Azərbaycan gəncliyi gələcəyin "qızıl fondu"dur

 

Hər bir cəmiyyətdə xüsusi sosial-demoqrafik qrup kimi dəyərləndirilən gənclik tarixən inkişaf proseslərinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edib. Həyatın bütün sahələrində ən dinamik, fəal təbəqə qismində fərqlənən yenə gənclər olubzaman indibu reallığı dəyişdirməyib. Bu mənada qətiyyətlə demək olar ki, gənclik həm də cəmiyyətin inkişaf tempi və səviyyəsini göstərən indikatordur. Sürətli tərəqqiyə can atan istənilən dövlət və ölkə qarşısında duran ən mühüm şərtlərdən biri gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülmüş siyasətin həyata keçirilməsidir. Belə bir siyasətin mövcudluğu gəncliyin özünüifadəsinə geniş imkanlar yaradır, onun inkişaf prosesində daha fəal rol oynamasını şərtləndirir.

Yeni dünya tarixinə dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri kimi daxil olan Azərbaycanda gənclik özünün sürətli yüksəliş mərhələsini yaşayır. Azərbaycan dövləti tərəfindən gənclərlə bağlı həyata keçirilən konstruktiv siyasət bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də müasir Azərbaycanın daha dinamik tərəqqisi naminə gənclərin öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Buna paralel olaraq gənclərin müasir biliklərə, dünyagörüşünə yiyələnməsi istiqamətində məqsədyönlü addımlar atılır, müvafiq tədbirlər görülür. Qeyd edilənlərə konkret misal olaraq Azərbaycan gəncliyinin təhsil məqsədilə dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini, zəruri biliklər almaq üçün onlara yaradılan şəraiti göstərmək olar. Belə bir uzaqgörən, perspektivə hesablanmış siyasətin müəllifi Azərbaycanda gənclər siyasətinin memarı ümummilli lider Heydər Əliyevdir.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərin böyük himayədarı olub. Gənc nəslə sonsuz qayğı ilə yanaşan Heydər Əliyev onların problemlərinin həlli istiqamətində əməli addımlar atıb, Azərbaycanın sağlam gələcəyi üçün gəncliyin müasir nailiyyətlərdən istifadəsinə yol açan genişmiqyaslı işlər görüb. Onlara dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaq, Vətənə yüksəkixtisaslı kadrlar olaraq qayıtmaq imkanları yaradıb. Gənclərlə bağlı analoji siyasət bu günPrezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.

Faktdır ki, Azərbaycan dövlət başçısının rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti bizim nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasında müstəsna rol oynayır. Belə bir prioritet siyasət, həmçinin gəncliyin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda formalaşmasına xidmət edir. Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsinə gətirib çıxarır. Dövlətin gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllinin təmin edilməsi Prezident İlham Əliyevin prioritet önəm verdiyi məqamlar sırasında yer alır. Onun "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" sərəncamı belə bir diqqətin konkret təzahürüdür. Şübhəsiz ki, dövlət proqramının hazırlanaraq icraya yönləndirilməsi gənclərin üzləşdikləri problemlərin həlli ilə yanaşı, onların cəmiyyət həyatında oynadıqları rolun daha da artmasına zəmin yaradacaqdır.

Sözügedən kontekstdə Prezident İlham Əliyev gənclərin intellektual potensialının yüksəldilməsinə xidmət edən müxtəlif tədbirlərə də xüsusi diqqət yetirir. Bunun ən bariz nümunələrindən biri kimi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"nın təsdiq edilməsini göstərmək mümkündür. Bütün təbəqədən olan savadlı gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradan proqram minlərlə gənc azərbaycanlının dünyanın ən nüfuzlu təhsil ocaqlarında bilik alması və ölkəmizə yüksək peşəkar mütəxəssislər kimi dönməsinə gətirib çıxarır.

