Şəhid ... aeroport

 

Yaxud Xocalı faciəsi barədə rekviyem

 

Xaç və "Qızıl ulduz" tandemi

 

Fidan körpənin köksünə saplanan bu qanlı xəncərin dəstəyinə diqqətlə baxın: Erməni-Qriqoryan xaçı və sovet imperiyasının rəmzi sayılan Kremlin qızıl ulduzlu qülləsi... Məhz bu qoşa iblisin tandemi (ittifaqı) sayəsində dünyada bənzəri olmayan Xocalı soyqırımı həyata keçirilmişdir...

Dönə-dönə deyilmiş və yazılmış bu faciə haqqında həqiqətləri bir daha oxuyun və yaddaşınıza əbədi həkk edin:

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən mühasirəyə alındı, sonra isə artilleriya və ağır hərbi texnikadan güclü atəşə tutuldu. Az vaxt ərzində Xocalı tamamilə alova bürünmüşdü. Odur ki, sakinlər şəhəri tərk etmək məcburiyyətində qaldılar. Lakin qurtuluş yolları kəsilən əhali vəhşi yaraqlıların qurduğu amansız ölüm tələsinə düşdü... Cinayətkar yaraqlıların vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər...

Bu, əsl soyqırımı idi. Miqyasına və dəhşətinə görə tarixə düşmüş Xatın, Xirosima, Naqasaki faciələrındən geri qalmırdı...

Xocalı faciəsindən yaddaşlara köçən yüzlərlə şəhid qalmışdır. Bu şəhidlərdən biri də 1991-ci ildən etibarən "Xocalı aeroportu" adlandırılan hava limanıdır...

 

Ona ölüm hökmü kəsilmişdi...

 

 Sovet dönəmində onu "Stepanakert aeroportu" adlandırırdılar. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Stepanakert (Xankəndi - Y.K.) şəhərinin 18 kilometrliyində yerləşən bu hava limanı nəinki vilayətin həyatında, həm də bütün ölkədə mühüm strateji obyekt sayılırdı. Aeroportun xidmətindən birinci növbədə erməni separatçıları faydalanırdılar. Onlar bu liman vasitəsilə dünyanın hər yerinə yol tapır, gələcək planlarını həyata keçirmək üçün ekstremist erməni təşkilatları iıə əlaqə saxlayırdılar. "Gələcək plan" isə hər vasitə ilə silahlanmaq (istər ideoloji, istərsə də hərbi cəhətdən) və növbəti dəfə Azərbaycanın ərazisinə təcavüz etmək siyasətindən ibarət idi. Stepanakert aeroportundan Yerevana və Rusiyanın şəhərlərinə uçan təyyarələr təkcə sərnişin daşımırdılar. Onlar qayıdan başı gizli yolla silah və təxribat materialları gətirirdilər. Əslində "sülhməramlı missiya" ilə Stepanakert yaxınlığında yerləşdirilmiş 366-cı motoatıcı alayı da erməni separatçılarının dəyirmanına su tökürdü. Əvvəla, nizamnaməyə görə bu alayın şəxsi heyətinə yerli əhalinin nümayəndələrinin qəbulu qadağan idi. Lakin müxtəlif yollarla bu alaya açar tapan erməni zabitlərinın sayı ildən-ilə artmaqda idi. 90-cı illərin axırlarında, yəni, Dağlıq Qarabağ separatçılarının açıq-aşkar baş qaldırdığı dövrdə 366-cı motoatıcı alayında ermənilərin sayı 30 faizi aşırdı. Məhz bu səbəbdən də münaqişə hallarını yatırmaq, yerli millətlər arasında dostluğu, sülhü bərqərar etmək missiyasını yerinə yetirməli olan sovet hərbi qoşun hissəsi ikiüzlü siyasətçilərin oyuncağına, rüşvətxorluq yuvasına, erməni ekstremizminin və onların əcnəbi havadarlarının quluna çevrilmişdi. O zaman Xankəndi aeroportuna enən hərbi təyyarələrdə 366-cı alayın ünvanına göndərilən sursat yükündən erməni separatçılarına "yağlı" pay ayrılırdı...

