Qibləsi kənd idi

 

Əli Vəliyev -110

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq yazıçısı Əli Vəliyev özünəməxsus ədəbi irsə malik, silsilə romanları ilə nəsrimizi zənginləşdirən unudulmaz nasirlərdən biri idi. Əli Vəliyev həm də xalqımızın taleyini öz şəxsi həyatında yaşamış, onun ağrı-acılarını ürəyində daşımış, erməni-daşnak zülmünün hər cür üzünü görmüş, didərginliyin, qaçqınlığın əzablarını çəkmiş fədakar bir şəxsiyyət olub. Tənqidçi Qulu Xəlilov deyərdi: "Həyatın sərt üzü Əli Qaraoğluna bir bütövlük, əsl kişi xarakteri bəxş etdi". Bu səbəbdən də bütün ömrü boyu əqidəsinə, məramına sadiq qaldı. Uzun illər şəhərdə yaşamasına baxmayaraq, qibləsi kənd idi.

Əli Vəliyev 1901-ci ilin fevral ayında Zəngəzur mahalının Qarakilsə (Sisian) rayonunun Ağdü kəndində anadan olub. İlk təhsilini kənddə alsa da, erməni daşnaklarının törətdiyi qırğın nəticəsində çox erkən doğulduğu yurdu itirən Əli Vəliyevin həyat yolu müxtəlif döngələrdən keçib. Həm yetimliyin, həm yurdsuzluğun əziyyətini çəkən Əli Vəliyev həyatın ağır sınaqlarından qalib çıxmaq üçün üzləşdiyi hər bir bəlaya dözməyi, çıxış yolu tapmağı bacarıb. Gah Şuşada firqə məktəbində oxuyub, gah Ağdamdan səsi gəlib, gah yenə də Şuşa Pedaqoji Texnikumunda təhsil alıb, sonralar Bakıda Dövlət Pedaqoji İnstitutunda ali təhsilini tamamlayıb. Həyatın acıları hələ uşaq ikən onun beynində müxtəlif mövzuların yaranmasına səbəb olub. Gənc Əli Vəliyevin imzası o dövrün müxtəlif qəzet və jurnallarında görünməyə başlayıb. "İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" və başqa qəzet və jurnallarda hekayələri dərc olunub. Erməni zülmünün hər cür əzabını görmüş bu zavallı gəncin ölkəni bürüməkdə olan və insanları öz cərgəsinə çəkən inqilaba inamı yaranmaya bilməzdi. Bu səbəbdən də Əli Vəliyevə elə gəlirdi ki, zülmət gecənin işıqlı səhəri məhz bu yoldadı. 1930-cu ildə Ağdam Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışan Əli Vəliyev həm də "Kolxoz sədası" adlı qəzetin redaktoru idi. Sonralar səsi Laçın, Qubadlı rayonlarından, Naxçıvandan gəldi. Bir tərəfdən partiya işində çalışır, o biri tərəfdən isə müxtəlif qəzetlərdə bədii yazıları ilə çıxış edirdi.

Ölkəni bürüyən repressiya illərində Əli Vəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundu. Sonralar bu ittifaqda təşkilat katibi, məsul katib, nəsir bölməsinin rəhbəri və digər vəzifələrdə çalışdı. İkinci Dünya müharibəsi başlananda sovet ordusunun tərkibində Krım cəbhəsində yazıçı-jurnalitst kimi fəaliyyət göstərdi. Sonralar "Kommunist" qəzetində çalışan Əli Vəliyev bir müddət də bu mətbu orqanda redaktor işlədi. Bioqrafiyasında iş yerləri çoxdur. "Azərbaycan" jurnalında çalışmış, ömrünün sonuna kimi də qələmini yerə qoymamışdır.

