Tarixin bağışlamayacağı qanlı cinayət

 

Xocalı soyqırımı erməni qəsbkarlarının insanlıq və bəşəriyyət əleyhinə qanlı əməllər törətdiyinin əyani sübutudur

 

Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli genosid aktı idi.

Həmin gün azğınlaşmış erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirmişdilər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər.

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün zorakılıqdan qaçıb qurtarmaq istəyən insanlar ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Şəhərdən çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar həm də ermənilərin 19 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il tarixli konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş bu konvensiyada ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırımı adlandırılmışdur. Eyni zamanda, bu konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyulmuşdur. Konvensiyanın 2-ci maddəsinə görə, soyqırımı hər hansı milli, etnik, irqi və dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqasına verilməsi.

Konvensiyanın 3-cü maddəsinə görə, soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa iştirak və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımında iştirak cəzalandırılan əməllər sırasındadır. Bu kriteriyalar baxımından Xocalı qətliamının soyqırımı kimi tövsif olunmasına ciddi hüquqi əsaslar mövcuddur. Ümumən Azərbaycan hakimiyyəti bu məsələdə həm də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statutusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 104-cü maddələrini əldə əsas tutur. Azərbaycanlılara qarşı tarixən tətbiq olunan soyqırımı, deportasiya, işgəncələr və qeyri-insani rəftar, eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının, İşgəncələrə qarşı BMT və Avropa Şurası konvensiyalarının və digər aktların kobud şəkildə pozulması deməkdir.

Azərbaycan 1996-cı il 31 may tarixdə BMT-nin 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyasını ratifikasiya etmiş, milli qanunvericiliyini bu sənədə uyğunlaşdırmaq istiqamətində tədbirlər görmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin VII bölməsinin fəsillərə bölünməsində bu konvensiyanın tələbləri nəzərə alınmış, 16-cı fəsil "sülh və insanlıq əleyhinə cinayətlər", 17-ci fəsil "müharibə cinayətləri" adlandırılmışdır. Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə "Soyqırımı" (maddə 103), "Soyqırımın törədilməsinə təhrik etmə" (maddə 104) maddələri daxil edilmişdir.

Erməni silahlı qüvvələri və Dağlıq Qarabağın silahlı separatçı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndiyə dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə Xocalıda törətdikləri qətliamda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və Xankəndidə yerləşən 366-cı alayın hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmişlər. 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud surətdə pozulmuşdur.

Xatırlatmaq lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində hər il dövlət səviyyəsində digər tədbirlər də həyata keçirilir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər ardıcıl xarakter daşımalı, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları öz tərəfindən bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanının - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda, səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər. Türk və Azərbaycan diasporlarının bu istiqamətdə birgə iş aparmasını da yeni dövrün siyasi reallıqları tələb edir.

Heydər Əliyev Fondunun son 6 ildə həqiqətlərin, ilk növbədə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət digər qeyri-hökumət təşkilatları üçün də örnək sayıla bilər. Fond Xocalı soyqırımının 15-ci ildönümü ilə 2007-ci il fevralın 19-dan 26-nadək Türkiyənin İstanbul şəhərində və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmişdir. Tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil olunmuşdur. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı uşaqların gözü ilə" sərgisi nümayiş etdirilmiş, erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır.

Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Tunisdə İSESCO Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" beynəlxalq məlumat təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Son illər bu məqsədlə dünyanın bir çox ölkələrində "Xocalıya ədalət" veb-saytının təqdimetmə mərasimləri keçirilir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) də bu kampaniyaya dəstək olaraq Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl və sistemli iş aparır. Xatırlatmaq istərdim ki, hələ ötən il təşkilatımız Strasburqdakı "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsi ilə əlaqədar həmin şəhərdə silsilə etiraz aksiyaları keçirmişdir. Fevralın 27-də isə Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun Kleber meydanında kütləvi etiraz mitinqi keçirmişdir. Həmin aksiyada Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, türk diaspor təşkilatları (Strasburq Türk Ailələri Fedarasyonu, Türk Ocaqları), habelə ətraf şəhərlərdə çalışan digər təşkilatların nümayəndələri də iştirak etmişlər. 300 nəfərdən çox nümayəndənin qatıldığı tədbirdə ermənilər qarışıqlıq salmaq, onu pozmaq istəsələr də, buna nail olmamışlar.

ATXƏM Strasburqdakı "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar bu il də fevralın 25-26-da Avropanın siyasi mərkəzlərindən olan Strasburq şəhərində yenidən bir sıra tədbirlər keçirir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində 26 fevral, saat 14.00-da Strasburqdakı Kleber meydanında mitinqin keçirilməsi də nəzərdə tutulmuşdur.

"Biz müdafiədə deyil, hücumda olmalıyıq" - deyən Prezident İlham Əliyevin yürütdüyü çevik və qətiyyətli diplomatiya bədnam erməni lobbisinə qarşı bütün cəbhələrdə effektiv əks-hücumun təşkilini nəzərdə tutur. İnanırıq ki, aparılan bu sistemli iş nəticəsində tərəqqipərvər dünya ictimaiyyəti də Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş soyqırımı olduğunu dərk edəcək, ölkəmizin haqq səsi daha geniş coğrafi arealda eşidiləcək, erməni millətçilərinin ifşası prosesi sürətlənəcəkdir.

 

 

İlham İSMAYILOV,

Azərbaycanlıların və digər

Türkdilli Xalqların Əməkdaşlıq

Mərkəzinin sədri

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 9.