Yeni torpaqların əkinə verilməsi: ehtiyatlar və perspektivlər

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında kənd təsərrüfatının inkişafını stimullaşdırmaq və taxıl istehsalının artırılması üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini xüsusi vurğulamışdır.

Kənd təsərrüfatında xüsusi çəkiyə malik olan, ölkənin ərzaq təhlükəsizliyi proqramının əsası sayılan taxılçılığın inkişafını təmin etmək üçün böyük fermer təsərrüfatlarının yaradılmasını bu tədbirlər sırasına aid edən dövlət başçısı Azərbaycanda aparılan torpaq islahatının MDB məkanında qabaqcıl təcrübə olduğunu vurğulayaraq yeni torpaqların istifadə edilməsi haqda tapşırıqlar vermişdir: "Ancaq bununla bərabər, hələ də istifadə olunmayan torpaqların istifadəyə cəlb edilməsi üçün əlavə tədbirlər görülməlidir. Böyük fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən bütün infrastruktur, təchizat məsələləri həll olunmalıdırE Dövlət yenə də öz maliyyə imkanlarından istifadə edib, böyük taxılçılıq təsərrüfatının yaradılması üçün maliyyə dəstəyini də göstərəcəkdir. Ona görə də 2011-ci ildə, ilk növbədə, bu məqsədlər üçün istifadə olunacaq yerlər müəyyən edilməlidir, onların müəyyən hissəsini biz bilirik və dəqiqləşdirilməlidir. Mexanizm işlənib hazırlanmalıdır ki, il ərzində artıq biz bu prosesə təkan verək".

Ölkə rəhbərinin qarşıya qoyduğu bu vəzifələr özlüyündə bir proqram sənədidir və müvafiq sahədə çalışan alimlər həmin vəzifələrin reallaşdırılması üçün konkret və tətbiqi mümkün olan təkliflərlə çıxış etməlidirlər. Böyük fermer təsərrüfatlarının yaradılması məsələsi artıq müvafiq strukturlarda baxılmış və konkret addımların atılmasına başlanmışdır. Bu istiqamətdə mövcud kəndli-fermer təsərrüfatlarının birləşməsi, aqrar istehsalat kooperativlərinin, birliklərin, ittifaqların, assosiasiyaların yaradılması prosesinin mümkün formaları, elmi əsasları haqqında mətbuatda maraqlı təkliflər verilmişdir.

Fermerçiliyin inkişafı mərhələlərinin təhlili göstərir ki, kooperasiyaların yaranması prosesini hüquqi cəhətdən tənzimləyən müvafiq qanun layihəsi işlənilməli və qəbul edilməlidir. Nəzərə alsaq ki, fermer kooperasiyalarının yaranması sırf könüllülük əsasında aparılmalıdır və uzunmüddətli bir prosesdir, onda müvafiq struktur bölmələri tərəfindən təbliğat, izahat və s. formalardan istifadə etməklə fermerlər arasında maarifləndirmə işlərinin aparılması mühüm tədbirlər hesab olunur. Yeri gəlmişkən qeyd edək ki, artıq bu istiqamətdə müvafiq işlər görülmüşdür. Milli Məclisin Aqrar siyasət komitəsi "Kooperasiya haqqında" qanun layihəsinin müzakirələrini keçirir.

Bəs yeni torpaqların istifadəyə cəlb edilməsi məsələsi haradan qaynaqlanır? Azərbaycanda ərzaq məhsullarına olan tələbatı tam həcmdə ödəmək, daxili bazarı və strateji məhsullar üzrə idxaldan asılılığı qorumaq, ərzaq təhlükəsizliyini təmin etmək bu gün dövlətin ciddi önəm verdiyi məsələlərdəndir. Nazirlər Kabinetinin sözügedən iclasında Prezident İlham Əliyev demişdir: "Ümumiyyətlə, biz dəfələrlə bu barədə danışmışıq və məsələ qaldırılmışdır ki, çalışmalıyıq Azərbaycanda maksimum dərəcədə ərzaq məhsullarının istehsalını təşkil edək, idxaldan asılılığımızı minimuma endirəkE Keçən il taxıl istehsalında tənəzzül baş vermişdir. Bunun müəyyən təbii səbəbləri vardır. Ancaq çalışmalıyıq ki, 2011-ci ildə biz 2009-cu ilin səviyyəsinə və ondan da yüksəyə qalxaq". Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda 2 milyon 988 min 305 ton taxıl istehsal edilmişdir. Deməli, qarşıya növbəti illərdə bu səviyyəyə çatmaq və daha yüksək nəticə əldə etmək üçün real tədbirlərin və mexanizmin işlənməsi vəzifəsi qoyulmuşdur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev çıxış edərkən bir daha taxılçılığın inkişafı perspektivləri haqqında konkret tapşırıqlar vermişdir: "Kənd təsərrüfatının intensiv şəkildə inkişafı, həmişə olduğu kimi, bizim üçün çox vacib məsələdir. Ancaq biz gərək reallıqlara da diqqətlə yanaşaq. İntensiv metodları nə qədər tətbiq etsək belə, yenə də yeni əkin sahələrinin dövriyyəyə çıxarılması məsələləri öz aktuallığını itirməyəcəkdir. Bir müddət bundan əvvəl mənim tərəfimdən verilmiş göstərişlər indi icra edilir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq. Təkcə o yerləri müəyyən etməklə kifayətlənməməliyik. Bütün infrastrukturlar yaradılmalıdır. İlk növbədə, suvarma, digər infrastruktur layihələri, texnika, gübrələr, toxumlar və sairE Mən hesab edirəm ki, bütövlükdə ən azı 100 min, bəlkə də 200 min hektar yeni torpaq sahəsini əkin üçün dövriyyəyə çıxarmalıyıq. Beləliklə, ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılığı inkişaf etdirəcəyik və özümüzü təmin etmək üçün bunun çox böyük rolu olacaqdır".

