Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılışında iştirak etmişdir

 

Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında iştirak etmişdir.

Fabrikin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev fabrikin rəmzi açılışını bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Fabrikin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iqtisadiyyatımızın dinamik inkişafı istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət guşələr yaradılmış və videomaterialların göstərildiyi iki böyük ekran quraşdırılmışdır. Foyenin tavanında Azərbaycanın xüsusi zövqlə hazırlanmış xəritəsi quraşdırılmışdır.

Bildirildi ki, dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunmuş fabrikin tikintisi 2010-cu ilin yanvarında, avadanlığın quraşdırılması isə bu ilin yanvarında başa çatdırılmışdır. Fabrikin ümumi dəyəri 7,8 milyon manatdır ki, bunun 55 faizini güzəştli dövlət krediti təşkil edir.

Fabrikdə hamısı yerli olmaqla 102 nəfər işləyir ki, yaxın gələcəkdə onların sayının 150-yə çatdırılması nəzərdə tutulmuşdur. İşçilərin fabrikə rahat gedib-gəlmələri üçün xüsusi nəqliyyat vasitəsi də ayrılmışdır.

Dövlətimizin başçısı müəssisənin əsas istehsal sahəsi olan mebel yığımı sexi ilə tanış oldu və hazır mebel dəstlərinə baxdı.

Məlumat verildi ki, müəssisədə mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yeniliklər tətbiq edilmişdir. Fabrikdə müştərilərin zövqünə tam cavab verməklə istənilən növdən olan yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi və digər inzibati binalar üçün istehsal edilən mebellər daxili və xarici bazar üçün nəzərdə tutulmuşdur. Müştərilər mebelləri hazır model cərgəsindən və ya fərdi sifariş əsasında seçə bilərlər. "M-Line" mebel fabrikində tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə edilən materialların və hazır məhsulların davamlılığını və uzunömürlülüyünü təmin edir.

Sonra Prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basdı və istehsal prosesi ilə tanış oldu.

Vurğulandı ki, fabrikdə təbii ağacdan, MDF-dən, laminə edilmiş MDF-dən, təbii və süni şpondan boyalı və laklı mebellərin istehsalı nəzərdə tutulmuşdur. Xammal Braziliya, Almaniya, Avstraliya, Kanada və digər ölkələrdən gətiriləcəkdir. Fabrikdə quraşdırılan Almaniya və İtaliya istehsalı olan avadanlıq mebel istehsalında ən son texnologiyalara əsaslanır. İstehsal sahəsində iki anbar yaradılmışdır. Böyük anbar ümumi xammal üçün nəzərdə tutulmuşdur. Aksessuar anbarı isə avtomatlaşdırılmışdır. Burada bütün aksessuarlar kompüter vasitəsilə kodlaşdırılmışdır. Mebellərin aksessuarları xaricdən gətirilir.

Prezident İlham Əliyevə mebel fabrikinin perspektiv inkişaf planı barədə də məlumat verildi. Vurğulandı ki, şirkət İSO 9001-2008 Beynəlxalq İdarəetmə və Azərbaycan istehsal standartlarına malikdir. Müəssisədə işçilərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Fabrikin 80 nəfərlik yeməkxanası və tibb məntəqəsi vardır. Burada İtaliyanın "Galletti" firmasının istehsalı olan havalandırma və tam avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri quraşdırılmış, 600 kubmetr həcmində yeraltı su anbarı tikilmişdir. Ərazidə əsaslı abadlıq işləri aparılmışdır.

Taxta emalı sahəsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, fabrikdə sifarişlərə uyğun olaraq əllə işlənmiş mebellər də hazırlanacaqdır. Burada, həmçinin keyfiyyət nəzarət masası da yaradılmışdır. Mebellər bazara həm xarici, həm də yerli adlarla çıxarılacaqdır. Fabrikdə boyama işləri xüsusi sahədə həm avtomatik, həm də əl ilə aparılacaqdır. İlk dəfə olaraq, fabrikdə aylıq istehsal gücü 18-20 min kvadratmetr olan poliuretan üzlük materiallarının istehsal xətti quraşdırılmışdır.

Prezident İlham Əliyev poliuretan sexində istehsal olunmuş məhsullara baxdı.

Dövlətimizin başçısı fabrikdə yaradılmış şəraitdən və istehal prosesindən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 fevral.- S. 1, 2.