Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı olduğunu tam təsdiqləyir

 

Müsahibimiz Azərbaycan Respublikası hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar VƏLİYEVdir

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşanan dəhşətli soyqırımı aktından 19 il ötür. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu soyqırımını törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdmüşlər.

Azərbaycan Respublikası hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar VƏLİYEV qəzetimizə müsahibəsində Xocalı soyqırımının istintaqı barədə geniş məlumat vermişdir.

 

- Cənab general, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 23 il ötür. Bu müddətdə Azərbaycan Respublikası Hərbi Prokurorluğında qaldırılmış cinayət işlərinin istintaqı ilə bağlı nə deyə bilərsiniz?

- Sualınıza konkret cavab verməzdən əvvəl erməni millətçilərinin əsrlər boyu ən ağır cinayətlərə əl atmaqla xalqımıza qarşı sistemli şəkildə törətdiyi vəhşiliklərin xronologiyasına qısa nəzər salmaq istərdim. Tarixi faktlara istinad etsək görərik ki, başqa dövlətlərin ərazilərinə göz dikən erməni ideoloqları millətçiliyi və şovinizmi, qonşu xalqlara nifrət ideologiyasını rəhbər tutaraq son iki əsrdə siyasi və hətta terrorçu təşkilatlar yaratmış, erməni diasporunun və lobbisinin imkanlarını bu məqsədlərə səfərbər etmişlər.

1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra ermənilərin İran və Türkiyədən Dağlıq Qarabağa və digər Azərbaycan torpaqlarına köçürülməsinə başlanılmışdır. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsi prosesinə başlanılmışdır. Beləliklə, soyqırımı və terror Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlı kəndlərini əhatə etmişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

Birinci dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşlar. 1918-ci ilin 18 martında əzəli Azərbaycan torpaqlarında qondarma "Ararat respublikası", sonra isə Ermənistan dövləti yaradılmışdır. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdır. Həmin günlərdə ermənilər on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

1920-ci ildən sonra Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədlərı üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan olunmuşdur. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsı siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atmışlar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusı qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bir müddət əvvəl çapdan çıxmış "Gorus - 2010: absurd teatrı mövsümü" əsərində bu və digər tarixi, hüquqi, siyasi faktlar göstərilmiş, erməni ideoloqlarının apardıqları məkrli təbliğatın əsassızlığı sübuta yetirilmişdir.

Erməni millətçiləri ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvı təcavüz kampaniyasına başlamışlar. Ermənistanda yaşayan azərbaycanlı əhalinin hüquqları ermənilər tərəfindən kobudcasına pozulmuş, ana dilində təhsil almalarına əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata keçirilmişdir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdir. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaratmaq məqsədinə yönəlmişdir. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri antiazərbaycan təbliğatı ötən əsrin 80-ci illərinin sonunda daha da güclənmişdir.

1988-ci ilin yanvarından etibarən erməni millətçiləri "türksüz Ermənistan" siyasətini planlı şəkildə həyata keçirməyə başlamışlar. Ermənistan hökuməti, bədnam "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.

Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürd ev-eşiyindən zorla qovulmuşdur. Minlərlə şəxs qəddarlıqla döyülüb işgəncə verilməklə qətlə yetirilmiş, qaçıb canlarını qurtarmağa çalışan yüzlərlə soydaşımız güllələnmiş, yandırılmış, əzab və işgəncələrə dözməyərək infarktdan ölmüşdür. Digər bir qismi suda boğulmaqla, asılmaqla, elektrik cərəyanına verilməklə, başları kəsilməklə qətlə yetirilmişlər.

Respublikamızın o vaxtkı rəhbərliyində olan fərasətsiz kommunistlərin, Kommunist Partiyasının başında duran Əbdürrəhman Vəzirovun qətiyyətsizliyi, vəzifəni itirmək qorxusundan millətin sonrakı taleyinə təsir edən bu cinayətkar hərəkətlərə biganə münasibət bəsləməsi, siyasi iradə ortaya qoymaq qabiliyyətində olmaması xalqın böyük faciələrlə üzləşməsinə gətirib çıxarmışdır,

