Azərbaycanın dövlət qurumlarının təmsilçiləri Türkiyədə səfərdə olmuşlar

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) sədrinin müavini Vəfadar Misirovun rəhbərliyi ilə dövlət orqanlarını təmsil edən nümayəndə heyəti Türkiyədə səfərdə olmuşdur.

DQMK-dan AzərTAc-a bildirmişlər ki, səfər 2009-cu il dekabrın 21-də Bakıda imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədi ilə həyata keçirilmişdir.

Nümayəndə heyətinin tərkibinə DQMK, İqtisadi İnkişaf, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika, Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri daxil idilər.

Nümayəndə heyətinin üzvləri Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət etmiş və böyük öndərin xatirəsini yad etmişlər.

Qonaqlar Türkiyə Baş nazirinin müavini Hayati Yazıcı, Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslan, onun müavini Şaban Talaşla, idarənin təşkilat və beynəlxalq şöbəsinin müdiri Enes Polatla görüşmüşlər.

Görüşlərdə qardaş ölkələrimiz arasında dövlət qulluğu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilmiş, təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik vurğulanmışdır. Eyni zamanda, görüşlərdə həm qurumlararası, həm də dövlət qulluğu sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.

Səfər müddətində Azərbaycan nümayəndə heyətini Türkiyənin dövlət qulluğu sistemi ilə daha yaxından tanış etmək üçün Dövlət Kadrlar İdarəsinin, Türkiyə və Orta Şərq İdarəetmə İnstitutunun, Nəqliyyat, Səhiyyə, Energetika və Təbii Sərvətlər, Təhsil, Daxili İşlər nazirliklərinin, Xarici Ticarət İdarəsi və Dövlət Gömrük İdarəsinin əməkdaşları təqdimatlarla çıxış etmişlər.

Türkiyənin Dövlət Şəhərsalma və İnşaat İdarəsində keçirilən görüşdən sonra Ankarada bu sahədə həyata keçirilən layihələr haqqında film göstərilmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin hər bir üzvü təmsil etdiyi quruma müvafiq olan dövlət idarələrində iş şəraiti ilə tanış olmuşdur. DQMK-nın əməkdaşları da Türkiyənin Dövlət Kadrlar İdarəsində "Dövlət qulluğuna kadrların seçilməsi və imtahanın keçirilməsi" mövzusunda təqdimatı dinləmişlər.

Nümayəndə heyətinin üzvləri Türkiyə Cümhuriyyəti ilə bağlı tarixi muzeyləri ziyarət etmişlər.

 

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 3.