Erməni qəddarlığının ifşası

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türkiyəli jurnalist, professor Cem Oğuzun çəkdiyi "Qaçqın: Anar Usubovun uzun səyahəti" filminin təqdimat mərasimi keçirildi.

Filmin nümayişindən öncə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək son iki əsrdə bədnam qonşularımızın xalqımızın başına gətirdiyi faciələrdən, 1992-ci ildə Xocalıda törədilmiş soyqırımından danışaraq bildirdi ki, heç İkinci dünya müharibəsində də faşistlər belə qəddarlıq törətməyib.

"Mədəniyyət" kanalının rəhbəri, əməkdar incəsənət xadimi, kinoşünas Cəmil Quliyev 19 il əvvəl Xocalıda törədilmiş soyqırımının türkiyəli jurnalist tərəfindən lentə alınmasını təqdirəlayiq hesab edərək bildirdi ki, zaman-zaman müharibələr, qəddarlıq barəsində mükəmməl filmlər çəkilib. Həmin filmin də bu sırada layiqli yer tutacağına əmin olduğunu bildirən Cəmil Quliyev həmkarına bəlalarımız və ağrılarımızla əlaqədar film çəkdiyinə görə öz minnətdarlığını bildirdi. Natiq onu da vurğuladı ki, belə filmlər mütləq çəkilməlidir. Nə qədər ki şahidlər sağdır, nə qədər ki soyqırımının ağrı-acılarını yaşayanlar aramızdadır, bu fürsəti fövtə vermək olmaz. Ən ağır əzabı da onu çəkən bilir. Müharibə başa çatmasa da, onun törətdiyi bəla və fəsadlardan yazılmalı, deyilməli və mütləq filmlər çəkilməlidir. Gələcək nəsil də soydaşlarımızın başına gələn fəlakətlərdən, torpağımızı işğal edən düşmənlərin bəd əməllərindən xəbərdar olmalıdır.

Filmin müəllifi Cem Oğuz çıxış edərək bu ekran əsərinin ərsəyə gəlməsində ona kömək edən qurumlara, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Mədəniyyət və Turizm Nazirliyinə və filmə baxmağa gələn tamaşaçılara öz minnətdarlığını bildirdi. Türkiyəli jurnalistin bir cümləsi bütün tamaşaçıları riqqətə gətirdi: "Filmi çəkərkən müsahibə aldığım insanların - şahidlərin söylədikləri məni dəhşətə gətirdi. Bu müdhişliyin içində sözün sona yetdiyini duydum. Ona görə də çalışdım ki, o dəhşətli anları yaşayanların ağrı-acıları öz dillərindən eşidilsin".

Nəhayət, filmin nümayişi başlandı. Xocalı soyqırımında 8 yaşı olan Anar Usubov uşaqlıqdan gəncliyinə qədər yol gələn ağrılı həyatının acı hekayətini danışdı. Bir vaxt dünyanın pisliklərindən xəbərsiz olan uşaq topun, tüfəngin səsini eşidəndə nənəsindən xəbər alıb ki, nə baş verib? Ağbirçək də söyləyib: "Ermənilərdir, bala, bizimkilərə güllə atırlar. Allah onlara lənət eləsin. Kafirlər dinc oturmurlar". Bu sözlər uşağa çox qəribə gəlib. Erməni niyə pis adam olsun ki? "Vaxtilə dişim ağrıyanda atam məni erməni həkimə aparmışdı. O da dişimə dərman qoydu. Bəs indi nə olub? Yəqin oxuduğum nağıllardakı pis adamlardandır". Beləcə, uşaq xəyalı ilə dağı arana, aranı dağa daşısa da, nanəcib qonşularımızın bədliyindən baş çıxara bilmir. Unudulmayan o gecədə isə xəyalları, düşüncələri, ömrü-günü, ev-eşikləri, dostları, tanışları pərən-pərən olan, qətlə yetirilən Anar Usubov da nələr çəkməyib?!

Danışıq boyu göstərilən kadrlar, ürək parçalayan fraqmentlər tamaşa salonunda ağır bir sükut yaratmışdı. Müəllif çalışıb ki, bir saatdan artıq davam edən bu ekran əsərində ermənilər tərəfindən başımıza gətirilən faciələrin xronoloji ardıcıllığını da yaddaqalan görüntülərlə əks etdirsin. Xüsusilə də oğullarını itirmiş atanın fəryadı, balası əsirlikdə olan ananın "kaş onu öldürəydilər, sağ qalıb zülmlər çəkməyəydi" - deməsi, həkim qadının "baxın, ali savadlı həkiməm, amma ermənilər məni nə günə salıb? Nəinki həkimə, heç insana oxşamıram. Dilənçi də məndən yaxşıdır" söyləməsi erməni vəhşiliyinin ifşasına yönəlmiş ən sərrast ittihamdır!

Əlbəttə, erməni vəhşiliyini əks etdirən, onu dünyaya olduğu kimi çatdırmağa yönəlmiş belə filmlərin çəkilməsi çox vacibdir. Belə ekran əsərlərinin xarici jurnalistlər tərəfindən lentə alınması daha da təqdirəlayiqdir. Qoy kənardan gələnlər bizim nə çəkdiyimizi gözləri ilə görüb dünyaya yetirsinlər. Bu qədər fəryada, ağrı-acıya nə vaxtadək göz yumulub, qulaq qapılacaq? Axı nahaq axıdılan qan yerdə qalmaz, - deyiblər.

Filmin nümayişində Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri və bir çox dövlət rəsmiləri iştirak edirdilər.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-23 fevral.- S. 7.