Silahlı Qüvvələrimiz zəfər yürüşünə tam hazırdır

 

Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə keçirilən təntənəli parad ölkəmizin hərbi qüdrətini bir daha aydın nümayiş etdirən möhtəşəm tədbir oldu. Xalqımız, eləcə də bütün dünya ictimaiyyəti yenilməz Silahlı Qüvvələrə, orduya malik olduğumuza növbəti dəfə şahidlik etdi. Bütün Azərbaycanın qürur hissi ilə izlədiyi hərbi parad, onun nəticələri, doğurduğu təəssürat Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün inşa edilən qəsəbədə keçirilən tədbirdə də əsas müzakirə mövzusu olub.

2008-ci ilin oktyabrında məcburi köçkünlərin ixtiyarına verilən və açılışında Prezident İlham Əliyevin iştirak etdiyi bu qəsəbədə hər cür şərait yaradılıb. Bunu qəsəbə sakinləri də dönə-dönə vurğulayırlar, lakin onların ən böyük istəyi tezliklə doğma torpaqlara qayıtmaqdır. Xocavəndlilər həmin günün uzaqda olmadığına qəti əmindirlər. İyunun 26-da keçirilən hərbi parad bu əminliklərini daha da artırıb.

Hərbi paradla əlaqədar keçirilən tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun təəssüratları olduqca böyük idi:

- Mən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyətinin üzvü kimi möhtəşəmliyi ilə seçilən hərbi paradı tribunadan izləyirdim. Tribuna önündən keçən Silahlı Qüvvələrin müxtəlif növlərinin şəxsi heyəti, nümayiş etdirilən hərbi texnika, ilk növbədə, bir azərbaycanlı olaraq məndə böyük hisslər yaratdı. Belə ordusu olan Vətənin yenilməzliyinə Azərbaycanın bütün vətəndaşlarının daxili əminliyi daha da möhkəmləndi, artdı, gücləndi.

Qeyri-ixtiyari gözlərim önündə 20 il öncəki vəziyyət canlandı. Əgər indiki ordumuz o vaxt olsaydı, nəinki ərazilərimiz işğala məruz qalardı, düşmən heç Dağlıq Qarabağ münaqişəsini törətməyə cəsarət etməzdi. Lakin o dövrdə tamam fərqli vəziyyət hökm sürürdü, vahid komandanlığa tabe nizami ordu yox idi. Əvvəlcədən təpədən dırnağa kimi silahlanan, arxasında böyük güclər duran, ölkə daxilində yaranan çəkişmələrdən istifadə edən düşmən ərazilərimizi yağmalamaq üçün açıq fəaliyyətə keçdi və onun əsas hədəflərindən biri də Xocavənd idi. Buna cavab olaraq Xocavənd camaatının əli silah tutan oğulları bir nəfər kimi döyüşə atıldı. Ancaq təəssüf ki, silahlarımız ən yaxış halda ov tüfənglərindən ibarət idi. Mərkəzdə hakimiyyət uğrunda gedən çəkişmələr, məkrli oyunlar nəinki Xocavəndə, heç bütövlükdə Dağlıq Qarabağa silah və digər yardımlar göndərilməsinə imkan vermirdi. Bunun nəticəsi idi ki, odövrkü ölkə rəhbərliyinə kömək üçün dəfələrlə müraciət etsək də, bizə bir cavab verən, arxa duran olmadı. Özümüz pul toplayıb müdafiə olunmaq məqsədilə silah alırdıq. Silah alınması üçün Ukraynada, digər yerlərdə yaşayan imkanlı qohumlardan, tanışlardan yardım etmələri üçün xahiş etmək məcburiyyətində qalmışdıq. Bütün bunlar hesabına Xocavənddə özünümüdafiə batalyonu yarada bildik. Ancaq vəziyyət ağır idi.

Əslində, bu dövrdə bütün qarabağlılar kimi, xocavəndlilər də Bakıdan, dövlətdən əlini üzmüşdü. Azərbaycan nicatını yalnız ümummilli lider Heydər Əliyevə bağlamışdı. Yaxşı yadımdadır: 1991-ci ilin noyabrında xocavəndlilərin arzusu ilə mən özünümüdafiə batalyonunun komandiri kimi Naxçıvana, Heydər Əliyevlə görüşə getdim. Bütün problemləri, çətinlikləri söylədim. O mənə təkcə siyasi strateq yox, həm də hərbi strateq kimi dəyərli məsləhətlər, tövsiyələr verdi. Bu görüş xocavəndlilərdə böyük ruh yüksəkliyi yaratmışdı.

