Azadlıq aşiqinin ömür yolu

 

Neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə döndərmiş 1937-ci ilin qara tufanının qurbanlarından biri də Əhməd Cavad olmuşdur. O Əhməd Cavad ki adı çəkilən kimi bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri-ixtiyari olaraq səslənir:

 

Azərbaycan, Azərbaycan,

Ey qəhrəman övladın şanlı vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

 

Ürəyimizin sevincinə, soydaşlarımızın həmrəyliyinə, qürurumuza çevrilmiş bu misraların müəllifi Əhməd Cavad, ona möhtəşəm musiqi təsiri verən Üzeyir Hacıbəylidir. Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi həyata vəsiqə alan, bir müddət repressiyaya məruz qalaraq yenidən həyata qayıdan himnimiz! Nəqarətdə dönə-dönə təkrarlanan "Azərbaycan" nidası dahi Üzeyir bəyin musiqisi ilə birləşərək təsiredici harmoniya yaradıb. Bu ünsiyyət o qədər qüdrətlidir ki, himnimiz hər dəfə səslənəndə varlığımızda anlamadığımız hisslər baş qaldırır.

Sovet dövründə Əhməd Cavad barəsində elə də dərin məlumatımız olmayıb. Yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra bir sıra ədəbiyyatşünaslar, tədqiqatçılar Əhməd Cavad haqqında müxtəlif tədqiqatlar, kitablar çap etdirdilər. Əhməd Cavadın həyat və yaradıcılığı ilə ən məhsuldar məşğul olan ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Əli Saləddin olub. Sonra bu işi mükəmməl davam etdirən akademik Bəkir Nəbiyev "Əhməd Cavad" adlı kitabı ilə kəşməkəşli və faciəli həyat yaşamış Əhməd Cavadın fəaliyyətinə güzgü tutdu. Bizim üçün xoşdur ki, Əhməd Cavad yaradıcılığı ilə ardıcıl və mükəmməl məşğul olanlardan biri də həmkarımız, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhman Salmanlıdır. Müəllifin "Əhməd Cavad" adlı kitabı ilk dəfə 1992-ci ildə nəşr edilib. Sonra ardıcıl olaraq bir neçə monoqrafiyası işıq üzü görmüşdür. Rəhman Salmanlının "Ozan" nəşriyyatında yeni çapdan çıxmış kitabı "Əhməd Cavadın yaradıcılıq yolu" adlanır.

Yeni nəşrə akademik Bəkir Nəbiyevin yazdığı ön sözdə oxuyuruq: "Bu kitab gərgin əməyin məhsulu kimi tədqiqatçının arxiv sənədləri, mətbuat materialları ilə işləmək bacarığını əyani şəkildə sübut edir. Onun elmi mənbələrə yanaşmaq metodu, təhlil və tənqid üslubu rəğbət doğurur. Ümumiyyətlə, kitabda repressiya qurbanı, milli şairimiz Əhməd Cavadın həyat və yaradıcılığı kifayət dərəcədə bitkin şəkildə işlənmişdir və hiss olunur ki, müəllif gərgin axtarışlar aparmışdır".

Cavadşünaslığa ərməğan kimi dəyərləndirilən kitabın giriş hissəsində müəllif çağdaş azərbaycanşünaslığın elmi-nəzəri qaynaqlarına istinad edərək Əhməd Cavad yaradıcılığı ilə bağlı araşdırma aparan ədəbiyyatşünasların da tədqiqatlarına nəzər salmışdır. Əhməd Cavadın maraqlı və çoxcəhətli yaradıcılığı ilə bağlı çap edilmiş sanballı əsərlər və qəzet, jurnal məqalələrinin poetik xüsusiyyətlərinə toxunan R.Salmanlı şairin yaradıcılığının xarakterik xüsusiyyətləri barədə fikirlərini özünəməxsus üslubda diqqətə çatdırıb.

"Əhməd Cavadın həyatı" adlı bölmədə azadlıq aşiqinin uşaqlıq illəri ilə yanaşı, gənclik dövründən, yaradıcılığa necə başlamasından, böyüdüyü, təhsil aldığı mühitdən ətraflı bəhs edilir. Əhməd Cavad Məhəmmədəli oğlu 1892-ci il mayın 5-də Şəmkir mahalının Seyfəli kəndinin Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Şairin ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. Əhməd Cavad ilk təhsilini mollaxanada almışdır. Sonra ailələri Gəncəyə köçüb. Əhməd Cavad buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında oxuyub. Məlumdur ki, müsəlmanların oxuduğu bu seminariyada uşaqlara, əslində, mükəmməl orta təhsil verilirdi. Əgər orada dərs demiş ziyalıların, müəllimlərin adlarını çəksək, həmin məktəbin hansı səviyyədə olması barədə oxucuda ətraflı təsəvvür yaranar. Hüseyn Cavid, tənqidçi Abdulla Sur, Şeyxülislam Pişnamazzadə və başqaları. Əhməd Cavad bu seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənib. Burada onun ən sevimli müəllimi müəllifin də dediyi kimi Hüseyn Cavid idi.