Azərbaycan gənclərinin müasir biliklərə yiyələndiyi ən nüfuzlu ali təhsil müəssisələrindən biriRusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutudur (Universitet). Qürurverici faktdır ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev bu ali təhsil müəssisəsinin fəxri doktorlarıdır. Hazırda onların şəkilləri universitetdə fəxri doktorlar üçün ayrılmış guşədə öz layiqli yerini tutur. Eyni zamanda, Azərbaycan Prezidenti MDBMİ-nin beynəlxalq əlaqələr fakültəsinin məzunudur və bir müddət burada yetişməkdə olan diplomatlar nəslinə dərs də demişdir. Biz azərbaycanlı tələbələr üçün xüsusilə fərəhlidir ki, hər birimiz bu nüfuzlu ali məktəbin ilk kursuna qəbul olunduqdan sonra universitetin müəllim kollektivi bizə cənab İlham Əliyevin məhz bu təhsil ocağının tələbəsi olması barədə məlumat verir, onunla bağlı xatirələrini bölüşür. Universitetdə təhsil alan hər bir azərbaycanlı tələbə kimi mən də bundan böyük qürur duyuram.

Burada müxtəlif ixtisaslar üzrə biliklər alan azərbaycanlı tələbələr isə istər təhsildə, istər davranışında, istərsə də müxtəlif hadisələrə münasibətində nümunəvi olmağa borcludur. Çünki burada bizləri həm də universitetin ən qabiliyyətli məzunlarından olan, daha sonra buraya müəllim kimi qayıtmış Azərbaycan Prezidenti İlham Əliyevin həmyerlisi kimi tanıyırlar. Digər tərəfdən, biz belə bir məsuliyyətimizi də dərk edirik ki, Azərbaycanın nəinki bu elitar təhsil müəssisəsində, habelə Rusiyadakı elçiləriyik. Ölkəmiz haqqında rəyin formalaşmasında tələbə gənclərin şəxsi nümunəsi, təhsildə nail olduqları uğurlar kifayət qədər böyük rol oynayır. Yəni, Rusiyada tələbəlik təkcə təhsil potensialı deyil, həm də Azərbaycan reallıqlarının fəal təbliğatçısı olmaq deməkdir.

Hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda 90 nəfərədək azərbaycanlı təhsil alır. Onların 60 nəfəri Azərbaycanın, qalanları isə Rusiya Federasiyasının vətəndaşıdır. Amma bu formal fərqə baxmayaraq, hamımızı azərbaycançılıq məfkurəsi, ulu öndərimizin dediyi kimi, azərbaycanlı olmaq fəxarəti birləşdirir. Biz universitetin Azərbaycan klubunda birləşərək uğurlu fəaliyyət göstəririk. Kluba Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva rəhbərlik edir. Məlumat üçün qeyd etmək istərdim ki, Leyla xanım klub yaranan gündən 2010-cu ilin noyabr ayına kimi onun prezidenti olub. Daha sonra klub üzvlərinin yekdil rəyi əsasında klubun fəxri prezidenti seçilib. Elə universitetdə təhsil alan azərbaycanlı tələbələr fəaliyyətlərində bu ali məktəbin magistr pilləsini başa vuran Leyla Əliyevanı özlərinə örnək hesab edirlər. İlk növbədə, ona görə ki, Leyla Əliyeva təkcə Moskvada yox, bütün Rusiyada Azərbaycan gəncliyinin layiqli təmsilçisdir. Məhz onun rəhbərliyi altında Rusiyada gənclərimiz mükəmməl şəkildə təşkilatlana biliblər. Onları birləşdirən ən böyük qurum kimi çıxış edən və Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) ölkəmiz barədə reallıqların Rusiya ictimaiyyətinə çatdırılması, Azərbaycan həqiqətlərinin böyük bir coğrafiyada yayılması, eyni zamanda, iki dövlət arasında qarşılıqlı əlaqələrin yüksəlməsində özünəməxsus rol oynayır. Ümumiyyətlə, RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim etməyi bacarıb. Təşkilat fəaliyyət göstərdiyi iki il ərzində ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin formalaşmasına əvəzsiz töhfələr verib.