Əli Vəliyev bir yazıçı kimi Azərbaycan ədəbiyyatına maraqlı töhfə vermişdi: "Nənəmin cəhrəsi", "Madarın dastanı", "Qarlı dağlar", "Qəhrəman", "Sovqat", "Gülşən", "Çiçəkli", "Ürək dostları", "Zamanın ulduzları", "Turaclıya gedən yol", "Ana qız", "Bir cüt ulduz", "Samovar tüstülənir", "Durna qatarı", "Qarabağda qalan izlər", "Zəngəzur qartalları", "İşığa doğru" və başqa kitabların müəllifidir. Amma mənim xatirimdə, yaddaşımda və biz nəslin duyğularında iz salan kitabı "Budağın xatirələri"dir. Bu əsəri dəfələrlə oxumuşam. Uşaqlıq illərimdə, gəncliyimdə və nəhayət, indi. Hər dəfə də bu kitabı başa vurduqdan sonra bir müddət özümə gələ bilməmişəm. Dəhşətlisi budur ki, 1957-ci ildə yazılmış və ötən əsrin əvvəllərini, xüsusilə də erməni daşnaklarının Zəngəzurda törətdikləri faciələri əks etdirən bu əsər indi də aktualdır. Orada cərəyan edən hadisələrin mahiyyətinə vardıqca sanki bu faciələr 1918-1920-ci illərdə deyil, 1988-1990-cı illərdə baş verib. Çünki namərd qonşularımız məhz eyni plan əsasında azərbaycanlıların yaşadığı kəndlərə hücum edib, onların mülklərini, evlərini dağıdıb, olar-olmazını əllərindən alıb, insanlara işgəncələr verərək qətlə yetirib, soydaşlarımızı öz doğma ocaqlarından didərgin salıblar. Əli Vəliyev bir yazıçı ustalığı ilə başına gələnləri elə təsirli qələmə alıb ki, bu kitabı oxuduqca damarlarında qan donur, xalqımızın başına min bir müsibət açmış ermənilərə nifrətlə alışıb- yanırsan.

"Budağın xatirələri" kitabı bir növ işğal edilmiş kəndlərimizin bədiiləşmiş obrazıdır. Çünki müəllif hələ kitabın giriş hissəsində doğma kəndini belə təsvir edib: "Kəndimiz Salvartı dağının ətəyindədir. Kövşənimizdən üç el yolu keçir. Camaatımız bunlara Cada deyir. Yazın 45-dən payızın ortalarına qədər bu yollar boş qalmır. Əriş - arğac kimi tərəkəmə köçünün ardı-arası kəsilmir. Mahalın ən böyük kəndində biz yaşayırıq. Atasından, qardaşından təzə ayrılıb özünə çomalaq tikənləri nəzərə almasaq, buraya "beş yüz evli Vüqarlı" deyirlər (Vüqarlı - Ağdü kəndinin romanda obrazıdır - F.X.)". Bu kitabda həm kəndin təsviri, həm də ətraf qonşu yaşayış məskənləri haqqında zəngin məlumatlar var. Həmin əsərin başqa bir yerində Əli Vəliyev yazıb: "Bizim kövşənlə Gorusun arası dağlı-dərəli, təpəli yerlərdir. Buraların axar-baxarı çox gözəldir. Dərələrdən ətir qalxır. Təpələr yaşıl dona bürünüb. El yolunun altı, üstü çiçəklə bəzənib. Bizim kəndlə Gorus şəhərinin arasında Arpa, Buğda təpələri, Göbək daşı, Yantəpə, Üçtəpə, Soyuqbulaq, Göybulaq, Yeddibulaq kimi yerləri görür, bir çox müsəlman tacirinəErast gəlirdim. Yolum enişli-yoxuşlu, səfərim uzaq idi". Fikir verirsinizmi, yer adlarının hamısı türk sözlərindən ibarətdir.

Kitabı vərəqlədikcə gözümüz önündə qəribə mənzərələr açılır. Vaxtilə yaşadığımız, bəlkə də qədrini bilmədiyimiz o dilbər yerlərin mənzərələri pərdə-pərdə dəyişir. Elə bil hər şey dünən olmuşdu. Biz də bu müəlliflə bərabər doğma yurddan harasa çıxıb gedirik. Yol boyu arxamızca su səpən buludlar, xeyir-dua verən küləklər nəsə pıçıldayır. Bu xəyali səfərlərin içindəcə Əli Vəliyevin qələmə aldığı xatirələr vətən həsrəti çəkən bizləri bərk təsirləndirir.

