Qanunçuluğun və hüquq qaydasının qorunmasında daxili işlər orqanlarının rolu böyükdür

 

Qanunçuluq və hüquq qaydası hüquq nəzəriyyəsi elminin tədqiqat predmetinə daxil olan əsas mövzulardan biridir. Cəmiyyətin hüquqi sistemində bu kateqoriyaların qarşılıqlı əlaqəsi və bir çox ümumi əlamətlərə malik olması inkar edilməzdir. Lakin ümumi cəhətlərə malik olması heç də bizə bu hüquqi kateqoriyaları eyniləşdirməyə əsas vermir.

Bu kontekstdə qanunçuluq və hüquq qaydası dialektikanın səbəb və nəticə metodologiyası əsasında izah oluna bilər. Belə ki, qanun və digər normativ aktların tələbləri hamı tərəfindən yerinə yetirildiyi halda möhkəm hüquq qaydası yaranır. Hüquq ədəbiyyatlarında bu kateqoriyaların anlayışına dair fikir plüralizmi mövcuddur. Müasir hüquq nəzəriyyəsində qanunçuluq dövlət və ictimai həyatın təşkili prinsipi, dövlət idarəetmə metodu və hüquq münasibətlərinin bütün subyektləri tərəfindən qanunların dəqiq və dönmədən icrasını təmin edən xüsusi rejim mənalarında izah olunur. Qanunçuluğun anlayışına dair mövcud olan fikir plüralizmi heç də ziddiyyətli deyil, əksinə, bu cür baxışlar bir-birini tamamlayır və qanunçuluq kimi bütöv bir hüquqi hadisəni formalaşdırır.

Qanunçuluq hüquq münasibətlərinin subyektlərindən bunları tələb edir :

1.İctimai və dövlət həyatında hüququn aliliyi ideyasını təmin etmək.

Qanunçuluq rejimində ictimai münasibətlərin nizamlanmasında əsas rol hüquqa məxsusdur. Burada sosial tənzimetmənin əsasında şəxsi, ideoloji, siyasi və s. oxşar motivlər yox, məhz hüquq dayanır. Lakin bu heç də o demək deyildir ki, bütün münasibətlər hüquqi təsirə məruz qalmalıdır. Demokratik, hüquqi dövlətdə yalnız obyektiv zərurət olduğu halda ictimai münasibətlərin hüquqi tənziminə üstünlük verilir.

Lakin ictimai həyatın bütün sahələrində hüququn aliliyi barədə danışarkən unutmaq olmaz ki, nəzəri kontekstdə qanun, normativ-hüquqi akt və hüquq anlayışları üst-üstə düşmür. Azərbaycan Respublikasının Konstitusiyasında vurğulanır ki, normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır.

2. Qanunun digər normativ-hüquqi aktlara nisbətən üstünlüyü.

Qanun xalqın iradəsini, vətəndaş cəmiyyətinin maraqlarını ifadə edən, ali hüquqi qüvvəyə malik olan, səlahiyyətli dövlət orqanının hüquqyaratma aktıdır. Buna görə qanunçuluq, ilk növbədə, qanunların aliliyi ideyası ilə əlaqələndirilir. Bu kontekstdə qanunun tələblərinə zidd olan istənilən hüquqyaratma və hüquqtətbiqetmə aktlarının qəbulu qanunçuluğun pozulması kimi qiymətləndirilir. Bütün normativ-hüquqi aktlar qanunla müəyyən olunmuş qaydada və formada qəbul olunmalıdır. Yalnız bu zaman həmin hüquqi aktlar xalqın iradəsini, cəmiyyətin mənafeyini, hüququn əsas prinsiplərini ifadə edə və ölkədə möhkəm qanunçuluq rejimini təmin edə bilər.

3. Hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi.

Cəmiyyətdə möhkəm və səmərəli qanunçuluq rejimi yalnız bütün şəxslərin qanun və məhkəmə qarşısında bərabərliyi şəraitində yarana bilər. Qanun və məhkəmə qarşısında bütün şəxslərin bərabərliyi tələbinə görə, qanun və onun göstərişləri eyni dərəcədə hamı üçün məcburidir, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hakimlər ədalət mühakiməsinin həyata keçirilməsində işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

4. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarına zərər yetirə bilməz.

