Əgər o vaxt hakimiyyətdə Heydər Əliyev olsaydı, Xocalı faciəsi baş verməzdi

 

Xocalı faciəsindən 19 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun köməyi ilə Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xocalını işğal edərək yer üzündən silən ermənilər, şəhərin sakinlərinə qarşı kütləvi qətliam həyata keçirməklə XX əsrdə azərbaycanlılara qarşı növbəti soyqırımı cinayətinə imza atdılar. 613 nəfəri, o cümlədən 106 qadın və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirdilər. 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin düşdü. 19 ildir ki, Xocalı faciəsinin qurbanlarını yad edir, onu doğuran səbəb və şəraiti dərk etməyə çalışırıq. Həmin dəhşətli anlarla bizi ayıran zaman kəsiyinin getdikcə uzanmasına baxmayaraq, ağır yaramız olan bu qanlı faciə haqqında düşündükcə istər-istəməz müxtəlif suallar yaranır. Xocalıda soyqırımının törədilməsinə görə kimlər məsuliyyət daşıyır? Faciə baş verməyə bilərdimi? Axı, xocalılıların günahı nə idi? Respublikanın rəhbərliyi harada idi? Belə sualların sayını xeyli artırmaq olar.

Milli Məclisin deputatı, Xocalının keçmiş icra başçısı, şəhərin müdafiəsinə rəhbərlik etmiş Elman Məmmədovla söhbətimiz də bu mövzudadır.

 

- Elman müəllim, ilk sualımız Xocalının strateji roluna aiddir. Döyüş əməliyyatlarının şiddətləndiyi və miqyasının artdığı o vaxtlarda Xocalı şəhəri Dağlıq Qarabağ üçün nə demək idi?

- Xocalı Dağlıq Qarabağın dağətəyi hissəsində yerləşən Azərbaycan yaşayış məskənidir. Xocalının tarixi çox qədimdir. Bu tarix eramızdan əvvəl III-V minilliyə qədər gedib çıxır. Xocalı-Gədəbəy arxeoloji tapıntıları, ancaq türk xalqlarına məxsus qədim abidələr - dikdaş nişanələri, kurqanlar, daş salnamələr, qəbirlər, daşdan yonulmuş heyvan heykəlləri bunu sübut edir.

Xocalı şəhərinin strateji mövqeyi nədən ibarət idi? Xocalı Ağdam istiqamətindən, yəni, şərq tərəfdən gələndə Əsgəran qalasını və həmin ərazidəki erməni kəndlərini keçəndən sonra beş kilometrlik məsafədə yerləşir. Xocalıdan on kilometr qərb istiqamətində isə Xankəndi şəhəridir. Demək, Xocalı Əsgəranın erməni kəndlərini Xankəndidən ayırırdı. Blokadada olmağımıza baxmayaraq o vaxtlar biz erməni kəndləri ilə Xankəndi arasında birbaşa əlaqəni kəsmişdik. Yəni, Xankəndidən Əsgərana birbaşa silah-sursat daşınmasının qarşısını almışdıq. Əgər Xankəndidən Əsgəranın erməni kəndlərinə 15 kilometrlik məsafə var idisə, ermənilər həmin kəndlərə gəlmək üçün dolayı yollarla təxminən 40 kilometr məsafə qət etməli olurdular. O vaxt dəfələrlə məsələ qaldırdıq ki, Əsgəranın kəndlərini azad edək və əsas hərbi qüvvələrimizi Xocalıya gətirək. Çünki belə olsaydı, aşağıdan Xocalıdakı, yuxarıdan isə Şuşadakı hərbi qüvvələrimizin zərbəsindən sonra Xankəndidəki erməni quldurları çıxılmaz vəziyyətdə qalacaqdılar.

Bundan başqa, Dağlıq Qarabağda yeganə hava limanı Xocalıda yerləşirdi. Aeroportu əlimizdə saxlamaqla Ermənistandan Xankəndiyə təyyarə və vertolyot uçuşlarını faktiki olaraq dayandırmışdıq.