Ancaq döyüşlər qeyri-bərabər idi, Xocavənd, cəmi Qarabağ taleyin ümidinə buraxılmışdı. Arxamızda nə dövlət, nə də nizami ordu var idi. Daxildəki təxribatçılar da düşməndən az zərər vurmurdu. Bütün bunlar müvəqqəti məğlubiyyətimizin əsas səbəblərinə çevrildi.

Amma indi tamam fərqli vəziyyət hökm sürür. Nə Azərbaycan həmin Azərbaycandır, nə də ordu həmin ordu. İndi Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməyəcəyinə keçirilən möhtəşəm hərbi paraddan sonra düşmən özü də bir daha qəti əmin oldu. 1990-cı illərin əvvələrindən fərqli olaraq, ordumuzun silah, hərbi texnika baxımından problemi, hansısa xarici dövlətdən asılılığı yoxdur. Patronundan tutmuş mərmisinədək, əsgərin geyimindən başlamış ən müasir silahınadək, "İstiqlal"ından pilotsuz təyyarəsinədək hər şey ölkəmizdə istehsal olunur. Ağır hərbi texnikanın, tankların modernləşdirilməsi Azərbaycanda həyata keçirilir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır. Bu ordu istənilən an işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Əgər torpaqlarımızın güc yolu ilə düşməndən azad olunması haqda qərar verilərsə, bütün xocavəndlilər əsgər kimi yenidən döyüşlərə atılmağa hazırdırlar. Ali Baş Komandanın "Qələbəyə doğru irəli" əmrinə yaşından, cinsindən, işindən, siyasi baxışlarından asılı olmayaraq, damarlarında azərbaycanlı qanı axan hər bir Vətən övladı müntəzir olmalıdır. Azərbaycan əsgəri Azərbaycan bayrağını Xankəndidə, Şuşada, digər işğal altında olan torpaqlarımızda dalğalandırmağa, bu yerlərdə ən uca zirvələrə taxmağa, hərbi qələbə paradını keçirməyə bu gün tam hazırdır. Xocavənd batalyonunun əsgərlərinin Ali Baş Komandana - Azərbaycanın yenilməz sərkərdəsinə zəfər raportu verəcəyi günün uzaqda olmadığına da hər bir xocavəndli tam və qəti əmindir.

İki şəhid anası, Xocavənd rayonu Qaradağlı kənd sakini Sevil Əzizova hərbi paradı izlərkən fərəhinin yerə-göyə sığmadığını bildirdi:

- Hərbi paradda mətin addımlarla irəliləyən əsgərlərimizə baxanda iki şəhid övladımın - Alovumun və Atəşimin qanlarının yerdə qalmayacağına bir daha əmin oldum. Qəsəbəmizin açılışında iştirakı zamanı evimizə gələrək bizə hədiyyə etdiyi televizorla Prezidentimizin paraddakı çıxışını izlədim. Ali Baş Komandan İlham Əliyev canlarını Vətən uğrunda fəda edən şəhidlərin qanlarının yerdə qalmayacağını bəyan etdi. Bildirdi ki, şəhidlər ölmür, onlar qəlbimizdə əbədi yaşayırlar! İki şəhid övladım da yalnız cismən aramızda deyil, onların ruhu Azərbaycanladır, bizi doğma torpaqlarımıza hər an qaytarmağa hazır olan ordumuzladır, Silahlı Qüvvələrimizlədir. Şəhid anası kimi fəxr etdim ki, Alov və Atəş ruhən olsa da, hərbi paradda əsgərlərimizlə qoşa addımlayırdı!

Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız tezliklə azad olunacaq. Əgər bu, hərb yolu ilə baş verərsə, bir oğlum var, onu da şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək üçün döyüşə göndərməyə hazıram! Təki Vətən sağ olsun! Bugünkü ordumuz, keçirilən hərbi parad isə bu Vətənin yenilməzliyini düşmənə də aydın göstərdi, onun canına daha dəhşətli qorxu saldı. Düşmən yaxşı bilir ki, xarici ağalarından bundan sonra nə qədər köməyi olsa belə bizim ata-baba torpaqlarımızda duruş gətirə bilməyəcək. Çünki onu bu torpaqlardan süpürüb atacaq ordumuz, ona rəhbərlik edən mahir sərkərdəmiz var.