1988-ci ilin fevral-mart aylarında Əsgəranda, Zəngibasarda, Vedibasarda, o cümlədən Mehmandar, Şirazlı, Xamisə, Sidli kəndlərində azğınlaşmış erməni yaraqlıları tərəfindən azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi və 100-dən artıq evin qarət edilib yandırılması; 1990-ci ilin mart ayının 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanis-Ayrım kəndinin dağıdılması, bir ailənin diri-diri ocaqda yandırılması; 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbə sakini Georgi Sarkisyanın ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplar yaradaraq azərbaycanlıların evlərinə mütəmadi silahlı basqınlar etməsi; 28 avqust 1991-ci il tarixdə erməni silahlılarının Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini top, raket, pulemyot silahlarından, zirehli texnikalardan atəşə tutmaları və nəticədə hər iki kənd sakinlərinin bir qisminin öldürülməsi; 22 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin Əsgəran rayonunun azərbaycanlılar yaşayan Meşəli kəndinə silahlı basqın edərək 25 nəfər dinc sakini qətlə yetirməsi, 40-dan artıq yaşayış evlərini yandırıb, kənd sakinlərinin əmlaklarını və mal-qarasını talan etməsi; 8 mart 1991-ci il tarixdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərinin erməni silahlıları tərəfindən öldürülməsi; 15-17 fevral 1992-ci il tarixlərində həmin kənddə əsir götürülmüş 116 nəfər silahsız dinc əhalinin 67 nəfərinin erməni təcavüzkarları tərəfindən amansızlıqla qətlə yetirilməsi və digər dəhşətli cinayətlərə prinsipial siyasi və hüquqi qiymətin verilməməsi, preventiv tədbirlərin görülməməsi Xocalı soyqırımına zəmin yaratmış oldu.

25 fevral 1992-ci il tarixdə isə erməni silahlı dəstələri SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının komandir heyəti ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc əhalini kütləvi surətdə, xüsusi amansızlıqla və işgəncə verməklə öldürmüş, külli miqdarda dövlət əmlakını, xüsusi mülkiyyətdə olmuş əmlakı məhv etmiş, çoxsaylı dinc əhaliyə divan tutaraq onları girov götürmüşdür. O vaxtkı ölkə rəhbəri Ayaz Mütəllibov və rəhbərliyi təmsil edən digər vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti heyrətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə, çəkinmişdir. Sonralar - AXC-Müsavat hakimiyyəti dövründə isə bu insanlıq əleyhinə cinayətə lazimi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görməmişlər.

Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikada hakimiyyətə qayıdışından sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş terror və soyqırımı cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, həmin cinayətlərə düzgün siyasi və hüquqi qiymət verilməsi üçün məqsədyönlü işlər aparılmışdır.

Ulu öndərin 26 mart 1998-ci il tarixdə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmişdir. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırılır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

- Konkret olaraq Xocalı faciəsinin istintaqı ilə bağlı nə deyə bilərsiniz?

- Yuxarıda qeyd etdiyim kimi, erməni qəsbkarları zaman-zaman xalqımıza qarşı ağır cinayətlər törətmişlər. Prokurorluq və digər hüquq-mühafizə orqanları 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri açaraq istintaq aparmışlar.

Xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymətin verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır. Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə, istintaq aparılması həmin qrupa həvalə edilmişdir. Respublika baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun 2005-ci il 5 may tarixli qərarına əsasən cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi hərbi prokurora həvalə edilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələrı keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmişlər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak etmişlər. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunmuşdur.

Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulmuş, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olmuş, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bu zaman azğınlaşmış erməni quldurları mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən, qarşılarına çıxan insanlara müxtəlif çaplı odlu silahlardan atəş açmış, tank, PDM və digər texnikanın altına salaraq əzməklə qətlə yetirmişlər. İstintaqla müəyyən olunmuşdur ki, qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürmüşlər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetirmişlər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetirilmişlər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilməklə öldürülmüşdür.

Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilmiş, dözülməz işgəncələr verilmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmışdır. Habelə qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmış, meyitlər zorakılığa məruz qalmışdır. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər.

Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1275 nəfər əsir və girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Həmin cinayət işinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq pozmalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun həyata keçirilməsini, işin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədi ilə müəyyən işlər görülmüş, vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilmişdir. Həmin planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapmışdır. Cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda, həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq soyqırımı, isgəncə və icraatı təzələnmiş işlər üzrə üç əsas istiqamət müəyyənləşdirilmişdir.

Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri

1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilmişdir. Yeri gəlmişkən qeyd etmək istərdim ki, cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında son dövrlərdə keçirilən islahatlardan sonra daha da sürətlənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, respublikanın baş prokuroru Zakir Qaralovun 30 mart 2009-cu il tarixli əmrinə əsasən, respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin tərkibində Xüsusi istintaq şöbəsi yaradılmış, yuxarıda göstərilən cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilmişdir.

