Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

 

Azərbaycan İran üçün mühüm əhəmiyyət kəsb edən dost və tərəfdaş ölkədir. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh danışıqları yolu ilə həll edilməlidir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan İran İslam Şurası Məclisinin Sədri Əli Laricani iyulun 2-də keçirdiyi mətbuat konfransında demişdir.

Azərbaycana Milli Məclisin Sədri Oqtay Əsədovun dəvəti ilə gəldiyini vurğulayan Ə.Laricani demişdir ki, səfərin məqsədi iki ölkənin parlamentləri arasında münasibətlərin daha da genişlənməsinə dair məsləhətləşmələr aparmaqdır.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Azərbaycan ilə İran arasında parlamentlərarası münasibətlərlə yanaşı, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq, regional münaqişələr, eləcə də dünyada baş verən proseslər barədə səmərəli fikir mübadiləsi aparılmışdır.

Bu görüşlərdə deputatların qarşılıqlı səfərlərinin təşkili, parlamentlərarası təcrübə mübadiləsi, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq, iqtisadi-ticarət dövriyyəsinin həcminin artırılması ilə bağlı məsələlərdə razılıq əldə olunmuşdur. Bütün sahələrdə əməkdaşlığın yaxşı nəticələr verdiyi xüsusi vurğulanmış, gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilmişdir.

Əli Laricani İran, Azərbaycan və Türkiyə parlament sədrləri arasında görüşlərin keçirilməsini dəstəklədiyini bəyan etmişbu cür görüşlərin bir sıra problemlərin həllinə kömək edəcəyini vurğulamışdır.

İran İslam Şurası Məclisinin sədri səfərin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin başçısına və digər rəsmi şəxslərə minnətdarlığını bildirmişdir.

Sonra Ə. Laricani jurnalistlərin suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.- 2011.- 3 iyul.- S.2.