Yeri gəlmişkən qeyd edim ki, iyunun 4-də Sankt-Peterburqun Tavriya sarayında RAGT-nin üçüncü konfransı keçirildi. İnstitutumuzdan mənim də nümayəndə olaraq qatıldığım konfrans gənclər təşkilatının ötən iki ildə fəaliyyətinə yekun vuraraq, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Konfransda çıxış edən Leyla Əliyeva bildirdi ki, RAGT fəaliyyət göstərdiyi müddətdə xeyli görüb, kifayət qədər yaxşı nəticələr əldə edib: "RAGT-nin coğrafiyası daim genişlənir. İndi azərbaycanlı gənclər klubları təkcə MoskvadaSankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da mövcuddur. Təşkilatımız gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə etməyə çalışır".

Leyla xanım çıxışında Rusiya ali məktəblərində fəaliyyət göstərən klubların keçirdikləri tədbirlərə də toxundu: "Xüsusi qeyd etmək istəyirəm ki, Rusiya ali məktəblərinin əksəriyyətində fəaliyyət göstərən Azərbaycan klubları müntəzəm olaraq tədbirlər təşkil edirlər. Mən belə təşəbbüslərə görə həmin tədbirlərin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Çünki bu illər ərzində Azərbaycan musiqisi, milli mətbəx günləri və s. keçirilmişdir. Bu gün Rusiyanın Azərbaycan klubları geniş fəaliyyətlərinə görə örnək ola bilərlər. Biz milli mədəniyyətimizi, adət-ənənələrimizi layiqincə təmsil etməyə çalışırıq, xalqımızın tarixi-mədəni irsinə məhəbbətlə, eyni zamanda, dünyanın mədəni müxtəlifliyinə hörmətlə yanaşırıq. Azərbaycan və Rusiyanı uzun illərdir mehriban qonşuluqdostluq münasibətləri bağlayır".

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda azərbaycanlı tələbələrin yaratdığı klub da öz aktiv fəaliyyəti ilə seçilir. Universitetdə ən çox tədbir məhz bizim klub tərəfindən keçirilir. Belə tədbirlər müxtəlif mövzuları, məsələn, Azərbaycan tarixi üçün əlamətdar olan hadisə və günləri, Heydər Əliyevin həyat və fəaliyyətini və s. əhatə edir. Klubumuz Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, universitetin xarici tələbələrlə üzrə dekanlığı, universitet nəzdində olan tələbə təşkilatları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, klub üzvləri hər il Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkil etdiyi tədbir və konfranslarda iştirak edirlər. Elə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransında da mən və universitetdə təhsil alan daha 8 azərbaycanlı tələbə iştirak edib. Klubumuz idman sahəsində də böyük nailiyyətlərə imza atıb və bu günlərdə universitet klubları arasında mini futbol üzrə keçirilmiş yarışda birinci yerə çıxıb. Universitetin Azərbaycan klubunu Olimpiya komitəsinin sədri və futbol komandasının kapitanı kimi bununla çox böyük qürur duyuram.

O da şübhəsizdir ki, istər Rusiyada, istərsə də digər xarici dövlətlərdə təhsil alan hər azərbaycanlı tələbə gəncin arzusu doğma Azərbaycanı daha qüdrətli və güclü görməkdir. Bunun üçün Azərbaycanın gələcəyi hesab olunan bizlərin üzərinə böyük məsuliyyət düşürbu məsuliyyəti daşımaq, Azərbaycana layiqli xidmət göstərmək böyük şərəfdir.

 

 

Elvin ƏHMƏDOV,

Moskva Dövlət Beynəlxalq

Münasibətlər İnstitutunun

III kurs tələbəsi

 

Azərbaycan.- 2011.-2 iyul.- S.  7.