Demokratik, hüquqi dövlət quruculuğu şəraitində bu tələb prinsipial əhəmiyyətə malikdir. Belə ki, bir şəxsin azadlığı digərinin azadlığına zərər vurmaq yolu ilə realizə oluna bilməz. Əgər sərbəst toplaşmaq azadlığını həyata keçirən şəxslər başqalarının konstitusion hüquqlarını pozursa, deməli, onlar qanunçuluğun tələblərini də pozurlar. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər bir şəxs başqalarının hüquq və azadlıqlarına hörmət bəsləməlidir.

5. Qanunçuluğun və məqsədəuyğunluğun qarşı-qarşıya qoyulmasının yolverilməzliyi.

Nə üçün qanunçuluğun və məqsədəuyğunluğun qarşı-qaşıya qoyulması yolverilməzdir? İlk növbədə, ona görə ki, hüquqa və haqq-ədalətə əsaslanan qanunun özü ən yüksək ictimai məqsədəuyğunluğu ilə fərqlənir və burada həm ictimai, həm də fərdi maraqlar maksimal dərəcədə nəzərə alınır. Bu kontekstdə qanunçuluğun tələbinə müvafiq olaraq hüquqi dövlətdə hər bir halda qanuna əməl olunmalıdır.

6. Qanunçuluğun ümumiliyi.

Bu tələb qanunçuluğun şəxslərə görə qüvvəsini xarakterizə edir. Qanunçuluq ayrı-seçkiliyə yol vermir və onun tələbləri istisnasız hüququn bütün subyektlərinə aiddir. Hüququn göstərişlərinə bütün vətəndaşlar və onların yaratdığı birliklər, siyasi partiyalar, vəzifəli şəxslər, dövlət orqanları əməl etməlidirlər. Cəmiyyətdə elə bir təşkilat və yaxud insan ola bilməz ki, qanunçuluğun təsirindən kənarda qalsın.

7. Hüquq pozuntularına qarşı səmərəli mübarizə.

Hüquqi dövlət hüquqpozuntularına qarşı səmərəli mübarizə aparmaq üçün zəruri maddi, siyasi, sosial və s. xarakterli tədbirlər həyata keçirir. Əhalinin yüksək maddi həyat şəraiti, etibarlı sosial müdafiəsi, ölkədə siyasi sabitlik, yüksək hüquq mədəniyyətinə malik olan ədalətli hüquq-mühafizə orqanlarının mövcudluğu qanunçuluq rejiminin real əsasını təşkil edir.

Hüquq subyektlərinin, ölkə ərazisində yaşayan bütün insanların hüquq və azadlıqlarının, qanuni mənafelərinin bilavasitə müdafiəsi hüquqmühafizə orqanları tərəfindən həyata keçirilir. Bu işdə daxili işlər orqanlarının (DİO) üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələr cinayətin və digər hüquqpozmaların qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi, cinayət və digər hüquqpozmalar haqqında daxil olan ərizələrin və məlumatların qəbul edilməsinin, qeydiyyatdan keçirilməsinin və zəruri tədbirlərin görülməsinin təmin olunması, qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada cinayət işlərinin başlanılması, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsidir.

Prezident İlham Əliyev respublikaya rəhbərliyinin ilk günlərindən ulu öndər Heydər Əliyevin DİO-ya diqqət və qayğı siyasətini davam etdirərək, bu strukturda fəal inkişaf tempinin saxlanılmasına, daha böyük nailiyyətlərin əldə edilməsi üçün hər cür şərait yaratmışdır. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi altında DİO əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilir, ölkədəki kriminogen durum daim nəzarətdə saxlanılır. Görülən işlərin nəticəsidir ki, respublikamız cinayətkarlığın səviyyəsinə görə uzun illərdir ki, MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri hesab olunur.

