Dövlət İdarəçilik Akademiyasında "Cəmiyyət və din" mövzusunda "dəyirmi masa" keçirilmişdir

 

Fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Cəmiyyət və din" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ayrı-ayrı dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm, mədəniyyət və din xadimləri iştirak etmişlər.

DİA-nın birinci prorektoru professor Əlikram Abdullayev tədbiri açaraq mövzunun aktuallığını vurğulamışdır. Müasir qloballaşma şəraitində cəmiyyət və din münasibətləri haqqında danışan Ə.Abdullayev, bu sahədə alim və din xadimlərinin fikirlərinin son dərəcə maraqlı və əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişaf etdirilməsinə daim böyük önəm verdiyini vurğulamış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Mövzu ilə bağlı fikirlərini açıqlayan Ə.Həsənov diqqətə çatdırmışdır ki, ölkəmizdə cəmiyyət və din münasibətləri təkcə cəmiyyətin deyil, eyni zamanda, dövlətimizin reallaşdırdığı siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanın müasir cəmiyyət və din siyasətinin hər ikisi bir-biri ilə bağlı məsələlərdir. Eyni zamanda, cəmiyyətlə din arasında həmişə bir vasitə vardır ki, bu da elmdir. Hər üç siyasətin əsası 1993-cü ildən sonra ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Prezident İlham Əliyev həmin siyasəti mövcud reallıqları, günün tələblərini, cəmiyyətin, təbiətin və bəşəriyyətin inkişafı ilə bağlı digər məqamları nəzərə almaqla davam etdirir.

Ə.Həsənov demişdir: "Əlbəttə, cəmiyyət təkcə onun özünün formalaşdırdığı dövlət qurumları və müvafiq orqanlar tərəfindən təsbit olunaraq ümumi davranış norması hüququ almış qanunlar vasitəsilə deyil, eyni zamanda, ruhun, mənəvi tələbatın əsas vasitələrindən biri olan Allaha tapınma, dini etiqad, dinə inanc və digər bu cür mənəvi tələblər qarşısında özünün müəyyən normalarını da bərqərar edir və onları həyata keçirir. Hakimiyyət orqanlarının bu sahədə əsas vəzifəsi dövlətin konstitusion əsaslarını qoruyub həyata keçirməklə yanaşı, əhalinin tapındığı, sitayiş etdiyi, dini normaların da cəmiyyət həyatına uyğun şəkildə inkişafına şərait yaratmaqdan ibarət olmalıdır.

Din, cəmiyyət və dövlət münasibətlərindən bəhs edən Ə.Həsənov bildirmişdir ki, Azərbaycanın tolerantlıq mühitini qoruyub saxlamaq, inkişaf etdirmək, onu daim zənginləşdirmək təkcə ayrı-ayrı dövlət qurumlarının, həmçinin dini konfessiyaların, bu sahə ilə məşğul olan təşkilatların deyil, həm də elmi ictimaiyyətin vəzifəsidir.

Ə.Həsənov ölkəmizdə dini azadlıq üçün bütün lazımi şəraitin yaradıldığını xüsusi vurğulamışdır.

"Dəyirmi masa"da Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova cəmiyyət, dövlət və din münasibətlərinin bugünkü durumundan, gələcək perspektivlərindən danışmış, müasir dünyada insanların dinə inamının artdığını bildirmişdir.

R.Aslanova cəmiyyət və din münasibətlərinin inkişafında alim və din xadimlərinin mühüm rolunu diqqətə çatdırmışdır. O, dövlətimizin bu sahədə apardığı uğurlu siyasətin, milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyətini vurğulamışdır.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov qeyd etmişdir ki, ölkəmizdə aparılan hüquqi-demokratik islahatlar, vətəndaş cəmiyyəti quruculuğu həyatımızın bütün sahələrini əhatə edir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüş, dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılmışdır.

Çıxış edən digər alim və din xadimləri də mövzu ilə bağlı fikir və mülahizələrini söyləmiş, geniş müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-20 fevral.- S. 7.