimilik, mənəviyyat probleminə qayğıkeş, həssas münasibət, mübarizlik, quruculuq ehtirası olmalıdır.

İ.Əliyevin tədris etdiyi fənnin, digərlərindən fərqli olaraq, özəllikləri mövcuddur. Vətən məhəbbətinin gənclərdə tərbiyə edilməsi onların cəmiyyətdə, ictimai və mənəvi münasibətlər sistemində tutduqları mövqeyi müəyyən edir. Torpağa sevgi məktəblilərin mənəvi dünyasına daxil olmalı, hər bir şagirdi öz tarixi keçmişini öyrənməyə təhrik etməlidir. Bu baxımdan əsas yük gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən müəllimlərin üzərinə düşür.

İşinə olan yüksək məsuliyyəti, əməksevərliyi ilə seçilən, rayon hərbi komissarlığının tapşırıq və sərəncamlarını layiqincə yerinə yetirən İsfəndiyar müəllim dərsə başladığı ilk gündən gənclərin hərbi vətənpərvərlik, mərdlik və qəhrəmanlıq ruhunda tərbiyəsinə ciddi fikir verir. Onlara Azərbaycanın tarixi keçmişi, qəhrəmanlarının həyat və fəaliyyəti, tanınmış şəxsiyyətləri haqqında nümunələr əsasında geniş məlumatlar verir. Ehtiyatda olan mayor İsfəndiyar Əliyev yetirmələrinə anladır ki, mərdlik insanın mənəvi gücünü və möhkəmliyini ifadə edən davranış əlamətidir, qorxuya nifrətdir. Təcrübəli müəllim onu da qeyd edir ki, insan hara gedirsə-getsin, nə kimi rütbələrə, vəzifələrə qalxırsa- qalxsın, dəxli yoxdur, doğma yurda məhəbbət onun xəyalından bir an belə silinmir. Xüsusilə müharibə şəraitində olan bir ölkədə ordu quruculuğu, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi xidmətə hazırlanması mühüm məsələlərdəndir. Ehtiyatda olan zabit, eyni zamanda təcrübəli müəllim İ.Əliyev ixtisas dərslərində yetirmələrinin Azərbaycan Silahlı Qüvvələri haqqında dolğun şəkildə məlumatlandırılmasına, onların zəruri hərbi nizamnamə qaydalarını mənimsəmələrinə, ordu həyatı ilə tanışlıqlarına, habelə gənclərin fiziki və psixoloji cəhətdən hərbi xidmətə hazırlanmalarına xüsusi diqqət yetirir, onlar arasında ölkənin hərbi məktəblərində təhsil almaq istəyənlərin, yəni namizədlərin seçilməsində güclü proforiyentasiya işi aparır. Hazırda İ.Əliyevin onlarla yetirmələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi bilik və bacarıqlarını nümayiş etdirərək nümunəvi xidmət göstərirlər.

129 nömrəli məktəbdə İ.Əliyevin çalışdığı gənclərin çağırışaqədərki hazırlığı kabineti müasir dövrün tələblərinə tam uyğun şəkildə qurulmuşdur. Bura 2005-ci ildən Nizami və Nərimanov rayonları arasında baza kabineti kimi fəaliyyət göstərir. Hər il əyani tədris vəsaitləri yeniləşir, təkmilləşir, hərb sənətinin sirlərinə dair müxtəlif ədəbiyyatlar əldə edilir, xüsusilə Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunan plakatlar və kitabçalar fənnin tədrisində geniş istifadə olunur. Artıq rayon hərbi rəhbərlərinin seminar-məşğələləri bir qayda olaraq bu baza kabinetdə keçirilir.

Hər zaman daxildən gələn tükənməz enerji ilə pedaqoji fəaliyyətini davam etdirən İsfəndiyar Əliyev bu illər ərzində peşəsinə hədsiz vurğunluğu və işgüzarlığı ilə həmkarlarının dərin hörmətini qazanmışdır. Tədris prosesinə bir sıra yeniliklər gətirmiş, dərslərini daha səmərəli metodlar əsasında quran pedaqoqun bu novatorluğu qısa zamanda onu çoxlarından fərqləndirmişdir: fənnin tədrisini yaradıcı və səmərəli tapıntılarla quran İsfəndiyar müəllim təqdirəlayiq iş təcrübəsinin müəllifinə çevrilmişdir. Onun nümunəvi işi Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həmişə yüksək qiymətləndirilmiş, fəxri fərmanlara layiq görülmüş, ona təşəkkür məktubları ünvanlanmışdır. 2009-cu ildə Bakı Şəhər Təhsil İdarəsi bacarıqlı müəllimi "Pedaqoji sahədə səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə" fəxri fərmanla təltif etmişdir. Ötən il isə Təhsil Nazirliyi tərəfindən tədrisdə mütərəqqi prinsiplərin, yeniliklərin tətbiqinə, yaxşı işinə görə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür.

İsfəndiyar müəllim deyir ki, hər bir müəllim peşəkarlığı ilə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərin zirvəsinə qalxmaqla şagirdlərinin idealına çevrilə bilər. Yalnız bu zaman müəllim-şagird münasibətlərində istənilən keyfiyyət əldə edilər.

Bacarıqlı pedaqoq söhbət əsnasında onu da qeyd etdi ki, bütün orta məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədris edilməsinə baxmayaraq, şagirdlərin bu sahədə hazırlıq səviyyəsi heç də qənaətbəxş deyil. Bunun əsas səbəblərindən biri peşəkar müəllimlərin çatışmamasıdırsa, digər səbəb yeni, təkmilləşdirilmiş dərslik və dərs vəsaitlərinin az olmasıdır. İsfəndiyar Əliyev bu il çapdan çıxacaq yeni "Gənclərin çağırışaqədərki hazırlığı" dərsliyinin və proqramının müəlliflərindən biridir.

Deyirlər ki, hər bir insanın dəyəri onun niyyətindən, arzularından bəlli olur. Məslək, əqidə, mübarizə və əxlaq dərslərində ilk növbədə şagirdlərinə cəsarət və qətiyyət aşılayan İsfəndiyar Əliyevin bu illər ərzində əsas amalı Vətən yükünü, qeyrətini öz çiyinlərində daşıya bilən ləyaqətli gənclər yetişdirməkdir.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 7.