Xocavəndin Qaradağlı kəndinin müdafiəsi zamanı atası şəhid olan gənc Rəşad Zeynalov Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini söylədi:

- Bu gün Cənubi Qafqazda ən güclü ordu məhz Azərbaycana məxsusdur. Bu ordunun silah-sursatla təminatı baxımından liderlik statusunu yenə Azərbaycan daşıyır. Özü də Silahlı Qüvvələrimizin maddi-texniki təminatında yerli istehsal olan məhsulların payı daha çoxdur. Bunu iyunun 26-da keçirilən hərbi paradda da gördük. Fərəhli haldır ki, ölkəmizdə istehsal edilən hərbi texnika ən müasir standartlara cavab verir. Paradda çıxışı zamanı Ali Baş Komandan qeyd etdi ki, ordumuzun maddi-texniki bazasının möhkəmlənməsində böyük işlər görülüb və son illər ərzində hərbi potensialımız yüksək dərəcədə artıb.

Ordumuzun döyüş, mənəvi-psixoloji hazırlıq səviyyəsi də kifayət qədər yüksəkdir. Düşmən də bunu yaxşı bilir və dərk edir ki, Azərbaycan Ordusu qarşısında duruş gətirmək iqtidarında deyil. Əgər ermənilər dinc şəkildə Azərbaycan torpaqlarını azad etməsə, onda Azərbaycan ordusu zəfər yürüşü ilə ərazilərimizi qısa zamanda yağılardan təmizləyəcək. Hər bir azərbaycanlı gənc kimi mən də doğma torpaqlar uğrunda gedən döyüşlərdə iştirakı özümə böyük şərəf bilərəm!

Digər gənc Nahid Aslanov da Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına toxundu:

- Mənim atam Milli Ordunun ilk zabitlərindən olub. Füzuli istiqamətində aparılan əməliyyatların birində şəhidlik zirvəsinə yüksəlib. Ali Baş Komandanımızın dediyi kimi, şəhidlərin qanı yerdə qalmır və qalmayacaq! Bəli, bugünkü ordumuz istənilən vaxt Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Bunu hərbi paradı izləyən hər bir azərbaycanlı, eləcə də dünya ictimaiyyəti, düşmən özü də aydın gördü. Eləcə də hər bir azərbaycanlının qəlbində qələbəyə inam işığının daha da gur saçması, Azərbaycan ordusunun əzəməti indi düşmənlərimizi daha böyük vahiməyə qərq edir. Bütün bunlar həm də Azərbaycanda ordu quruculuğu prosesində əldə edilən böyük nailiyyətlərin məntiqi nəticəsi kimi çıxış edir. Belə ordu sıralarında qulluq etmək, Vətənin keşiyində durmaq isə bütün gənclərimiz üçün böyük fəxrdir. Çünki lazım gələrsə, məhz bu ordu ilə biz soydaşlarımızı doğma Xocavəndə, Ağdama, Xankəndinə, Şuşaya qaytaracaq.

Məhərrəm Nəsirovun oğlu Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oğlunun Vətən yolunda canını fəda etməsindən qürur duyduğunu bildirir:

- Vətən uğrunda candan keçmək, şəhidlik zirvəsinə yüksəlmək hamıya nəsib olmayan taledir! Bugünkü Azərbaycan ordusunda hər an bu zirvəyə yüksəlməyə hazır olan gənclərimizin sayı minlərlədir. Belə ordusu olan Vətən basılmazdır! İyunun 26-da keçirilən hərbi parad, əsgərlərimizin döyüş ruhu, paradda nümayiş etdirilən hərbi texnika, döyüş sursatları ordumuzun yenilməzliyindən xəbər verdi. Özü də burada Azərbaycan Silahlı Qüvvələrinin yalnız kiçik bir hissəsi nümayiş olunurdu.