Əli Vəliyev gördüklərini bir rəssam istedadı ilə sözlə ifadə etməyi, doğma yerlərin ələdüşməz təbiətini, gözəlliyini yaratmağı çox gözəl bacarıb. Hərdən kitabın müəyyən hissəsini oxuduqca adamın ürəyinə sanki köz sıxılır. Əli Vəliyev yazırdı: "Yeddinovlu bulağın üstünə gəlib doyunca su içdim. Bir qədər oturub yenə kəndə baxdım. Alçaq daş hasarla araları kəsilmiş yoncalıqlar, Qızılqayanın altında, Qalayerinin qabağında meyvə bağları, Ağdüzdən gəlib kəndin içindən ötən, Yovşanlı düzdən adlayıb Qarabulağa enən poçt yolu, Çilliklə Ağoyuğun arasında düzlə birləşmiş enli yoxuş bir an belə gözlərimdən aralanmırdı... Buğda təpələrinə boylananda Çöplü çuxuru unutmadım. Qaranlıq Kahaya nəzər salanda Örənçəni, Ayı Kahasının üstündəki Kotan Yerini görəndə Ağsaqqal çuxuru gözümdən yayınmadı..."

Misal gətirdiyimiz bu nümunələrdə sonsuz bir gözəllik, qeyri-adi mənzərələr var. Fikir verirsinizsə, müəllif nə qədər toponim işlədib. Orada yad ifadəyə, yad sözə rast gəlinmir. Bütün bunlar isə Ağdü kəndinin, ümumiyyətlə, Zəngəzur mahalının qədimliyindən və onun məhz türklərə məxsusluğundan xəbər verir. Əli Vəliyev elə belədən, xala xətrin qalmasın yazmazdı: "Mahalda müsəlman kəndləri içərisində bizim kənd ən böyüyü idi".

Təəssüf ki, bu könül sevindirən söhbətlərdən sonra müəllif ürəkağrısı ilə başına gələn faciələri də dilə gətirib. O, atasının anasına dediyi bir xəbəri belə qələmə alıb: "Andronik adlı birisi Osmanlı torpağında farağat oturmadığı üçün hökumət onu tutmaq istəyib. O da qaçıb gəlib Gorusa. Bu şəhərdə... daşnaklar çoxdur. Həmin o daşnaklar Androniki silahlandırıb əlinin altına çoxlu qoşun veriblər. Məqsəd budur ki, müsəlmanları qırsınlar". Bax, faciə də bununla başladı. 1918-ci il Zəngəzur mahalına qış şaxta və soyuqdan çox, qırğınla gəldi. İnsanlar erməni vəhşiliyinin qurbanı oldular. Doğma yerlərlə ayrılıq məqamını Əli Vəliyev belə qələmə almışdır: "Zəngəzur mahalından aralanmaq, torpağımızdan ayrılmaq, suyumuzdan göz çəkmək ağır idi... Çalbayır gədiyində dayanıb Mağaviz dərəsinə baxanda dərdim təzələndi... Düzünə qalsa, İşıqlı dağı iri bir yorğan, Zəngəzur bu yorğanın üzü, Mağaviz astarı təsirini bağışlayırdı. Göz işlədikcə başı qarlı dağlar, yaşıl təpələr, göy məxmərli düzlər görünürdü..." Bunlardan sonra yazıçının ağır günləri başlayıb və nəhayət, uzun illərdən sonra Azərbaycanın məşhur yazıçısına çevrilib. Dünyasını vaxtsız dəyişmiş oğlu Məsud istedadlı tənqidçi idi. Ədəbi tənqiddə sərt və obyektiv yazı müəllifi kimi ad qazanmışdı. Nəvəsi Afaq Məsud hazırda tanınmış yazıçı və dramaturqdur.

