Şahbuzun musiqili ünvanı

 

Çox yox, cəmi 4-5 il əvvələ qədər Şahbuz rayonunun mərkəzində çoxmərtəbəli binalar yox dərəcəsində idi. Bu şəhərdə üçmərtəbəli cəmi 2 bina var idi ki, onun biri rayon icra hakimiyyəti, digəri isə respublika əhəmiyyətli müəssisə olan ahıl və kimsəsizlər pansionatı üçün inşa olunmuşdu.

2007-ci ilin dekabr ayında Şahbuz qəsəbəsinə şəhər statusu veriləndən sonra burada tikinti-quruculuq işlərinin həcmi də xeyli artdı. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər rayon mərkəzinə, sözün əsl mənasında, şəhər görkəmi gətirdi. Bir-birinin ardınca müasir tipli, gözoxşayan, könülaçan obyektlər inşa olundu, yeni bağlar, parklar, idman meydançaları salındı, küçələr, prospektlər, meydanlar yenidən quruldu. Bütün bu işlər dağlıq ərazidə, dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşən yaşayış məskənində, özü də qısa vaxtda görülüb.

Son 3 ilin yaddaqalan tikililərindən biri "N" saylı hərbi hissənin zabitləri üçün inşa olunan beşmərtəbəli yaşayış binasıdır. Çünki həmin binanın tikilməsinin rəmzi mənası da var. Naxçıvana səfəri çərçivəsində yeni bina ilə tanış olan Prezident İlham Əliyev demişdir: "Bu gün bu gözəl binanın açılışı rəmzi xarakter daşıyır. Bu, Azərbaycan dövlətinin öz ordusuna olan münasibətinin əlamətidir".

614 şagirdlik dördmərtəbəli orta məktəb binası müasir standartlar əsasında tikilib. Burada təhsili günün tələbləri səviyyəsində qurmaq üçün normal şərait yaradılıb. Müəllim və şagirdlərin ixtiyarına geniş və yaraşıqlı sinif otaqları, fənn kabinet və laboratoriyaları, kitabxana, elektron lövhəli sinif, informatika mərkəzi, idman zalı verilib.

Şahbuza xüsusi yaraşıq verən binalardan biri də şəhərin mərkəzi xəstəxana üçün inşa olunan 4 mərtəbəli 40 çarpayılıq səhiyyə ocağıdır. Xəstəxanada ginekologiya, təcili yardım, cərrahiyyə, terapevt-stasionar, poliklinka şöbələri fəaliyyət göstərir. Almaniya, Yaponiya, Koreya, Türkiyə və Rusiya mənşəli avadanlıq xəstəxanada mürəkkəb cərrahiyyə əməliyyatlarını aparmağa imkan verir. Poliklinika şöbəsində isə ultrasəs müayinəsi, stomatologiya, göz, lor və digər kabinetlər yaradılıb.

Tibb ocağının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev burada görülən işlərdən məmnun qaldığını bildirmişdir: "Bu çox gözəl xəstəxanadır, burada ən müasir avadanlıq quraşdırılıb, çox keyfiyyətlə tikilib. Burada yaxşı işləmək, xəstələrə yüksək tibbi xidmət göstərmək üçün hər cür şərait vardır. Bu gözəl bina həm rayon mərkəzinə - Şahbuz şəhərinə əlavə yaraşıq verir, həm də ki, insanların sağlamlığı üçün böyük funksiyanı yerinə yetirir".

Rayon uşaq musiqi məktəbi üçün də müasir layihə əsasında bina inşa olunub. Dördmərtəbəli bina həm də şəhərin ən yaraşıqlı tikililərindən sayılır. Qeyd edək ki, 1969-cu ildə yaradılan bu təhsil ocağı indiyədək köhnə və yararsız binalarda fəaliyyət göstərirdi. Məşğələ və dərslərin bir qismi rayon mədəniyyət evinin, bir qismi isə "Araz" kinoteatrının otaqlarında tədris olunurdu.

