Arzuların çin olsun...

 

O növrəstə gəlini tanıya bilməzsiniz indi...

Bir saçını ağ, bir saçını qara hörə-hörə, torpaq uğrunda qurban getmiş ömür-gün yoldaşının yadigarlarını böyüdə-böyüdə ömrünü şam kimi əritdi. Qoymadı ki, isti ana qucağında balalarını boran-qar vura. Bir yandan da mətinləşdi, övladlarının kürəyi arxasında kişi qeyrəti ilə dayandı, ata nisgilini unutdurmağa çalışdı onlara.

Özünün isə... Düşmənin söndürdüyü ocağı, cəlladların viranə qoyduğu yuvası bu illər ərzində bir an belə gözünün önündən getmədi. Gecələr də yuxusunda ev-eşiyini, bağ-bağçasını gördü. Bir dəqiqə belə unuda bilmədi nisgilini. Hətta həyat ona sevinc dolu anlar bəxş edəndə də...

Qızını gəlin köçürəndə ürəyindən bir gizilti keçdi: "Kaş bu "Vağzalı" Xocalıdakı həyətimdə səslənəydi".

İlk dəfə böyük oğlunun universitet diplomunu əlinə götürəndə özündən ixtiyarsız sağa-sola boylandı. Sanki sevincinə şərik olacaq insanı axtarırdı. Qəhərləndi, astadan pıçıldadı: "Bunun da əli çörəyə çatdı. Ruhun şad olsun!".

Sonbeşiyini əsgərliyə yola salanda da göz yaşlarını qəlbinə axıtmağa çalışdı. Özünü toplayıb:

- Oğul, unutma ki, atanın uğrunda şəhid olduğu torpağı qorumağa gedirsən...

İlk nəvəsi dünyaya gələndə ad sonalamadı. Dönüb divardan asılmış şəklə baxdı. Mətləbi hamının ürəyincə oldu... İndi bircə arzusu var bu qadının. Babasının adaşı olan həmin körpəni də qucağına götürüb yurduna-yuvasına qayıda. Balaları ilə əl-ələ verib sönmüş ocağını təzədən yandıra, külə dönmüş torpağını təzədən göyərdə...

Arzuların çin olsun, bacım!..

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2011.-27 fevral.- S. 3.