- Bu təklifləri o vaxtkı siyasi və hərbi rəhbərliyin diqqətinə çatdırmışdınızmı?

- Bu təklifləri mən 1992-ci ilin fevral ayının 9-da Müdafiə Nazirliyinin Baş Qərargahında vermişəm. Əməliyyat xəritəsi üzərində də dediklərimi sübut etmişəm. Bunun səhəri günü Nazirlər Kabinetində də bu təklifləri səsləndirdim. Məntiqlə və o yerlərin coğrafiyasına yaxından bələd olan, situasiyanı bilən şəxs kimi izah etdim ki, əgər ölkə rəhbərliyinin başı Bakıda hakimiyyət çəkişməsinə qarışmasa, Azərbaycan fürsəti əldən vermədən hücum edərək Əsgəran qalasını və oradakı erməni kəndlərini alsa, Ağdamdakı hərbi qüvvələri Xocalıya keçirsə, yuxarıdan Şuşadakı qüvvələrlə birlikdə Qarabağı ermənilərdən təmizləyə bilərik.

Bu mənada Xocalı çox əhəmiyyətli strateji mövqeyi olan yaşayış məntəqəsi idi. Ermənilər də bunu bilirdilər və ona görə nə yolla olursa-olsun Xocalını işğal etməyi qarşılarına məqsəd qoymuşdular. Levon Məlik-Şahnazaryan adlı bir erməni icmalçısı var. O, 1996-cı ildə mənim bir yazıma cavab verərək göstərmişdi ki, bəli, ermənilər qarşılarına Xocalını "azad etməyi" və qüvvələri orada yerləşdirməyi məqsəd qoymuşdular. Bunu onunla izah edirdi ki, Xocalı ermənilər üçün potensial təhlükə mənbəyi idi. Mən o vaxt ölkə rəhbərliyində təmsil olunanların diqqətinə onu da çatdırmışdım ki, əgər ermənilər bizdən əvvəl tərpənsələr, yəni, Xocalını işğal edərək Xankəndidəki qüvvələrini Əsgəran istiqamətinə keçirsələr, onda bütün Qarabağın işğalı üçün təhlükə yaranacaq. Sonrakı proseslər bunu sübut etdi.

- A.Mütəllibov iqtidarı Xocalının strateji əhəmiyyətini başa düşmürdü, yoxsa başa düşə-düşə həm şəhərin güclü müdafiəsini təşkil etmək, həm də qeyd etdiyiniz təklifləri dəyərləndirmək üçün qətiyyətli addımlar atmadı?

- Bunun hər ikisi vardı! Nə üçün? Birincisi, o dövrdə rəhbərlikdə olan insanların dövlət idarəçiliyi səviyyələri çox aşağı idi. İkinci tərəfdən, onlar üzərlərinə düşən vəzifə məsuliyyətinin nə demək olduğunu anlamırdılar. Üçüncüsü, onları Xocalını müdafiə etmək, qorumaq çox da maraqlandırmırdı. Çünki hakimiyyət uğrunda mübarizə aparırdılar, torpağın, xalqın müdafiəsi yaddan çıxmışdı, Ali Sovetdə kreslo davası gedirdi. Lakin torpaqlarımızın işğalının qarşısını almaq, insanların qırğına məruz qalmaması üçün konkret və qətiyyətli addımlar atılmalı idi! Təəssüf ki, o zaman biz bunu görmədik. Təsəvvür edin ki, Xocalının müdafiəsində xocalılılardan başqa Azərbaycanın kənar bölgələrindən gələn cəmi 16 döyüşçü vardı. Mərhum Milli Qəhrəmanımız Aqil Quliyevin başçılığı ilə Xocalıya 21 döyüşçü gəlmişdi. Müəyyən səbəblərdən onlardan 5-i geri qaytarıldı. Yerdə qalan 16 döyüşçünün 12-si qəhrəmancasına şəhid oldu.