1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsini alan Əhməd Cavad əmək fəaliyyətinə başlamışdır. Həmin dövrdə Azərbaycanda erməni daşnaklarının törətdikləri iğtişaşlardan insanlar minbir əzaba düçar olurdular. Daşnaklar Ərzurum, QarsBatumda xüsusi qətllər törədirdilər. İnsanlar bir tərəfdən də yoxsulluqdan, aclıqdan, xəstəlikdən əziyyət çəkirdilər. Belə bir mürəkkəb zamanda xeyriyyə fəaliyyəti göstərmək üçün Batuma yola düşmüş Əhməd Cavad orada gələcək həyat yoldaşı Şükriyyə xanımla rastlaşmışdır. Şükriyyə Batum zadəganlarından olan Süleyman bəyin qızı idio zaman Qızlar gimnaziyasında oxuyurdu. Tale elə gətirib ki, Əhməd Cavad Şükriyyəni Gəncəyə qaçırmalı olub. 1917-ci ildə Rusiyada oktyabr çevrilişi baş verdi. Belə bir qarışıq zamanda Azərbaycanın vətənpərvər oğulları 1918-ci ildə Xalq Cümhuriyyətinin yarandığını elan etdilər. Bu gün məhəbbətlə oxuduğumuz himnimizo vaxt doğuldu.

Əhməd Cavad 1922-ci ildə Bakıda pedaqoji ali məktəbə daxil olmuşdu. Bir il sonra həbs edib ittihama çəkirlər ki, cümhuriyyətin fəallarından olan Mirzəbala Məmmədzadənin Türkiyəyə getməsində onun köməyi olub. İttiham sübuta yetmədiyindən Əhməd Cavad azad edilib. "Maarif və mədəniyyət" jurnalında işləyə-işləyə Ali Pedaqoji İnstitutu bitirən Əhməd Cavadın sonrakı fəaliyyəti ali məktəblərlə bağlı olmuşdur. O, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri idi. Amma Əhməd Cavad üçün həyat olduqca çətin keçdi. Ötən əsrin 30-cu illərindən sonra mətbuatda bu millət aşiqinin ünvanına nəinki tənqid, hətta təhqir dolu yazılar çap edildi. Ona çirkab atanlar özləri də yaxşı bilirdilər ki, Əhməd Cavad mənəviyyat və təmizliyi ilə çoxundan yuxarıda dayanır. Lakin buna baxmayaraq şairin əsərlərini "əks-inqilabi yazılar" adlandıraraq onu hər tərəfdən tənqid və təhqir atəşinə tuturdular. Hücumlar qızışdıqca Əhməd Cavad bütün zərbələrə mərdliklə dözürdü və təmkin göstərirdi. Böhtan isə öz nəticəsini verirdi. 1937-ci il iyunun 3-də onu Yazıçılar İttifaqının üzvlüyündən çıxardılar. Beş gündən sonra isə həbs etdilər. 1937-ci il oktyabrın 12-də güllələnib. Bu "xalq düşməni", 45 yaşlı nakam şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olub. Şükriyyə xanım həyat yoldaşının qətlindən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə həbs edilib. Yeddi il sonra sürgündən azad edilən Şükriyyə xanıma Bakıda yaşamaq qadağan olub. Yalnız 1955-ci ilin dekabrında bu başıbəlalı ailə bəraət alıb. Bir faktı da qeyd edək ki, Əhməd Cavadın övladlarından Niyazi, Aydın, Tuqay, Yılmaz Axundzadələr atalarına layiq oğul oldular.

Əhməd Cavaddan yadigar qalan şeirlərin sənətkarlıq xüsusiyyətlərinə toxunan Rəhman Salmanlı yazır: "O, Azərbaycan şeirinin əruz və heca vəznlərindən ən çox istifadə etmiş, ara-bir poetik mətn daxilində sərbəst misralardan da yararlanmışdır. Klassik ədəbiyyatın təsiri altında qələmə aldığı ilk örnəklərdə - qəzəl və rübailərində əruz vəzni, xalq şeirindən, eləcə də bu üslubda yazan başqa sənətkarlardan təsirlənərək qələmə aldığı qoşma və gəraylılarda isə heca vəzni şairin lirik duyğularının tərcümanına çevrilmişdir".

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir.

Bu kitabda diqqət çəkən cəhətlərdən biri də müəllifin Əhməd Cavad yaradıcılığının ideya, estetik dəyərlərini ətraflı təhlilə çəkməsidir. Bu mənada yeni nəşr elmi-tarixi baxımdan böyük əhəmiyyətə malikdir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalmış Əhməd Cavadın yaradıcılığını bu gün ətraflı və mükəmməl şəkildə təhlil və təqdim etmək həm də bizim vətəndaşlıq borcumuzdur. Yaxşı ki, həmkarımız uzun illərdən bəri böyük məhəbbət və təəssübkeşliklə araşdırdığı Əhməd Cavadın yaradıcılığı haqqında ardıcıl olaraq kitablar çap etdirməklə oxuculara bu unudulmaz şair barədə yeni bilgilər verə bilir. Həqiqətən də, müəllifin bir fikri ilə şərik olmağa dəyər: "Əhməd Cavad poetikasında Azərbaycan, vətən obrazı təkcə cansız təbiət, müxtəlif coğrafi obrazlar vasitəsilə deyil, həm də vətənin tarixi boyu yetişmiş, öz xalqına, ölkəsinə şöhrət gətirmiş, onu bütün dünyada tanıtmış şəxsiyyətlərlə assosiasiya edilir".

Vətən Əhməd Cavad üçün həyat, yaşamaq, qələbə demək idi. Onu "xalq düşməni" damğası ilə qətlə yetirənlər anlamadılar ki, əslində, onu cismən öldürdülər. Nə qədər ki Azərbaycan var, türk elləri yaşayır, dənizlərimiz dalğalanır, səhərlərimiz açılır Əhməd Cavad da yaşayır və o bizimlə birgə gələcəyə addımlayır. Qoy dənizlər bayrağımıza baxıb çırpınsın, fırtınalar önümüzdə əyilsin, dost ellərdən xoş sədalar gəlsin və birnəfəsə söyləyək:

 

Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağına!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 2 iyul.- S.  8.