Bundan sonra beynəlxalq hüquq normalarına uyğun soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılmış, nəticədə 1 yanvar 2011-ci il tarixədək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılmışdır. Məhkəmə qərarlarına əsasən, onların barələrində həbs qətimkan tədbiri seçilmiş, axtarışları elan edilmiş, bununla bağlı müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilmişdir.

Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən göründüyü kimi, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulmuşdur. İş üzrə istintaq tədbirləri davam etdirilir.

- Cənab general, maddi ziyanla yanaşı, erməni qəsbkarları işğal etdikləri rayonlarda tarixi mədəniyyət abidələrini də məhv etmişlər. Bununla bağlı istintaq aparılırmı?

- Həqiqətən də, işğal altında olan maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar, faktlar mövcuddur. Bütün bunlarla bağlı Hərbi Prokurorluqda cinayət işləri açılmışdır və zəruri istintaq hərəkətləri davam etdirilir.

- Ümumiyyətlə, hansı beynəlxalq normalara istinad edərək Xocalı faciəsinin soyqırımı kimi tanıdılmasına nail olmaq mümkündür?

- İstintaqla müəyyən edilmişdir ki, beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədi ilə insanlığa ləkə olan ən qəddar üsullara əl atmışlar. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazilərində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 19 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

İstintaqla bu da müəyyən edilmişdir ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atmış, misli görünməmiş qətliamlar törətmişlər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bütün bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz.

Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda mindən artıq insanı girov götürən ermənilər bu prinsipə aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış Xocalıda dinc əhalinin məhvi üçün qəddar üsula əl atmışlar. "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.

Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr SSRİ-nin Xankəndidə yerləşən 366-cı alayın hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud surətdə pozulmuşdur.

366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmışdır. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.

- Cənab general, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi ilə bağlı hələ də müəyyən fikirlər səsləndirilir...

- Hesab edirəm ki, Xocalı faciəsinə Azərbaycan dövləti və Milli Məclisi səviyyəsində tam hüquqi və siyasi qiymət verilmişdir. Bəli, nə qədər paradoksal hal olsa da, deməliyəm ki, bu iddiaları səsləndirən qüvvələrin hakimiyyəti dövründə erməni qəsbkarlarının bu müdhiş cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində işlər yetərli aparılmamış, Azərbaycanın haqq səsi dünyaya vaxtında çatdırılmamışdır.

Yalnız ulu öndər, dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə məqsədyönlü, sistemli və qətiyyətli iş aparılmışdır. Dünyanın mötəbər xitabət kursülərindən beynəlxalq ictimaiyyətə xalqımızın haqq sözünu çatdıran ümummilli liderimiz gecəli-gündüzlü yorulmaz fəaliyyət göstərməklə yanaşı, respublikamızın bütün dövlət orqanlarının, təsisatlarının da Xocalı, Bağanis-Ayrım, Əskipara, Kərkicahan, Qaradağlı, Meşəli və s. faciələri barədə həqiqətlər haqqında dünya ictimaiyyətinə olduğu kimi məlumat vermələri üçün lazımi tədbirlər görmüşdür.

Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son 17 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.

Ümummilli lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən matəm tədbirlərində iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev, eyni zamanda, Azərbaycanımızın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir.

Ulu öndər Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Azərbaycan Respublikası Milli Məclisinin 26 fevral 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı"nda isə bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaqdır.

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində möhtərəm Prezident İlham Əliyev də ardıcıl və sistemli tədbirlər həyata keçirir. Hər il Prezident Administrasiyası tərəfindən tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.

Sonda onu da vurğulamaq istərdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı təsdiq edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyildir. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayacağını qətiyyətlə bəyan edir. Bu, Azərbaycan xalqının müstəsna hüququdur və onu heç bir dövlət bu yoldan çəkindirə bilməyəcəkdir. Münaqişənin başlanmasının əleyhinə olan dövlətlər isə "ikili standartlar"dan əl çəkərək, ilk növbədə, təcavüzkar dövlətə təsir göstərməli, BMT qətnamələrinin icrasını təmin etməlidir.

Artıq dünya ictimaiyyəti də həqiqətin nədən ibarət olduğunu çox yaxşı başa düşür. İslam Konfransı Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı faciəsinə "erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa qarşı cinayət" kimi qiymət verilmişdir. Bütün bunlar möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü xarici siyasətin mühüm uğuru kimi qeyd olunmalıdır.

Əminik ki, azərbaycanlılara qarşı ağır hərbi cinayətlər törətmiş erməni hərbçilərinin tutularaq ədalət mühakiməsi qarşısında cavab verəcəyi gün uzaqda deyildir.

 

 

Müsahibəni yazdı: Samir MUSTAFAYEV

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 7.