Astanada İslam Əməkdaşlıq Təşkilatının 38-ci sessiyası başa çatmışdır

 

Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 38-ci sessiyası öz işini başa çatdırmışdır.

Sessiyada İƏT-ə üzv olan 57 dövlətin xarici işlər nazirlərinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak etmişlər.

Ölkəmizi bu tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Sessiyanın işinə İƏT Gənclər Forumunun (GF) baş katibi Elşad İsgəndərov və TürkPA-nın baş katibi Ramil Həsənov da qatılmışlar.

Tədbirdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev çıxış edərək müsəlman dünyasının problemləri, bundan çıxış yolları haqqında danışmışdır.

Mərasimdə Elmar Məmmədyarov, Elşad İsgəndərov və Ramil Həsənov çıxış etmişlər.

İƏT-in baş katibi Ekmələddin İhsanoğlu Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının hələ də geri qaytarılmaması səbəbindən əhalinin əziyyət çəkdiyini qeyd etmişdir. Bildirmişdir ki, işğal edilmiş ərazilərin azad olunması həlli vacib məsələlərdəndir.

Üç gün davam edən açıq və qapalı sessiyalarda müsəlman ölkələrinin ən müxtəlif problemləri, Liviya, Suriya, Yəmən, Əfqanıstan, İraq və digər ölkələrdə sülhünsabitliyin qorunması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının hələ də geri qaytarılmaması, Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə dünya ölkələrində "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində aparılan təbliğat işləri haqqında danışılmışdır. Xarici işlər nazirləri Xocalı soyqırımını insanlığa qarşı törədilən cinayət kimi qiymətləndirmişlər.

Sessiyada İƏT GF-nin işi ilə əlaqədar qətnamə qəbul olunmuşdur. Sənəddə təşkilatın üzvü olan ölkələrə "Xocalıya ədalət" beynəlxalq kampaniyasında fəal iştirak etməklə bağlı çağırışlar yer almışdır. Qətnamədə, həmçinin BMT-nin Sivilizasiyaların İttifaqı Proqramında gənclərin rolunun gücləndirilməsi işində Forumun fəaliyyətinə, xüsusilə bu il aprelin 9-dan 11-dək Bakıda Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının təsis edilməsi üzrə görülən işlərə yüksək qiymət verilmişdir. Bundan əlavə, İƏT GF BMT Sivilizasiyaların İttifaqının gənclər sahəsində proqramlarının həyata keçirilməsində İKT-nin yeganə tərəfdaşı kimi qeyd edilmişdir.

Elşad İsgəndərov çıxışında bildirmişdir ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyası faciənin dünya dövlətləri tərəfindən insanlığa qarşı cinayət kimi tam tanınmasınadək davam edəcəkdir. Onun sözlərinə görə, təşkilatın üzvü olan 57 ölkənin Xocalı soyqırımını tanıması o deməkdir ki, BMT-nin üzvü olan dövlətlərin üçdə biri bu faciənin olduğunu təsdiq edir.

Ramil Həsənov çıxışında sessiyanın işini yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu tədbirdə Azərbaycanı və Türkiyəni narahat edən bir çox məsələlər öz əksini tapmışdır.

Sessiyanın müxtəlif iclaslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, xarici işlər nazirləri və digər diplomatlar problemin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyüsuverenliyi çərçivəsində həllinə tərəfdar olduqlarını bildirmişlər.

İKT-nin baş katibi Ekmələddin İhsanoğlu və Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov üç gün səmərəli işlədiklərinə görə nazirlərə və digər nümayəndələrə təşəkkür etmişlər.

Sessiyanın sonunda Astana Deklarasiyası qəbul olunmuşdur.

Sessiya çərçivəsində E.İsgəndərov Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov, ABŞ Prezidentinin İƏT məsələləri üzrə xüsusi nümayəndəsi Rəşid Hüseyn, Ağa Xan İnkişafı Şəbəkəsinin nümayəndəsi İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Əl Madani ilə işgüzar görüşlər keçirmişdir. Görüşlərdə Forumun gənclərin inkişafı yolunda həyata keçirilməsi planlaşdırılan layihələri müzakirə edilmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Astana

 

Azərbaycan.- 2011.-1 iyul.- S.  4.