Əlil uşaqlara diqqət cəmiyyətin sosial sifarişidir

 

Fiziki və psixoloji sağlamlığını itirmiş, yaxud anadangəlmə qüsurlu olan insanların cəmiyyətə inteqrasiyası bütün dünyada dövlət və qeyri-hökumət təşkilatlarının başlıca vəzifələrindən sayılır. Bəs, dünyada belə insanların sayı nə qədərdir? BMT-nin məlumatlarında bu rəqəm 700 milyon göstərilsə də, əslində, əlil və ya şikəstlərin sayı dəqiq ifadə olunmayıb. Ona görə ki, dünyada, hətta inkişaf etmiş ölkələrdə belə, sağlamlığını itirmiş və ya anadangəlmə əlil sayılan insanların qiymətləndirilməsi eyni deyil.

 

Dünya Bankının məlumatlarında ümumi əhalinin 10 faizi sağlamlığını itirmişlər sayılır. İnkişaf etibarı ilə zəif olan ölkələrdə, hətta bu rəqəmin 20 faiz təşkil etdiyi bildirilir. Demək, dünyada hər 10 nəfərdən biri (bəzi ölkələrdə 5 nəfərdən) özünün fiziki və ya psixoloji vəziyyətinə görə ətrafı ilə ünsiyyət qura bilmir.

Bu fikirlər YUNİSEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, "Dünyaya Baxış" Azərbaycan, Uşaqların Xilası, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının "Əlilliyi olan uşaqların vəziyyətinə və səhiyyə xidmətlərinə dair Alternativ hesabatın ictimai müzakirəsi" mövzusunda Media Mərkəzində birgə keçirdiyi "dəyirmi masa" da səsləndirildi.

Tədbiri Ümidli Gələcək Gənclər Təşkilatının icraçı direktoru, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin üzvü Nazir Quliyev açaraq bildirdi ki, hər hansı sahə olursa-olsun, onun problemlərindən söz düşəndə, nədənsə, tövsiyəli çıxışlar az olur. O dedi ki, səhiyyə sistemi bu istiqamətdə öz üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışsa da, çatışmazlıqların, xüsusən Hippokrat andı içənlərin anadangəlmə əlil və ya qüsurlu doğulanların (bir çox hallarda isə sahə həkimlərinin günahı əsasında) müayinə və müalicəsinə laqeyd münasibət hələ də aradan qaldırılmayıb. Keçmiş sovetlər dövründən bu günə kimi antihumanistliyə görə hər hansı tibb işçisinin ciddi şəkildə cəzalandırılmaması ümumi problemin həllində mühüm vasitəyə çevrilməyib. Ölkədə 17 reabilitasiya mərkəzi tərəfindən 5000-ə qədər belə uşağa xidmət göstərilməsinə baxmayaraq, onların cəmiyyətə inteqrasiyasında problemlər qalmaqdadır.

Verilən məlumatlardan göründü ki, ölkədəki 58 min nəfər əlildən 2000-ni uşaq evlərində, pansionat və sanatoriyalarda dövlət tərəfindən himayə edilir. Mütəxəssislərin qənaətincə, sağlam uşaqlara nisbətən əlillər və ya qüsurlu olanlar dörd dəfə fiziki, üç dəfə isə emosional, yəni psixoloji gərginliyə məruz qalırlar. Ona görə də həyat üçün vacib olan müayinə, müalicə, uşaqlara qulluq etmə və təhsil sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına ehtiyac özünü daim göstərməkdədir.

Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, onların reablitasiyası sahəsində, sağlamlıq hüquqlarının təmin edilməsindəki çatışmazlıqların aradan qaldırılması istiqamətində qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri tədbirlərin, reallaşan layihələrin yetərincə olmasını qeyd edən natiqlər onu da bildirdilər ki, bu məsələlərdə dövlətin qayğısı özünü göstərməkdədir. Bu isə beynəlxalq aləmdə diqqət mərkəzində saxlanılır.

Əlilliyi olan uşaqların təhsilə cəlb olunması ilə bağlı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılovanın tədbirdə gətirdiyi arqumentlər maraqlı idi. Əlilliyi olan uşaqların sağlamlıq hüquqlarının müdafiəsi ilə əlaqədar "Müstəqil Həyat" İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov belə kateqoriyaya daxl olan uşaqların valideynləri ilə işin təşkilinin əhəmiyyətini diqqətə çatdırdı. Müşfiq Təşkilatının rəhbəri Validə Abbasovanın, eləcə də xarici işlər, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, milli QHT-lərin, həmçinin digər əlaqədar strukturların nümayəndələrinin çıxışlarındakı faktlar bir daha göstərdi ki, fiziki və əqli cəhətdən əlilliyi olan uşaqlara qarşı cəmiyyətin münasibətini dəyişmək məqsədilə həm dövlət, həm də QHT və icmalar tərəfindən geniş maarifləndirmə və məlumatlandırma kampaniyaları, ailələrlə birgə təlim-seminarlar təşkil edilməli və ya bu tipli fəaliyyətin şəbəkəsi genişləndirilməlidir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-19 fevral.- S. 7.