II Respublika muğam müsabiqəsinin qalibləri müəyyənləşdirilmişdir

 

Fevralın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsinin yekununa həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşmışdır.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyevin təhsilin, mədəniyyətin inkişafına daim böyük önəm verdiyini xatırlatmış, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

Nazir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Azərbaycan muğam sənətinin dünya mədəniyyətində özünəməxsus yeri və rolu olduğunu qeyd edən M.Mərdanov müsabiqənin əhəmiyyətini vurğulamışdır.

Tanınmış mədəniyyət xadimlərinin, sənətsevərlərin iştirak etdikləri tədbirdə müsabiqənin sonuncu turunun nəticələri açıqlanmışdır. Üç turdan ibarət olan və 18 yaşından 35 yaşınadək iddiaçıların iştirak etdikləri müsabiqənin nəticələrinə görə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Aytən Məhərrəmova, Ehtiram Hüseynov və Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Nişanə Baxışova müvafiq olaraq I, II və III yerləri tutmuşlar. Qaliblər mükafatlandırılmış və onlar mart ayında ölkəmizdə keçiriləcək II Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanmışlar. Müsabiqənin qalibi olmuş gənclər muğamlarımızı ifa etmişlər.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 11.