Küveytin nüfuzlu "Əl-Nahar" qəzetində Xocalı faciəsi ilə bağlı məqalə dərc olunmuşdur

 

Fevralın 23-də Küveytin nüfuzlu "Əl-Nahar" qəzetində xalqımızın tarixində qanlı iz buraxmış Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı geniş məqalə dərc olunmuşdur.

Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, bu ərazilərdə erməni vandallarının törətdikləri vəhşiliklər, münaqişə nəticəsində insan tələfatı, xalqımıza dəyən maddi və mənəvi zərər barədə oxuculara ətraflı məlumat verilmişdir.

Yazıda keçmiş sovet ordusunun yardımı ilə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi cinayətlər öz əksini tapmış, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla 613 günahsız insanın vəhşicəsinə öldürüldüyü bildirilmişdir. Bu hadisənin XX əsrin ən dəhşətli cinayətlərindən hesab olunduğu vurğulanmış, məqalədə Xocalı faciəsi İkinci Dünya müharibəsi zamanı nasistlərin həyata keçirdiyi cinayətlərlə müqayisə olunmuşdur.

Müəllif Xocalı həqiqətlərinin üzə çıxması, bütün dünya qarşısında Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin mühüm rolunu xüsusi vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 1.