Birinci Qarabağ müharibəsi zamanı belə ordumuz olsaydı, düşmən heç yerindən tərpənməmiş onu məhv edərdi! Təəssüf ki, müharibənin ilk illərində ölkəyə rəhbərlik edənlər ordu quruculuğundan daha çox şəxsi mənafelərini güdməklə məşğul idilər. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ordumuz yaranmağa başladı. Daha hamının öz silahlı dəstəsi olmadı. Ulu öndərin ordu qurulması işini Prezident İlham Əliyev də böyük müvəffəqiyyətlə davam etdirdi və indi nizami ordumuz istənilən vaxt düşmənin başına od ələməyə hazırdır. Bunu düşmən də yaxşı bildiyindən tez bir zamanda ərazilərimizdən çıxıb gedəcəyini, əks halda, işğal altındakı torpaqlarımızın onun məzarına çevriləcəyini aydın görür.

Gənc idmançı, məşqçi müəllim Taleh Mirzəyev dövlətin, onun rəhbərinin gənclərə olan diqqət və qayğısından, bunun ordu quruculuğu prosesinə təsirindən söz açdı:

- Bu gün ölkəmizdə gənc nəslə xüsusi diqqət və qayğı göstərilir. Gənc nəslin üzləşdiyi problemlərin həllində, onların vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında tərbiyə olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyasət həyata keçirilir. Bu, gənclərin Azərbaycanın işıqlı gələcəyinə inamlarının daha da artmasında, Vətənə daha çox bağlanmalarında müstəsna rol oynayır. Vətənin rifahı, müdafiəsinə gənclər daha çox töhfə verməyə çalışırlar. Bütün bunlar gənclərin ordu sıralarında daha böyük həvəs və istəklə qulluq etməsinə də təsirsiz ötüşmür. İndi hər bir gənc ordu sıralarını özü üçün böyük şərəf məktəbi hesab edir. Paradda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, ordumuzda xidmət edənlərin əksəriyyəti gənclərdir və onlar milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar.

Digər tərəfdən, bütün xalq kimi gənclər də orduya, Silahlı Qüvvələrimizə, onun Ali Baş Komandanına inanır, güvənir. İyunun 26-da keçirilən parad isə bu inam və etimadın daha da artmasına səbəb oldu. Hamı peşəkar, yenilməz Azərbaycan ordusunun formalaşmasına bir daha şahidlik etdi. Bu ordunun qarşısında isə heç bir düşmən tab gətirə bilməz!

Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə birinci Qarabağ müharibəsi zamanı göstərdiyi şücaətlərə görə "Azərbaycan Bayrağı" ordeninə layiq görülən İbad Hüseynov da müasir Azərbaycan ordusundan, onun yüksək döyüş qabiliyyətindən böyük fəxrlə söz açdı. Qarabağ müharibəsi veteranı İbad Hüseynov Ali Baş Komandanın əmri olacağı təqdirdə ön cəbhədə düşmənlə vuruşa hazır olduğunu da qeyd etdi:

- İndi 1990-cı illərin əvvəlləri deyil. Onda düşmən ordumuzun olmamasından, arxasında dayanan qüvvələrdən, köməksizliyimizdən istifadə edərək ərazilərimizi işğal edə bildi. Ancaq bu işğalın müvəqqəti olduğunu yaxşı bilir. Hərbi parad da göstərdi ki, bizim necə qüdrətli ordumuz var. Bu ordu ilə lap qısa vaxtda düşməni Ermənistana kimi qovmaq mümkündür. Birinci Qarabağ müharibəsində iştirak edən bütün veteranlar kimi, mənim indiki Azərbaycan ordusuna, Ali Baş Komandan İlham Əliyevə inamım sonsuzdur!

Yenidən bu ordu sıralarında olmağa hazıram və bunu özüm üçün böyük fəxr hesab edərəm! Əgər torpaqlarımız güc yolu ilə qaytarılacaqsa, ordumuzun bir əsgəri kimi onun sıralarında zəbt edilmiş ərazilərə daxil olmaq, torpaqlarımızı işğaldan azad etməkdən başqa nə böyük xoşbəxtlik ola bilər ki? Torpaqlarımızı, doğma Xocavəndi, bütün Qarabağı işğaldan azad görəcəyimiz gün uzaqda deyil! Mən buna bütün varlığımla inanıram və yenidən dünyaya göz açdığım yurd yerimizdə gəzib dolaşacağım günə qovuşmağa lap az qaldığına əminəm.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 1 iyul.- S.  5.