Hüquq qaydası qanunçuluğun praktiki olaraq həyata keçirilməsidir. Qanunçuluq kimi hüquq qaydasının da cəmiyyətdə ictimai təyinatı xalqın mənafeyinə xidmət etməsidir. Hüquq qaydası möhkəmlik və sabitlik kimi keyfiyyətlərə malikdir. Bu isə istehsal münasibətləri sistemi, xalqın iqtisadi, ictimai-siyasi və ideya birliyi ilə şərtlənir. Qanunçuluğun möhkəmləndirilməsi kimi, hüquq qaydasının da möhkəmləndirilməsi vətəndaş cəmiyyəti quruculuğunun vacib şərtlərindən biridir.

Hüquq qaydası anlayışına yaxın olan, lakin özünəməxsusluğu ilə fərqlənən kateqoriya ictimai qaydadır. İctimai qayda - ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan və sosial normalarla tənzimlənən ictimai münasibətlər sistemidir. İctimai qayda anlayışı ilə birlikdə istifadə olunan və hüquq qaydasının digər mühüm elementi kimi çıxış edən digər ictimai münasibətlər sistemi ictimai təhlükəsizliklə bağlıdır. İctimai təhlükəsizliyin təmin edilməsi dövlətin və cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biridir. İctimai təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsi olub, insan hüquq və azadlıqlarına hörmət, vətəndaş cəmiyyətinin və sosial rifahın inkişafı vasitəsilə mümkündür.

Qanunçuluq və hüquq qaydası anlayışına yaxın olan kateqoriyalardan biri də dövlət intizamıdır. Bu kateqoriyaların tam təcrid olunmuş halda mövcudluğu qeyri- mümkündür. Çünki onlar bir-birini tamamlayır, digər kateqoriyaların əsas prinsip və tələblərinin reallaşmasına kömək göstərir.

Daxili işlər orqanlarının xidməti intizamı-əməkdaşlar tərəfindən həvalə olunmuş vəzifələri nümunəvi yerinə yetirməkdən ibarətdir. DİO-nun hər bir əməkdaşı etik normalara ciddi əməl etməli, insan hüquqlarına hörmətlə yanaşmalı, başqalarını hüquq qaydasını pozmaqdan çəkindirməli, insan və vətəndaş hüquqlarını müdafiə etməli, səmimi və nəzakətli olmalı, daim peşəkarlıq səviyyəsini artırmalıdır. DİO-da yüksək nizam-intizama, mənəviyyata, yüksək əxlaqa, vətəndaşlarla ünsiyyətdə nəzakətli və qayğıkeş olan əməkdaşların xidmət göstərməsi daim DİN rəhbərliyinin diqqət mərkəzindədir. Bu tələbkarlıq sayəsində DİO-da hər il nizam-intizamın daha da güclənməsi və intizam qaydasını pozan əməkdaşların sayının azalması müşahidə olunur.

Müasir dövrdə qloballaşma nəticəsində ictimai həyatın müxtəlif sahələrində əhəmiyyətli dəyişikliklər baş vermiş, beynəlxalq əlaqələrin daha da dərinləşməsi və miqrasiya proseslərinin inkişafı yeni münasibətlər sisteminin formalaşmasına səbəb olmuşdur. Həmçinin informasiya kommunikasiya texnologiyalarının inkişafı, cəmiyyət üzvlərinin sosial iqtisadi vəziyyətinin yaxşılaşması, əhalinin sayının artması da bu proseslərə kifayət qədər təsir göstərmişdir.

