ABŞ tarixində ilk dəfə Qarabağa həsr olunmuş poçt markaları buraxılmışdır

 

Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap etdirmişdir.

Fonddan AzərTAc-a bildirmişlər ki, satış üçün nəzərdə tutulmuş bu poçt markaları "Qarabağ: Keçmişə və gələcəyə baxış" layihəsinin bir hissəsidir.

Markaların üzərində Qarabağın tarixi abidələri, qədim alban kilsələri, Şuşa qalası təsvir olunmuşdur.

Qarabağ Fondu bu markaları hədiyyə olaraq ABŞ-ın tanınmış marka kolleksiyaçılarına da təqdim edəcəkdir. Markaları əldə etmək istəyən hər kəs Qarabağ Fondunun internet saytındakı onlayn mağazadan bu link vasitəsilə sifariş verə bilər: http://www.karabakhfoundation.org/pages/shop/karabakh-stamps/.

Markaların satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini reallaşdırmaq üçün sərf olunacaqdır.

Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı, onun Qarabağ bölgəsini və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, xalqımızın mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarını həyata keçirir.

 

 

Azərbaycan.- 2011.-1 iyul.- S.  6.