Xocalı faciəsi "Soyqırımının Beynəlxalq Hüquqi Norması"nın yurisdiksiyasına düşən cinayətdir

 

Mənşəcə latın sözü olub soykökü məhv etmək mənasını daşıyan "genosid" termininin müxtəlif izahları mövcuddur. Bu termini beynəlxalq mütəxəssislər milli qrupların həyati əhəmiyyətli əsas dayaqlarının məhv edilməsinə yönəldilmiş müxtəlif hərəkətlərin əlaqələndirilmiş planı kimi izah edirlər. Yəni, məqsədli şəkildə milli qrupların soykökünün, mədəniyyətinin, dilinin, milli hisslərinin, dininin və iqtisadi mövcudluğunun məhv edilməsi, alçaldılması, bir sözlə, zülm edilən qrupun milli özünəməxsusluğunun yox edilməsi kimi ifadə edilir.

Məlum Nürnberq Tribunalı Nizamnaməsinin altıncı maddəsində genosid müharibə zamanı insanlıq əleyhinə törədilmiş cinayətlərin təsdiq edilmiş hissəsi kimi göstərilir. Həmin maddədə cinayətin tərkibi belə ifadə olunur: "Müharibəyə qədər və müharibə zamanı hər hansı bir mülki əhaliyə qarşı törədilmiş qətllər, məhvetmə, əsarət altına alma, deportasiya və digər qeyri-insani aktla, həmçinin hadisələrin baş verdiyi dövlətin milli qanunvericiliyində pozuntuların baş verib-verməməsindən asılı olmayaraq tribunalın yurisdiksiyası altına düşən hər hansı bir cinayətin törədilməsi məqsədilə siyasi, irqi və dini əsasda təqib etmək".

Genosid termini 1948-ci ilin dekabrında, İkinci Dünya müharibəsindən sonra ilk dəfə hüquqi status aldı və Konvensiyada müxtəlif izahları müəyyənləşdirildi. Siyasi genosid milli hökumətin tamamilə məhv edilməsi, sosial genosid milli ruh dayaqlarının zəiflədilməsi cəhdləri, xüsusən də cəmiyyətin ziyalı təbəqəsinə hücum edilməsi, mədəni genosid yerli dilin işlədilməsinə qadağa qoyulması, milli-mədəni dəyərlərə ciddi nəzarət edilməsi, kitabxanaların, millətə məxsus arxivlərin, qədim əlyazmaların yandırılması, qədim maddi və mədəniyyət abidələrinin dağıdılması, iqtisadi genosid milli-iqtisadi həyat tərzi dayaqlarının məhv edilməsi, bioloji genosid bilərəkdən demoqrafiq artımın qarşısının alınması, uşaqların həyat qabiliyyətinin azaldılması, dini genosid dini mənbələrin və ibadət yerlərinin məhv edilməsi, mənəvi genosid isə milli hisslərin alçaldılması kimi müəyyən olunur.

XX əsrdə Azərbaycan xalqı genosidin müəyyənləşdirilmiş bütün növlərinə dəfələrlə məruz qalıb. İki dəfə soyqırımı törədilib, düşünən başlar, ziyalılar məhv edilib, arxivlər yandırılıb, tarixi abidələr dağıdılıb, uzun zaman dili yasaqlanıb, yadlaşdırılıb, dini inanc yerləri bağlanıb, etiqadı qadağan olunub.

XX əsrdə bir neçə dəfə İrəvanda yaşayan azərbaycanlılara məxsus təhsil və mədəniyyət mərkəzləri bağlanıb, tarixi yaşayış məskənlərinin adları erməniləşdirilib. 1947-ci ildən 1953-cü ilə, sonra da 1988-ci ilə qədər bu ərazilərdə yaşayan soydaşlarımıza məxsus yüzlərlə kənd, şəhər adı dəyişdirilib. Beynəlxalq Konvensiyada qeyd edilənlər mənəvi genosid kimi qəbul edilsə də, dünya buna hələ ki göz yumur.

1948-ci il Konvensiyasına görə, genosid cinayətində təqsirləndirilən şəxslərə universal yurisdiksiya təyin edilir. Qaydaya görə, birinci təqsirli bilinən şəxslər ərazisində cinayətin törədildiyi dövlətin səlahiyyətli məhkəməsi tərəfindən mühakimə olunur, ikinci konkret işin baxılması üçün beynəlxalq cinayət məhkəməsi yaradıla bilər.

Dünya praktikasında soyqırımı (genosid) aktı kimi daha çox 1935-1945-ci illərdə yəhudilərin və qaraçıların faşist Almaniyasında məhv edilməsi (Holokost), eləcə də İkinci Dünya müharibəsi zamanı Avropanın işğal olunmuş dövlətlərinin mülki əhalisinin qətlə yetirilməsi, Pol Pot və Yieqn Sari rejimi tərəfindən 1974-1979-cu illərdə Kambocanın üç milyon əhalisinin məhv edilməsi tanınır. Həmin il "qırmızı kxmerlər"in həyata keçirdikləri soyqırımı nəticəsində üç milyon kambocalı öldürülmüş, milli azadlıqları qəsb edilmiş, xüsusən uşaqlar və din adamları amansızlıqla qətlə yetirilmişdi. Buraya 1932-1933-cü illərdə Sovet İttifaqı rəhbərliyinin Ukraynada həyata keçirdiyi hərəkat zamanı aclıqdan baş verən kütləvi qırğınlar, erməni-Azərbaycan, gürcü-abxaz, gürcü-osetin münaqişələri zamanı da etnik zəmində baş verən kütləvi qırğınlar və etnik təmizləmə də daxildir. 1994-cü ildə Ruandada törədilən kütləvi qətllər də soyqırımı (genosid) hesab olundu. Sonralar təqsirli bilinən şəxslər Beynəlxalq Tribunal və Ruandanın milli məhkəmələri tərəfindən mühakimə olundular.

BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyada bildirilir ki, soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Konvensiyanın hər bir maddəsindən məlum olur ki, genosid siyasətini törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması qaçılmazdır. Cinayətin tərkib hissəsinə nəinki onun törədilməsi, həmçinin genosidin törədilməsi məqsədilə birgə planın hazırlanması, genosidin törədilməsinə təhrik edilmə, genosidin törədilməsinə cəhd və onun törədilməsində iştirak da daxildir.

Məlumdur ki, Xocalı soyqırımı da əvvəlcədən düşünülmüşdür. 4-cü ordunun 366-cı alayı hazır vəziyyətə gətirilərək bir neçə gün əvvəlcədən Xocalı şəhəri ilə ətraf aləmin əlaqəsi kəsilmişdi. Cinayət hadisəsi baş verən gün dinc əhalinin şəhəri tərk etməsinə şərait yaradılmamış, əksinə, qaçıb canını qurtarmaq istəyən icmanı tanklardan açılan atəşlə qətlə yetirərək qarın üzərinə səpələmiş, sağ qalanları - uşaq, qadın və qocaları əsir götürüb min bir əzab və işgəncə ilə öldürmüşlər. Lakin hələ də nə beynəlxalq hüquqi müstəvidə, nə də Konvensiyanın Əsasnaməsinə uyğun cinayətkarlar mühakimə olunmayıblar. Halbuki bu cinayətkarları nə arxiv sənədlərində, nə də tarixçilərin uydurmalarında axtarmağa gərək yoxdur, onların tək-tək ad-familiyaları belə həm Azərbaycana, həm də Nürnberq məhkəməsinin hakimlərinə bəllidir. Onların çoxu hazırda yaşayır.

Azərbaycana qarşı törədilən soyqırımın tarixi bir neçə yüz ildir davam edir. Bu tarix XIX əsrin əvvəllərində - 1813-cü ildə Azərbaycan ərazisinin çar Rusiyası və İran arasında bölüşdürülməsi haqqında imzalanan "Gülüstan" və 1828-ci ildə "Türkmənçay" anlaşmasından başlayır. Ondan da öncə I Pyotur Rusiya imperiyasının gələcək konturlarını cızarkən Cənubi Qafqaza göndərdiyi elçilərinə "erməniləri özümüzə cəlb etməyə çalışın ki, gələcəkdə Rusiyanın dayağı olsunlar" ifadəsi xalqımızın qarşıdakı əsrlərdə başına gətirələcək faciələrin icrasının möhürü idi. Bununla da Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasına, eyni zamanda, Azərbaycan xalqının soyqırımına başlanıldı.

1988-ci ilin yanvarından etibarən "türklərsiz Ermənistan" siyasətinin planlı şəkildə reallaşdırılmasına başlanıldı. Ermənistan hökuməti terror təşkilatlarının əli ilə SSRİ-nin himayəsi altında azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiya törətdilər və qədim Azərbaycan torpaqları tamamilə boşaldıldı. Xatın, Lidits, Oradurlar faciəsi bəşəriyyət tarixində iz qoymuş ən qanlı hadisələrdir ki, Xocalı faciəsi də bu sıradadır. Xocalı soyqırımı beynəlxalq qaydalara uyğun genosid siyasəti kimi qiymətləndirilməlidir. Çünki beynəlxalq aləmdə tanınmış sənədlər bunu təsdiq edir: "1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A saylı qətnaməsi ilə qəbul edilən "Genosid siyasətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya", Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Məhkəməsinin Statusu, həmçinin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların Genosidi haqqında" 26 mart 1998-ci il fərmanı. "Xocalı soyqırımı: milyon imza - bir tələb" (Bakı - 2007, səh. 124).

"...Beləliklə, Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilmiş hərəktlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq genosid kimi qiymətləndirilir və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq insanlıq əleyhinə cinayət hesab olunur və məsuliyyətli şəxslərin cəzalandırılması nəinki Ermənistanın vəzifəsidir, həmçinin bütün dünya ictimaiyyətinin vəzifəsi hesab olunur. Çünki genosid real mövcud olan və praktiki olaraq bütün hallarda sülhə təhlükə hesab edilir. Onunla güclü və birləşmiş siyasi cəhdlərlə mübarizə aparmaq lazımdır, xüsusi hallarda isə hərbə də müraciət etmək lazımdır..." (BMT-nin Baş katibi Kofi Annanın Stokholmdakı beynəlxalq konfransda çıxışından, 24.01.2004).

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 4.