1990-cı ilin sonlarından başlayaraq Dağlıq Qarabağın hava limanı erməni nəzarətindən çıxırdı və tədricən bu proses azərbaycanlıların xeyrinə davam edirdi. Bu, təsadüfi deyildi. Vilayətin separatçı qüvvələri ölkə rəhbəri Qorbaçovun ermənipərəst siyasətindən istifadə edərək quduzlaşmışdılar. Bir-birinin ardınca Azərbaycan kəndləri yandırılır, türk əsilli yerli əhali qovularaq aşağılara doğru sıxışdırılırdı. Ətraf kəndlərdən qovulan azərbaycanlılar, o cümlədən bu yerlərdə sığınacaq tapmış Məhsəti türkləri Xocalı ətrafında cəmləşir, ermənilərin hava limanına giriş yolunu bağlayırdılar. Xüsusən yerli əhali arasında "ermənilərin qənimi" adı ilə məşhurlaşan milis mayoru Əlif Hacıyevin aeroporta rəis təyin edilməsi bu strateji obyektin erməni separatçılarının əlindən çıxmasını sürətləndirirdi. SSRİ-nin süqutu isə bu işə bir qədər də təkan verdi. Bu zaman (1991-ci ildə) Azərbaycan hökuməti "Stepanakert aeroportu" adının dəyişdirilərək "Xocalı aeroportu" adlandırılması haqqında rəsmi qərar qəbul etdi. Beləliklə, vilayətdə yeganə olan bu aeroport bütünlüklə müstəqil Azərbaycanın ixtiyarına keçdi. Ermənilərin "Xocalı aeroportuna" yolu tamam bağlandı...

Əlbəttə, hadisələrin bu cür gedişi erməni qəsbkarlarını razı sala bilməzdi. Aeroportun əldən çıxması separatçı qüvvələri dünyadan, ələlxüsus Ermənistandan və havadar ölkələrdən təcrid etmişdi. Bu isə onların qanlı planını pozur, nəticə etibarilə məğlubiyyətə aparan yollarını qısaldırdı. Odur ki, düşmən təcili və təsirli tədbirlər görməli idi...

Satılmış və rüşvətə qurşanmış sovet generallarının himayəsi sayəsində (ermənilərin rüşvətlə hər şeyi almaq bacarığı dünya ictimaiyyətinə çoxdan bəllidir!) yaradılan "Artsax azadlıq ordusunda" özünü komandan elan etmiş general Ohanov 366-cı motoatıcı alayının ("sülhməramlı" qoşun hissəsinin!) rəhbər heyəti qarşısında belə bir tələb qoymuşdu: "Xocalı aeroportunu ələ keçirməkdə, yaxud məhv etməkdə bizə kömək etməlisiniz... Ümumiyyətlə, Xocalını yer üzündən silmək üçün sizə arxalanırıq..."

...Bu cür razılaşmalar, nəhayət ki, baş tutdu. Həmin şaxtalı fevral gecəsində qədim Azərbaycan şəhəri Xocalını viran qoydular. "Xocalı aeroportu"nu da məhv etdilər. Lakin onu ələ keçirə bilmədilər. Çünki...

 

Əlif Hacıyev əfsanəsi...

 

 39 illik qısa ömründə çoxlu sayda "ayama" qazanmışdı. Uşaqlıqda onu "höcət Əlif" deyə çağırırdılar. İlk gənclik çağlarında onu tay-tuşlarından fərqləndirən cəhət inadkarlığı, haqq bildiyi işi həyata keçirmək bacarığı idi. Hərbi qulluqda olarkən yoldaşları onu "snayper Əlif" adlandırırdılar. Təkcə sərrast atıcılıq qabiliyyətinə görə yox, həm də nümunəvi xidmətinə, ədalətsizliyə qarşı son dərəcə sərt olduğuna görə. O, çörək tapdalayan insanların, satqınlığın və xəyanətin, o cümlədən nankor ermənilərin qənimi idi. İllər keçdikcə onun adını bəzəyən "ayamalar" da dəyişirdi. "Mayor Əlif", "Rəis Əlif", "Aeroport Əlif"... Sonda tale ona daha bir şərəfli ad bəxş etdi: Azərbaycanın Milli Qəhrəmanı! Lakin uzun illər keçməsinə baxmayaraq, Əlif Hacıyevin adı çəkiləndə yaddaşlarda başqa bir şəhidimiz "Xocalı aeroportu" canlanır...