- Ümumiyyətlə, şəhərin müdafiəsinin təşkili hansı səviyyədə idi?

- Xocalı ötən əsrin 80-ci illərinin sonlarından, yəni, Dağlıq Qarabağda məlum hadisələr başlanandan 1991-ci ilin noyabrına qədər qismən blokadada olub. Gah 3, gah 5, gah da 15 gün şəhər blokada vəziyyətində qalırdı. Biz şəhərə yalnız sovet hərbçilərinin müşayiəti ilə gedib-gələ bilirdik. Ancaq 1991-ci il noyabrın 1-dən işğal olunan günə qədər Xocalı tam blokadada qaldı. Həmin günlərdə əsasən vertolyot, telefon və ratsiya vasitəsilə əlaqə saxlaya bilirdik.

Xocalının yerləşdiyi ərazidə şəhərlə birbaşa əlaqəsi olan azərbaycanlılar yaşayan ikinci bir yaşayış məntəqəsi yox idi. Xocalıdan beş kilometr şərqdə Əsgəran zolağında 8-9 erməni kəndi yerləşir. Xocalıdan qərbdə isə 60 min əhalisi olan Xankəndi şəhəridir. Şimalda və cənubda 20-dən çox erməni kəndi var. Yəni, azərbaycanlılar yaşayan elə bir kənd yox idi ki, Xocalıdan oraya birbaşa yol olsun. Azərbaycanlı kəndinə getmək üçün, ən azı, iki-üç erməni kəndi keçmək lazım gəlirdi ki, bu da qeyri-mümkün idi. Digər tərəfdən, Xocalı nisbətən çökəkdə yerləşir. Bütün erməni yaşayış məntəqələri Xocalıdan hündürdədir. Onlar istədikləri vaxt Xocalını müşahidə edir, şəhəri atəşə tuturdular.

Biz Xocalının ətrafında dairəvi müdafiə zolağı yaratmışdıq. 29 postumuz var idi. Xocalını qoruyanların bir qismi şəhərdə yaradılmış özünümüdafiə batalyonunun döyüşçüləri idi. Özü də aralarında bir nəfər də olsun, ixtisasca hərbçi olanı yox idi. Onlarla yanaşı, şəhərin müdafiəsində 50 nəfərlik Xocalı milisi, 25 nəfərlik hava limanını qoruyan xətt milisi və Aqil Quliyevin 16 döyüşçüsü dayanmışdı. Ümumilikdə, Xocalıdakı canlı hərbi qüvvəmizin sayı təxminən 200 nəfərdən bir qədər artıq idi. Onlar nə ilə silahlanmışdılar? Xocalıda silah-sursat nədən ibarət idi? Bizim cəmi 2 DŞK-mız, 4 əl pulemyotumuz, 2 ədəd qumbaraatanımız vardı. Yerdə qalanlar avtomat və ov tüfəngləri idi. Bəs, Xocalıya hücum edən ermənilər hansı hərbi qüvvəyə malik idilər? Bunlar Ermənistandan gətirilmiş silahlı qüvvələrin hissələri, Dağlıq Qarabağda, Xocalı ətrafında olan bütün erməni kəndlərinin silahlı dəstələri, Livandan, Suriyadan, hətta Cənubi Amerikadan gətirilmiş, təlim keçmiş muzdlular və keçmiş sovet ordusuna məxsus dördüncü ordunun 18-ci diviziyasının 366-cı motoatıcı alayı idi. 366-cı motoatıcı alayda 40-dan çox tank, 60-dan çox ZTR, PDM və digər hərbi maşınlar, bir neçə reaktiv qurğu, uzaqmənzilli toplar, müxtəlif çaplı minaatanlar və 3 min nəfərdən çox canlı qüvvə var idi. İndi siz Xocalıda olan silah-sursata, canlı qüvvəyə və Xocalıya hücum edənlərin silah və hərbi texnikasına baxın. Viktoriya İvelyeva adında bir rus hərbi jurnalist Xocalıya hücum zamanı əməliyyatda iştirak edib. O, yazır ki, Xocalıya hücum zamanı ön cərgədə 366-cı motoatıcı alayın bütün hərbi texnikası dayanmışdı. Onun arxasında alayın canlı qüvvəsi, üçüncü cərgədə isə erməni cəza dəstələri gəlirdi. Yəni, qüvvələr nisbəti müqayisə olunmayacaq dərəcədə qeyri-bərabər idi!