Yeni tikilən binada 44 sinif, 9 yardımçı otaq, xor, nəfəsli alətlər və xalq çalğı alətləri ansamblı üçün məşq zalları var. Hazırda məktəbdə 362 şagirdin təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur ki, onların da arasında öz peşəsinə, sənətinə qəlbən bağlananlar az deyil. Tar müəllimi Natiq Quliyev 30 ildir ki, sənətini cavanlara həvəslə öyrədir. Yetirmələri arasında ali musiqi təhsili alan gənclər çoxdur. Oğlu Elcan və qızı Aygün belə gənclərdəndir.

Natiq müəllim həm də xalq yaradıcılığı sənəti  ilə məşğuldur. Onun təşəbbüsü və iştirakı ilə məktəbdə simli musiqi alətlərinin təmir sexi yaradılıb.

Natiq müəllim burada musiqi alətləri hazırlayır. Deyirlər ki, onun kustar üsulla hazırladığı bu musiqi alətləri keyfiyyətcə digərlərindən heç də geridə qalmır.

Rayonun Kolanı kəndində yaşayan, tulumçalan Cəbi Əhmədov da mahir musiqiçilərdəndir. Sovet dönəmində o, Moskvada, Bakıda və digər şəhərlərdə keçirilən mötəbər festivallarda iştirak edib, mükafatlar alıb. Cəbi müəllim öz sənətini gənclərə həvəslə öyrədib. Çalışıb ki, qədim milli musiqi alətlərimizdən olan tuluma münasibət dəyişməsin. Rayonun musiqi məktəblərində tulum ixtisasının açılmasında da onun böyük əməyi var. Hazırda o, ömrünün müdriklik çağını yaşayır. Amma yetirmələri onun sənətini davam etdirirlər. Rayon uşaq musiqi məktəbinin direktoru Tarverdi Hüseynov onlardan biridir. T.Hüseynovun təşəbbüsü ilə yeni dərs ilindən rayon mərkəzindəki təhsil ocağında da tulum ixtisası üzrə şagird qəbulu aparılacaq.

Şahbuzda aşıq sənətinə də maraq çoxdur. Muxtar Respublika Aşıqlar Birliyi üzvlərinin xeyli hissəsi şahbuzludur. Fərrux Nəbiyev, Sərraf Qasım, Zahir Hüseynov, Hidayət Nuriyev kimi söz, musiqi ustadları muxtar respublikada yaxşı tanınırlar. Məktəbin müəllimlərindən İllarə Vəliyeva, Zeynəb Yusifova, Aydın Cəfərov, Şirin Şirinzadə öz bacarıqlarını saz ixtisası üzrə təhsil alan gənclərə həvəslə öyrədirlər. Yaxşı haldır ki, yeniyetmələr arasında da bu sahəyə maraq göstərənlər çoxdur.

Xanəndə, balaban ixtisasları üzrə siniflər isə son illərdə açılıb. Naxçıvan MR-in əməkdar artisti Gülyanaq Fərzəliyeva, Amil Əsgərov bu sənətlərin sirlərini şagirdlərə həvəslə öyrədirlər. Ümumiyyətlə, məktəbdə şagirdlər 4 şöbədə 9 ixtisas üzrə təhsil alırlar. Onların arasında istedadlı, qabiliyyətli gənclər çoxdur. Ötən il muxtar respublika musiqi məktəblərinin festivalında şagirdlərdən Rauf Bayramov, Anar Məmmədov, Amin Hüseynli mükafata layiq görülüblər.

İki il əvvəl yaradılan nəfəsli alətlər orkestri də artıq formalaşıb. 18 şagirdi ətrafında birləşdirən orkestr tar müəllimi Atabəy Qurbanovun rəhbərliyi altında rayon miqyaslı tədbirlərdə yaxından iştirak edir. Məktəbin direktoru Tarverdi Hüseynov deyir ki, yaradılan şərait bu uğurları daha da artıracaq.

 

 

Məmməd Məmmədov

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 7.