Şəhid aeroportun xarabalıqları içərisindən qızılgül kimi boylanan şəhid Əlifin ömürlüyünə bir daha nəzər salaq:

24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə məktəbi bitirərək Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq Xankəndi avtonəqliyyat müəssisəsində sürücü işləmişdir. 1974 - 1984-cü illərdə Belorusiya DİN-in və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirmişdir. DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq 10 il həbs cəzasına məhkum etmişlər. 1987-ci ildə işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdir. Sonra bəraət alaraq azadlığa buraxılmışdır...

Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına bərpa olunur və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda, o, Xocalı aeroportunun komendantı olur. Mayor Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən daha iyrənc niyyətlərə - "Xocalı əməliyyatı"na başladı. Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə.Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakıya müraciət edirdi. Lakin Xocalını itirmək qorxusu Azərbaycanın ovaxtkı rəhbərliyini narahat etmirdi. Nəhayət, həmin faciə günü yetdi. Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış sovet hərbçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O bu qanlı döyüşdə misilsiz qəhrəmanlıq göstərərək bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək yenidən döyüşə atıldı. İmkanları tükənsə də, son istəyini həyata keçirə bildi. Aeroportun düşmən əlinə keçməməsi üçün limanın bütün avadanlığını partlatdı. Və hər ikisi - Əlif Hacıyev və "Xocalı aeroportu" eyni vaxtda şəhid oldu...

 

Xocalı aeroportu yenə də döyüşür...

 

 Ermənilər 20 ilə yaxındır ki, viran qoyduqları Xocalı torpağında "yeni aeroport" yaratmaq və ondan faydalanmaq istəyirlər. Lakin bacarmırlar. Son illərdə Dağlıq Qarabağdakı separatçı erməni rejimi Xankəndi yaxınlığındakı aeroportun istifadəyə veriləcəyi barədə xəbərlər yayır. Xankəndidən yayılan açıqlamalarda deyilir ki, aeroportun istifadəyə verilməsinə son hazırlıq işləri gedir və istənilən vaxt buradan ilk sərnişin təyyarəsi havaya qalxa bilər. Qeyd edək ki, Ermənistan erməni diasporunun vəsaitləri hesabına Qarabağ müharibəsi dövründə dağıdılmış aeroportun bərpasına bir neçə ildir başlayıb. Erməni mənbələrinin xəbərlərinə inansaq, hazırda zəruri avadanlıqların quraşdırılması prosesi gedir. Lakin ermənilər özləri də etiraf edirlər ki, belə avadanlıqların alınmasında problemlər var. Çox güman ki, sərnişin aeroportları üçün avadanlıqlar istehsal edən xarici şirkətlər Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimlə əməkdaşlıqdan qaçırlar və ermənilər üçüncü tərəf vasitəsilə bu avadanlıqları almağa çalışırlar. Onlar ictimaiyyəti inandırmağa çalışırlar ki, Xankəndidən İrəvana sərnişin təyyarələrinin uçuş vaxtı çox da uzaqda deyil. Eyni zamanda, erməni rəsmiləri ümid edirlər ki, Azərbaycan bu uçuşlara problem yarada bilməyəcək, çünki beynəlxalq konvensiyalar sərnişin təyyarələrinin vurulmasını qadağan edir.

