Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər görülür

 

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir.

İclasda Şuranın korrupsiyaya qarşı mübarizə üzrə 2011-ci il fevralın 4-də keçirilmiş geniş iclasında qarşıya qoyulmuş konkret tapşırıqların icrası vəziyyəti ilə bağlı məlumat dinlənilmişdir.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilmişdir ki, Prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələrin hər bir hakimə çatdırılması məqsədilə bütün hakimlərin və Şura üzvlərinin iştirakı ilə regional müşavirələr keçirilmiş, nöqsanlar, problemlər ətraflı təhlil olunmuş, korrupsiya, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üçün tədbirlər müzakirə edilmişdir.

Şurada vətəndaşların qəbulu qaydalarının təkmilləşdirildiyi, onların qəbulu üçün əlavə otağın istifadəyə verildiyi, müraciətlərin elektron qəbulu, hərtərəfli və dolğun araşdırılması üzrə əlavə tədbirlər görüldüyü bildirilmişdir.

Qeyd olunmuşdur ki, vətəndaşların hüquqlarının təmin edilməsi vəziyyəti ilə bağlı məhkəmələrdə monitorinqlər keçirilmişdir.

Monitorinq nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmaların, o cümlədən tərəflərin məhkəmə proseslərində iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görülməməsi, bəzi hallarda cavabdehin prosesdən kənarda qalması, apelyasiya hüququnun əsassız məhdudlaşdırılması və digər pozuntular aşkar edilmiş, 6 hakim barədə intizam icraatları başlanmışdır.

İclasda həmçinin hakim barədə intizam icraatına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 fevral.- S. 6.