Əli Vəliyev uzun illər irihəcmli əsərlər yazdı, vətən haqqında xatirələr qələmə aldı, jurnalistlik etdi. Danışırlar ki, ermənilər vaxtilə İrəvan şəhərində Andronikin heykəlini qoymaq istəyəndə Əli Vəliyev dərhal Moskvaya uçaraq bunun qarşısını almışdı. Bu səbəbən də həm əsərlərində, həm yeri düşdükcə nitqlərində daşnakları pisləyən, onların iç üzünü açan yazıçını ermənilər sevmirdilər. Maraqlıdır ki, Əli Vəliyev bir də ata yurduna ahıl çağında döndü. 1971-ci ildə unudulmaz yazıçının anadan olmasının 70 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilirdi. Təbii ki, sovet dövründə yaşadığımız üçün xalq yazıçısının doğulduğu yerdə də yubiley mərasimi olmalı idi. Həmin ilin yazında Əli Vəliyev sənət dostları - tənqidçi Qulu Xəlilov, şairlərdən - Famil Mehdi, Məmməd Rahim və başqaları ilə birlikdə rayona gəlmişdi. Xalq yazıçısını - o dövrdə SSRİ-də məşhur olan bir qələm sahibini rayon mərkəzində ermənilər qarşılamadılar. Onlar Əli Vəliyevə düşmən kimi baxırdılar. Amma qonşu kənddə yaşayan azərbaycanlılar, eləcə də Bakıdan gələn ziyalılar Əli Vəliyevi nəinki Zəngəzurun girəcəyində, Naxçıvanda qarşılayaraq böyük təntənə və sıralanmış maşın karvanı ilə doğulduğu, yeniyetmə ikən zorla tərk etdiyi, yaşının müdrik çağında döndüyü doğma Ağdü kəndinə gətirdilər. Kənd klubunda gözəl bir mərasim təşkil edildi. İndi də o görüş gözlərim önündən çəkilmir. Əli Vəliyev uşaq kimi kövrəlmişdi. Səsi titrəyir, gözləri dolub-boşalırdı. O axşam qəribə bir hadisə də baş verdi. Sonralar bunu Qulu Xəlilovdan eşitmişdim. Həmin tədbirdə bir ağsaçlı qoca qadın gözlərini yazıçıya dikərək baxışlarını bir an belə ondan yayındıra bilmirdi. Əli Vəliyev nə qədər həyəcanlı olsa da, həssas idi. O bu dolu baxışlardan bir mətləb anlamasa da, ürəyinə şübhə damdı. Tədbirdən sonra soruşdu:

- Ay bacı, sifətin mənə çox tanış gəlir. Nə qədər çalışdım, tanıya bilmədim.

Yaşlı qadın sıxılaraq: - Tanımadınsa, nə dəxli var, ay Əli müəllim?

- Noolar, tanışlıq ver, kimsən?

- Nə deyim? Doğrudan da dəsmal ayrılıq imiş.

Bu sözlər Əli müəllimə güllə kimi sıxılır. Sən demə, kənddən çıxanda əhd-peyman etdiyi, yadigar üçün dəsmal bağışlayaraq "bunu ölüncə saxla" dediyi və sonrakı qəzavü-qədərdə ölmüş sandığı ilk sevdasıdır. Demə, qadın heç də ölməyibmiş. Çox sonralar kəndə qayıdıblar. Ömrü boyu da əhdinə sadiq qalıb. Amma bircə dəfə də olsun Bakıya sifariş göndərməyib ki, mən salamatam. Bu da erməni qəddarlığının bir mənəvi zülmü idi.

İndi nə o yurd yerləri var, nə də Əli Vəliyev. Yaxşı ki yazılanlar qalıb. Əli Vəliyev bir vaxtlar "Zəngəzur qartalları" yazdı, "Qarabağda qalan izlər" söylədi. Bizə elə gəlir ki, bax, elə bu qartallar da o izləri yenidən bərpa edəcək.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-26 fevral.- S. 7.