Rəsmi Bakı isə hələ aeroportun tikintisinin təzə başladığı vaxtdan elan edib ki, onun Azərbaycanın icazəsi olmadan fəaliyyətə başlaması mümkün deyil. "Azərbaycan hava yolları" Qapalı Səhmdar Cəmiyyəti uçuşların başlayacağı haqda xəbərlərlə bağlı ermənilərə beynəlxalq mülki aviasiya konvensiyaları barədə dəfələrlə xatırladıb. Mülki aviareyslərlə bağlı məsələlər "Çikaqo Konvensiyası" adı ilə tanınan və 1947-ci ildən qüvvədə olan "Beynəlxalq mülki aviasiya haqqında konvensiya" sənədi ilə nizamlanır. BMT-nin qurumu olan Beynəlxalq Mülki Aviasiya Komitəsi isə bu sahədə üzv dövlətlər arasında münasibətləri tənzimləyən əsas beynəlxalq orqandır. Beynəlxalq Mülki Aviasiya Komitəsinin rəsmi sanksiyası olmadan heç bir aeroport fəaliyyətə başlaya bilməz. Çünki komitə fəaliyyətə başlamaq üçün aeroportlara müvafiq beynəlxalq kod verir. Bunun üçün isə ərazinin məxsus olduğu dövlətin razılığı olmalıdır. Sənəddə deyilir ki, Beynəlxalq Mülki Aviasiya Komitəsinə üzv ölkələr öz ərazisinin hava məkanında tam suverenliyə malikdir. İndiki halda BMT Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Deməli, Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal altında olsa da, Azərbaycan bu ərazilərin hava məkanına tam sahiblik etmək hüququnu özündə saxlayır. Konvensiyaya əsasən üzv ölkələr öz əraziləri üzərindən uçan mülki təyyarələrə qarşı silah işlətməkdən çəkinmək, hava məkanını pozan mülki təyyarələrin məcburi endirilməsi zamanı sərnişinlərin həyatı üçün risk yaratmamaq kimi öhdəliklər götürüblər. Ermənilər məhz bu müddəaya arxalanaraq belə hesab edirlər ki, Azərbaycan onun icazəsi olmadan Xankəndidən qalxan mülki təyyarələrə qarşı silah işlədə bilməz. Lakin ermənilər elə buradaca unudurlar ki, söhbət BMT-yə üzv dövlətlərdən gedir, Dağlıq Qarabağdakı rejimi isə hələ heç kim beynəlxalq hüququn subyekti kimi tanımır və tanımağa hazırlaşmır. Sözügedən konvensiya onu da tələb edir ki, hər bir ölkə öz suveren hava məkanında uçan mülki təyyarələrin silah daşıdığı, yaxud digər təhlükəli əməllərdə istifadə olunduğu haqda şübhələrə malik olsa, onların məcburi endirilməsini tələb etsin. İndiki halda Xankəndi aeroportuna reysləri Ermənistanın mülkiyyəti kimi qeydiyyatdan keçmiş təyyarələr həyata keçirə bilər. Çünki sözügedən konvensiya hər bir hava gəmisinin beynəlxalq orqanda aid olduğu ölkənin mülkiyyəti kimi qeydiyyatdan keçməsini tələb edir. Lakin bu halda Ermənistan Azərbaycan ərazilərinə reyslər təşkil etmək üçün hökmən Bakının razılığını almalıdır. Bir müddət əvvəl Gürcüstanın separatçı Abxaziya bölgəsi də Suxumi aeroportundan reyslər həyata keçirməyə, o cümlədən beynəlxalq reyslərin təşkilinə cəhd etmişdi. Lakin rəsmi Tbilisi bu cəhdin qarşısını Beynəlxalq Mülki Aviasiya Komitəsi vasitəsilə ala bildi. Azərbaycanın da əlində Xocalı aeroportunun ermənilər tərəfindən işə salınmasına yol verməmək üçün kifayət qədər müvafiq beynəlxalq mexanizmlər var...

 

Ümidli düşüncələr...

 

Rəvayətə görə, Simurq quşu yanaraq öz külündən yeni-yeni Simurq quşları yaradır. "Xocalı aeroportu" da Simurq quşuna bənzəyir. Özü şəhid olsa da, müstəqillik illərində ölkəmizdə yaradılmış onlarca nəhəng aeroportun mənəvi dayağına çevrilmişdir.

Vaxt gələr, torpaqlarımızı işğaldan azad edərik, qədim Xocalı yurdunda müasir tipli beynəlxalq hava limanı tikərik və Milli Qəhrəmanımız Əlif Hacıyevin adını da ona ərməğan edərik. O zaman Azərbaycan Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyində mühafizə olunan "Xocalı aeroportu" adlı mini-ekspozisiya yeni eksponatlar hesabına daha da zənginləşər.

 

 

Yusif KƏRİMOV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 4.