Yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır

 

İyulun 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Oqtay Əsədov bu cür səfərlərin münasibətlərimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etmişdir. Milli Məclisin Sədri ötən il İrana səfəri çərçivəsində keçirdiyi görüşləri və danışıqları müsbət dəyərləndirmiş, İran parlamenti sədrinin ölkəmizə səfərinin parlamentlərimiz arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyinə inamını ifadə etmişdir. Bildirilmişdir ki, xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dini bağlılıq əməkdaşlığımızın inkişafı üçün əlverişli zəmin yaradır.

Sədr demişdir ki, İran ilə əməkdaşlığın inkişafı Azərbaycan Prezidentinin diqqət mərkəzindədir və bu sahə ölkənin xarici siyasətində prioritet istiqamətlərdəndir. Bugünədək iki ölkə arasında münasibətlərimizin hüquqi bazasını təşkil edən 90-dan artıq sənəd imzalanmışdır. Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyası iqtisadi, ticarət və humanitar sahələrdə münasibətlərimizin inkişafında müsbət rol oynayır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 167 milyon ABŞ dolları təşkil etmişdirsə, bu ilin yanvar-aprel aylarında bu göstərici 110 milyon ABŞ dollarından çox olmuşdur. Biz hesab edirik ki, bu sahədə daha yüksək nəticələr əldə etmək üçün geniş imkanlar vardır.

O.Əsədov əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu xüsusi qeyd etmiş və bildirmişdir ki, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız İKT, BMT kimi nüfuzlu təşkilatlarda birgə səmərəli fəaliyyət göstərirlər. Yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır.

Mili Məclisin Sədri Azərbaycanın Cənubi Qafqazda sürətlə inkişaf edən ölkə olduğuna diqqət çəkərək Dağlıq Qarabağ probleminin bölgənin inkişafına əngəl törətdiyini və regionun təhlükəsizliyini təhdid etdiyini söyləmişdir. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində erməni silahlı birləşmələri ölkənin 20 faiz ərazisini işğal etmiş, 1 milyon insan öz ata-baba yurdundan qovulmuşdur. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, 20 ilə yaxındır ki, bu sahədə real bir nəticə yoxdur. Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində aradan qaldırılmasına tərəfdarıq. Bu məsələdə İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, İran İslam Respublikası münaqişənin ədalətli həllində səylərini əsirgəməyəcəkdir.

İran parlamentinin sədri Əli Laricani Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləmişdir. O, dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin roluna diqqət çəkərək qanunverici orqanların müvafiq komitələri arasında əlaqələrin dərinləşməsinin əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, komitələr və hər iki parlamentdəki dostluq qrupları arasında əlaqələrin dərinləşməsi qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir.

İran parlamentinin sədri siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımızın inkişafı üçün heç bir problem olmadığını vurğulamış, əməkdaşlığın dərinləşməsinin xalqlarımızın ümumi mənafeyinə xidmət etdiyini bildirmişdir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Laricani İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etmişdir. O, problemin həllində və regionda qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində İran, Türkiyə, Azərbaycan arasında fikir mübadiləsi və məsləhətləşmələr aparmağın vacibliyini qeyd etmişdir.

Bildirilmişdir ki, bölgənin aparıcı dövlət rəsmilərinin Naxçıvanda keçirdikləri görüşlər həllini gözləyən məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olmuşdur. Gələcəkdə belə görüşləri davam etdirmək məqsədəmüvafiq olardı.

Qonaq Yaxın Şərq regionunda baş verən proseslər, narkotik qaçaqmalçılığına və terrorizmə qarşı mübarizə barədə fikirlərini açıqlamışdır.

Söhbətin sonunda Milli Məclisin Sədri Əli Laricaniyə onun dəvətini qəbul edərək Azərbaycana səfər etdiyi üçün bir daha minnətdarlığını bildirmişdir. O.Əsədov qonağın söylədiyi fikirlərə öz münasibətini ifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli barədə demişdir ki, problemin aradan qaldırılmasının üç yolu vardır: danışıqlar prosesi, təcavüzkara iqtisadi təzyiq, hərbi yol. Biz problemin sülh yolu ilə həllinə tərəfdarıq. Ancaq danışıqlar da sonsuzadək davam edə bilməz. Hərb yoluna əl atmamışdan qabaq təcavüzkara iqtisadi təzyiqlərdən də istifadə olunmalıdır. Əgər bu olmasa, bölgə üçün xoşagəlməz hallar yarana bilər. Bu baxımdan regiondakı problemlərin bölgənin aparıcı dövlətləri arasında müzakirə olunması təşəbbüsünə müsbət yanaşırıq.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, İran parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə, Madər Musayev, Arif Əşrəfov, ölkəmizin İrandakı səfiri Cavanşir Axundov, İran parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Səyid Kazım Musəvi, İranın ölkəmizdəki səfiri Məmmədbaqir Bəhrami və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-2 iyul.- S.  5.