Fevralın 25-dən 26-na keçən gecə axşam təxminən 8-ə qalmış postlara baş çəkdikdən sonra təzəcə geri qayıtmışdım ki, Noraguh tərəfdən ermənilərin bir PDM-nin keçdiyi barədə xəbər gəldi. Ardınca digər xəbər gəldi ki, Xoruztəpə ətrafında erməni texnikası hərəkət edir. Sonra aeroport tərəfdən şose yolu ilə çoxsaylı texnikanın hərəkət etməsi ilə bağlı xəbər aldım. Digər istiqamətlərdən də Xocalıya tərəf hərbi texnikanın hərəkət etməsi ilə bağlı məlumatlar gəldi. Beləcə, ermənilər şəhəri yavaş-yavaş mühasirəyə aldılar. Bütün texnikaları gəldi, mövqe tutaraq yerləşdi. Texnika çox yaxına gəlmədi, amma elə məsafədə mövqe tutdu ki, şəhəri atəş altında saxlamaq mümkün idi. Lakin bizim atəşimizin onlara çatması mümkün deyildi. Üstəlik, tanka qarşı avtomatla mübarizə aparmaq olmazdı! Ermənilər hərbin qayda-qanunlarına uyğun olaraq mühasirə halqasını başa çatdırdılar. Təxminən gecə saat 23 radələrində mühasirə halqasında dayanan bütün hərbi texnikalarından eyni vaxtda Xocalını atəşə tutmağa, bombardman etməyə başladılar.

- Yəqin ki, qeyri-bərabər döyüş şəraitində ilk vəzifə mülki əhalinin xilas edilməsi idi...

- Dağlıq Qarabağda məlum hadisələr başlanan vaxtlarda Xocalı əhalisinin sayı artıq 7 min nəfərə çatmışdı. Ancaq 1992-ci ilin fevral ayına qədər, xüsusən, həmin ilin yanvar ayında ərzaq çatışmazlığı və blokadanın yaratdığı digər çətinliklər səbəbindən əhalinin bir hissəsi Xocalını tərk etmişdi. Əsasən də qadınların, uşaqların və qocaların şəhərdən çıxarılmasını həyata keçirə bilmişdik. Sonuncu dəfə biz Gəncədən təşkil etdiyimiz 6 vertolyot vasitəsilə əhalinin bir hissəsini çıxardıq. 1992-ci il fevralın 25-də Xocalıda təxminən 3 min nəfərdən bir qədər çox mülki vətəndaş qalmışdı. Onların da arasında çoxlu sayda qocalar, qadınlar, uşaqlar var idi. Qeyri-bərabər döyüş zamanı təxminən gecə saat 3-ə qədər müqavimət göstərə bildik. Ayrı-ayrı dəstələr səhər saat 5-ə qədər qəhrəmancasına döyüşmüşdülər, çünki yanlarında qadın, uşaq qalmamışdı. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşdə təbii ki, ilk növbədə, şəhər sakinlərinin xilasına çalışdıq. Əsgəran istiqamətinə getmək mümkün deyildi, çünki orada erməni silahlı dəstələri hazır dayanmışdılar. Ona görə əhalini Qarqar çayından keçirərək, meşə vasitəsilə xilas etməyə çalışdıq. İnsanlar meşənin içi ilə Ağdama qədər 15-16 kilometr qarlı yollarla yol gəlməli idilər. Səhər işıqlaşanda biz artıq Əsgərandan Naxçıvanikə gedən yola çatmışdıq. Orada meşə qurtarır və kol-koslu düzənlik başlayırdı. Qarşıda isə ermənilərin Azərbaycanın hərbi hissələrinə qarşı cəbhə xətti var idi. Təsəvvür edin, biz erməni cəbhə xəttini yarıb Ağdam tərəfə keçməli idik. Xocalı əhalisinin kütləvi şəkildə qırğına məruz qalması burada baş verdi. Əgər Xocalının özündə təxminən 100 nəfərə qədər itkimiz olmuşdusa, ermənilərin Ağdama tərəf olan cəbhə xətti yaxınlığında 500-dən çox dinc əhali ermənilər tərəfdən vəhşicəsinə qətlə yetirildi.

