Bakı Dövlət Universitetində internet saytının və "Universitetin dostu" mükafatının təqdimatı olmuşdur

 

Fevralın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin mətbuat və informasiya şöbəsinin internet saytının (press.bsu.edu.az) və "Universitetin dostu" mükafatının təqdimatı olmuşdur.

Tanınmış alimlərin, təhsil işçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilimizin və mətbuatımızın inkişafına daim böyük önəm verdiyini xatırlatmış, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğıdan danışmışdır.

Rektor dövlət başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini vurğulamışdır.

Cəmiyyətin tərəqqisində təhsilin, kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edən akademik A.Məhərrəmov ölkəmizdə mətbuatın azad, demokratik şəraitdə fəaliyyət göstərdiyini söyləmiş, təhsil sahəsində gedən proseslərin də KİV-lər vasitəsilə geniş işıqlandırıldığını diqqətə çatdırmış, jurnalistlərə yeni yaradıcılıq uğurları arzulamışdır.

Rektor eyni zamanda Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu qeyd edərək BDU-da təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Universitetin mətbuat və informasiya şöbəsinin internet saytı barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, saytda BDU-nun fəaliyyəti (universitetin beynəlxalq əlaqələri, təhsil müəssisəsində reallaşdırılan layihələr, aparılan elmi-tədqiqatlar və s.) barədə Azərbaycan, ingilis və rus dillərində informasiyalar verilir. Gələcəkdə saytda məlumatların digər xarici dillərdə də yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Sonra müvafiq müsabiqənin nəticəsinə əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova, Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanova, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə, APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızına, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə "Universitetin dostu" mükafatı, təhsil sahəsində görülən işləri obyektiv işıqlandırdığına görə bir qrup jurnalistə hədiyyələr, universitetin jurnalistika fakültəsinin təhsildə fərqlənən professor və müəllimlərinə fəxri fərmanlar təqdim olunmuşdur.

Mükafatlara layiq görülənlər adından Əflatun Amaşov, Aslan Aslanov, Bəxtiyar Sadıqov və ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə və mətbuata göstərdiyi böyük diqqət və qayğını xatırlatmış, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırmışlar.

Bakı Dövlət Universitetinin elm və təhsilimizin inkişafındakı mühüm xidmətlərindən danışan natiqlər bu ali məktəbin mətbuat və informasiya şöbəsinin internet saytının əhəmiyyətini vurğulamış, yeni resursun işinə uğurlar arzulamış, yüksək mükafata görə təşəkkürlərini bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 fevral.- S. 4.