Belarusun milli bayramı şərəfinə

 

İyunun 30-da Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, səfir Nikolay Patskeviç qonaqları salamlayaraq demişdir ki, cari il Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin tarixində xüsusi yer tutur. Bu əlaqələr strateji əhəmiyyət daşıyır və qarşılıqlı etimada əsaslanır.

Səfir Belarus ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu və xidmətlərini xüsusi vurğulamışdır. Diplomat bildirmişdir ki, bu əlaqələr inkişaf edir, daha da dərinləşir.

Rabitə informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin adından əziz bayram münasibətilə Belarus xalqını təbrik edərək vurğulamışdır ki, iki ölkə arasında əlaqələr möhkəm təməl üzərində qurulmuşdur, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. Münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyəti vardır.

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin dəfələrlə artdığını vurğulayan nazir, ikitərəfli əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Qəbulda dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

 Azərbaycan.- 2011.- 1 iyul.- S.4.