Sankt-Peterburq şəhərində Xocalı faciəsi ilə bağlı konfrans keçirilmişdir

 

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 25-də Sankt-Peterburqun M.Qorki adına Mədəniyyət Evində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi baş konsulluğun birgə təşkilatçılığı ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş "Xocalıya ədalət!" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

600-dən çox soydaşımızın qatıldığı konfransda Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri, nüfuzlu adamları kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə tanınmış yazıçı, professor Yuri Pompeyevin şəxsi xatirələri əsasında yazılmış "Qarabağ gündəliyi" Robert Arakelovun "Erməni ziyalısının etirafı" kitablarının təqdimatı keçirilmişdir. Xocalıda törədilmiş vəhşilikləri əks etdirən fotosərgi nümayiş olunmuş, tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" məlumat toplusu təqdim edilmişdir.

Konfransı giriş sözü ilə açan baş konsul Qüdsi Osmanov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə ətraflı məlumat vermiş hazırda kampaniyanın geniş vüsət aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Baş konsul nüfuzlu İslam Konfransı Təşkilatının Parlament İttifaqı tərəfindən qəbul olunmuş qətnamə barədə məlumat verdikdən sonra gəncləri "Xocalıya ədalət!" kampaniyasında fəal iştirak etməyə çağırmışdır.

Tədbirin təşkilatçılarından biri olan, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyini təmsil edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin aspirantı Natiq Əliyev çıxışında Fondun nümayəndəliyi tərəfindən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində görülən işlər barədə geniş məlumat vermişdir.

MDB Parlamentlərarası Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi Aydın Cəfərov Xocalıda törədilmiş cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün imkanlardan istifadə olunacağını, soydaşlarımızın, xüsusilə tələbələrimizin gənclərimizin Azərbaycan tarixindəki bu qanlı səhifəni heç zaman unutmayacağına əmin olduğunu bildirmişdir. Tədbirdə iştirak edən nüfuzlu adamları çıxışlarında Xocalı faciəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün vasitələrdən istifadə olunmasının vacibliyini vurğulamışlar.

Konfransda yenilənmiş justiceforkhojaly.org saytının təqdimatı keçirilmişdir. İştirakçılara saytdan istifadə qaydaları barədə geniş məlumat verilmişdir.

Tədbirdə Xocalıda törədilmiş cinayətə hüquqi qiymət verilməsi məqsədi ilə nüfuzlu beynəlxalq qurumlara ünvanlanmış Bəyannamə qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-27 fevral.- S. 2.