Yuxarıda göstərilənlər nə qədər müsbət olsa da, təcrübə göstərir ki, belə bir vəziyyətdə hüquq pozuntularının artması və yeni növ hüquqpozma hallarının yaranması ehtimalı da çoxalır. Odur ki, cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması, qanunçuluğun qorunması, ölkədə əlverişli iqtisadi-siyasi, sosial inkişafın davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, polis-vətəndaş münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması məqsədi ilə DİO-da struktur islahatları aparılmışdır. DİN sistemində Daxili Tədqiqatlar, Şəxsi Heyətlə İş, Beynəlxalq Əməkdaşlıq, Daxili Təhlükəsizlik, İnsan Alverinə Qarşı Mübarizə, Miqrasiya idarələrinin, mətbuat xidmətinin təsis edilməsini buna misal göstərmək olar. Ölkə rəhbərinin 12 mart 2007-ci il tarixli "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" sərəncamı ilə əlaqədar polis orqanlarının nəzdində yeni struktur vahidi - inzibati sahələr yaradılmışdır. Cinayətlərin qeydə alınması və qarşısının alınması işində ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə yaradılmış 102 xidmətinin fəaliyyəti də xüsusi qeyd edilməlidir.

Dünya təcrübəsi göstərir ki, ölkənin hüquq-mühafizə sistemi nə qədər təkmil olsa belə, cəmiyyətin demokratiya və hüquqi mədəniyyəti zəifdirsə, yüksək nəticələr əldə etmək çox çətindir. Bu gün artıq heç kəs şübhə etmir ki, ictimai asayişin, insan hüquqlarının mühafizəsində cəmiyyətin rolu danılmazdır. Bu baxımdan ölkəmizdə ictimai asayişin mühafizəsində səmərəli fəaliyyəti təmin etmək məqsədi ilə DİO ictimaiyyəti də bu işə cəlb etmək üçün müəyyən tədbirlər görür. "İctimai polis" layihəsini bu əməkdaşlığın bariz nümunəsi kimi göstərmək olar. Bu layihənin əsas vəzifəsi polis ilə cəmiyyət arasında əlaqələri yaxınlaşdırmaq və inkişaf etdirməkdən ibarətdir.

Sosial nəzarət mexanizmlərinin yaradılması sahəsində həyata keçirilən mütərəqqi nailiyyətlərdən biri polis orqanlarında yeni yaradılmış inzibati sahələrdə hüquq qaydasının təmini üzrə ictimai şuraların təsis edilməsi oldu.

Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün DİO əməkdaşları peşəkar hüquq mədəniyyətinə malik olmalıdırlar. Başqa sözlə, peşəkarlıq - məşğul olduğun sahədə işi yüksək səviyyədə təşkil etmək, lazımi biliklərə, nəzəri və praktiki hazırlığa malik olmaq, problemləri görmək və onları aradan qaldırmağı bacarmaq, həlli vacib olan məsələləri dəqiq müəyyənləşdirib yerinə yetirmək, müasir iş metodlarına yiyələnmək və onları praktiki fəaliyyətdə tətbiq etmək, xidməti vəzifələrin icrasına vicdanla, böyük məsuliyyətlə yanaşmaq deməkdir.

Qarşıda duran bu vəzifələrin uğurla həyata keçirilməsində nazirliyin Polis Akademiyası da çox mühüm rol oynayır. Yüksək ixtisaslı hüquqşünas kadrlar hazırlayan bu təhsil müəssisəsində beynəlxalq standartlar səviyyəsində hərtərəfli islahatlar aparılmışdır.

Hazırda xidmətin müasir standartlar səviyyəsində təşkilinə yönəlmiş islahatların davam etdirilməsi qanunçuluğun, hüquq qaydasının təmini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı mübarizənin uğurla aparılması fəaliyyətimizin əsas prioritetləridir. Bu sahədə sistemli şəkildə təşkilati-əməli işin həyata keçirilməsi, o cümlədən müasir və təkmil yeniliklərin tətbiq edilməsi, əməkdaşların həm peşəkarlıq səviyyəsinin artırılması, həm də mənəvi yetkinləşməsi üçün müvafiq tədbirlər davam etdirilir.

 

 

Ceyhun SÜLEYMANOV,

DİN-in Polis Akademiyasının

"Dövlət və hüquq nəzəriyyəsi"

kafedrasının rəisi, əməkdar müəllim,

dosent, polis polkovniki

 

Azərbaycan.- 2011.- 3 iyul.- S. 6.