Amansız bir qırğın oldu! Erməni rəhbərləri bunu özləri də sonralar etiraf etdilər. Zori Balayan bu barədə yazdı. Robert Koçaryan və Serj Sarkisyan həyasızcasına bildirdilər ki, biz Xocalıda dinc əhaliyə qarşı da amansız olduğumuzu sübut etdik, stereotipləri aradan qaldırdıq. Amma beynəlxalq ictimaiyyət hələ də buna göz yumur!

- Hadisə baş verən günü Bakı ilə təmaslarınız oldumu?

- Bakı ilə əlaqəmiz hər gün var idi. Xocalı bir gün, iki gün deyildi ki, mühasirədə saxlanılırdı. Şəhər tam blokadada olduğu dörd ay müddətində hər gün baş verən hadisələrlə bağlı mərkəzə məlumat verirdik. Mən o zaman deputat deyildim. Amma Ali Sovetə gəlirdim, birtəhər zala daxil olub sözümü deyirdim, insanların Xocalıda hər an ölümlə üzbəüz olduqlarını deputatların diqqətinə çatdırırdım. Həmin o stenoqramlar indi də durur. Bundan başqa, hər gün Xocalıdan Bakıya teleqramlar göndərirdik. Şəhərin ağsaqqalları, ziyalıları ölkə rəhbərliyinə müraciətlərində hər an əhalinin qırğına məruz qala biləcəyini bildirirdilər. Amma bütün bunların qarşılığında heç bir kömək olmadı! Qırğından bir gün əvvəl, yəni, fevralın 24-də mən telefonla Ağdamdakı qərargahla danışdım. Dedilər ki, narahat olmayın, qüvvələrimizlə köməyə gəlirik. Fevralın 25-də Az.TV-yə zəng vuraraq ermənilərin şəhərə hücuma başlamaları ilə bağlı məlumat verdim. Bakıya, Şuşaya, Ağdama - hər yerə xəbər çatdırdım. Sonralar istintaqla da müəyyən olundu ki, o zaman Ağdamda bizim üç min nəfərdən çox hərbçimiz, texnikamız, silah-sursatımız vardı. Sadəcə olaraq ölkəyə rəhbərlik edən insanların qeyrəti yox idi! Düşməndən incimək olmaz! Çünki düşməndir, onunla vuruşmalısan, döyüşməlisən, öldürməlisən! Gücün çatmasa, o səni öldürəcək! Biz Xocalını sahibsiz qoyan, yiyə durmayan, kömək etməyən, xilas etməyə cəhd göstərməyən o vaxtkı ölkə rəhbərliyinə nifrət edirik, onları lənətləyirik! Əgər o vaxt hakimiyyətdə Heydər Əliyev olsaydı, Xocalı faciəsi baş verməzdi.

- İstintaq materiallarından söz açdınız. Xocalıda cinayət baş verib, bir xalqa qarşı soyqırımı həyata keçirilib. İnsan hüquqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlar, məhkəmələr niyə bu günə qədər bu cinayətə qiymət verməyiblər?

- Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı Xocalıda yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilmişdir! Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planı çərçivəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi. Bununla bağlı ölkəmizdə araşdırmalar aparılıb. 1997-ci ildə iki ay məhkəmə prosesi getdi. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində, Hərbi Prokurorluqda kifayət qədər faktlar, sübutlar toplanıb. Son iki-üç il ərzində tapşırıq verildi, yenidən iki min nəfərə qədər Xocalı sakini dindirildi. Yəni, Xocalı hadisələri ilə bağlı materiallar yetərincədir. Cani ermənilər haqqında materiallar, dəlil və sübutlar lazımi qədərdir. Beynəlxalq məhkəmələrə təqdim etmək üçün bu gün Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarında kifayət qədər material var. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir. Ancaq məsələ burasındadır ki, bu gün insan hüquqları ilə məşğul olan beynəlxalq strukturlar Azərbaycanın dərdini görməzliyə vururlar, hərbi tribunal yaratmaq, Xocalı hadisələrinə qiymət vermək istəmirlər. Xocalıda baş verənlər soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarına cavab versə də, təəssüflər olsun ki, dünya ictimaiyyəti faciəyə siyasi qiymət verməkdən hələ də çəkinir.

Əslində, beynəlxalq məhkəmələrdə də Xocalı hadisələri ilə bağlı kifayət qədər məlumat var. Biz Haaqada Beynəlxalq İnsan Hüquqları Məhkəməsinin qarşısına yürüş etmişik. Qətnaməmizi, yüz min insanın imzasını, Xocalı soyqırımına aid materialları məhkəməyə təqdim etmişik. Kimlər ki bu məsələ ilə bağlı bilməlidir, kifayət qədər məlumatları var! Dəqiqliyi ilə bilirlər ki, Xocalıda nə baş verib, kim soyqırımına məruz qalıb! Sadəcə olaraq onlar məsələyə özlərinə sərf edən prizmadan yanaşırlar.

- Necə hesab edirsiniz, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün işimizi lazımi səviyyədə qura bilirikmi?

- Biz bu gün Xocalı soyqırımının tanınmasını kimdən umuruq? Təbii ki, ilk növbədə, türk qardaşlarımızdan, müsəlman dünyasından. Birinci özümüzünkülər bu faciəni tanımalıdır ki, sonra Avropada onu tanıtmaq asan olsun! Düzdür, hər bir dövlətin öz problemləri var. Məsələn, Türkiyədə Xocalı məsələsi qaldırılanda başqa xristian dövlətləri qondarma "erməni soyqırımı"nı gündəmə gətirərək rəsmi Ankaraya təzyiq göstərirlər.

Ermənilər öz təbliğat maşınlarını yalan üzərində qurublar. Yüz ildən çoxdur ki, tarixi saxtalaşdırmaqla bütün dünyanı aldadırlar. Digər tərəfdən, erməni yalanlarının dünyada ayaq tutub yeriməsində din amili də az rol oynamayıb. Amma bizim din qardaşımız bu gün erməniyə bir nömrəli qardaş olub. Ona görə Xocalı soyqırımının dünya dövlətləri tərəfindən hələ tanınmamasında Azərbaycanın günahı yoxdur! Təqsir dünyada mövcud olan ədalətsizlikdədir! Azərbaycan dövlətinə, onun gündən-günə güclənməkdə olan mövqeyinə qarşı qərəzli münasibətdədir!

Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, məlum cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsil həqiqətləri dünyaya çatdırmaq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır.

Mən bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xocalı həqiqətlərinin dünyaya yayılması ilə bağlı həyata keçirilən tədbirlər göstərir ki, Heydər Əliyev Fondu effektiv nəticənin hasil olması üçün bu sahədəki fəaliyyətini keyfiyyətcə yeni mərhələyə qaldırıb. İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən dövr ərzində uğurla davam edib və artıq bu aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllülər qoşulub.

Məhz bu cür ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, getdikcə dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında daha çox məlumata malik olur, əsl həqiqətlərin nədən ibarət olduğunu anlayır.

 

 

Müsahibəni apardı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-22 fevral.- S. 8.