Dövlət başçısının konkret tapşırıqlarının müvafiq dövlət, özəl və yerli strukturlar tərəfindən tezliklə icrası məsələnin elmi cəhətdən əsaslandırılmasını, atılacaq addımların müasir texnika və texnologiya əsasında həll olunmasını zəruri edir. Bu baxımdan, ölkədə taxıl istehsalı üçün əlverişli torpaq iqlim şəraitinin olduğu və böyük fermer təsərrüfatlarının yaradılması məqsədilə istifadə edilə biləcək torpaq ehtiyatı olan iqtisadi zonanın imkanları nəzərdən keçirilməlidir.

2009-cu ildə ölkəmizdə taxıl istehsalının iqtisadi rayonlar üzrə təhlili göstərir ki, illik taxıl istehsalının 38,85 faizi Aran, 15,03 faizi Şəki-Zaqatala, 11 faizi Gəncə-Qazax, 9,33 faizi Yuxarı Qarabağ, 8,47 faizi Dağlıq-Şirvan iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, ölkəmizdə istehsal edilən taxılın 39 faizə qədəri Aran iqtisadi rayonunda tədarük edilir. Başqa sözlə, Aran iqtisadi rayonu ölkədə ən iri taxılçılıq regionu hesab edilir. İqtisadi rayonda taxıl sahələrinin məhsuldarlığı 2009-cu ildə hektardan 32 sentner təşkil etmişdir. Ölkə üzrə isə bu göstərici 26,6 sentner olmuşdur. Deməli, Prezidentin taxılçılığın daha sürətlə inkişaf etdirilməsinə yönəlmiş tapşırığına uyğun olaraq, yeni sahələrin istifadəyə verilməsi, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması ehtimalı əsasən Aran iqtisadi rayonu ərazisində daha yüksəkdir.

Aran iqtisadi rayonunda kənd təsərrüfatına yararlı sahələrin sıxlığı və əkin sahələrinin xüsusi çəkisi də bu ehtimalı şərtləndirən başlıca səbəblərdəndir. Belə ki, sözügedən iqtisadi rayonda kənd təsərrüfatına yararlı sahələrin sıxlığı 0,63, əkin sahələrinin xüsusi çəkisi isə 0,5 faiz təşkil edir. Bu iqtisadi rayonda kənd təsərrüfatına yararlı sahələri daha sıx olan Biləsuvar (0,82), Saatlı (0,8), Göyçay (0,69), Neftçala (0,66), Salyan və Zərdab (0,65) rayonlarıdır. Əkin yerinin xüsusi çəkisinə görə isə yüksək göstərici Zərdab (0,7), Bərdə (0,62), Kürdəmir (0,61), Ağcabədi (0,6), Beyləqan, Sabirabad (0,57), Neftçala (0,57) və başqa rayonlarda müşahidə edilir. Odur ki, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması üçün 200 min hektar yeni torpaqların əsasən bu iqtisadi regiona daxil olan inzibati rayonların ərazisində dövriyyəyə buraxılması daha məqsədəuyğundur. Məsələn, Hacıqabulda 68, İmişlidə 66, Yevlaxda 62, Salyanda 61, Biləsuvarda 57, Göyçay və Saatlıda 54, Beyləqanda 53 faiz əkinə yararlı torpaq ehtiyatları mövcuddur.

Onu da qeyd edək ki, yeni torpaqların istifadəyə verilməsi üçün mütərəqqi texnologiya və müasir texnikanın tətbiqi imkanları təhlil olunmalıdır. Həmin torpaqlar əvvəlcə kolluqlardan, kötüklərdən və daşlardan təmizlənməli, sonra isə ilkin becərilməlidir. Becərmə işlərinə xam torpağın laydırlı şumlanması, layın çevrilərək basdırılması, vərdələnməsi daxildir. Bunlar isə bitki qalıqlarının məhv olması prosesini sürətləndirir və kənd təsərrüfatı bitkilərinin inkişaf şəraitini yaxşılaşdırır. Yeri gəlmişkən, bir vacib məsələ barədə: mədəni şum qatı yaratmaq üçün daşları nəinki torpaq səthindən təmizləmək, eyni zamanda, torpaqdakı 25-30 sm dərinliyində olan daşları da çıxararaq kənarlaşdırmaq lazımdır. Bunlardan əlavə, həddən çox nəmli, yəni qrunt suları torpaq səthinə daha çox yaxın olan sahələrdə açıq kollektorların və kiçik qurutma şəbəkəsinin tikilməsi vacib şərtdir.

Ümumiyyətlə, ölkəmizdə qrunt sularının torpaq səthinə yaxın olduğu bölgələr çoxdur və bu torpaqların qurudularaq kənd təsərrüfatı üçün istifadə edilməsi mühüm əhəmiyyət daşıyan məsələdir. Bataqlıqlaşmış torpaqların qurudulmasının məqsədi torpaqdan artıq suyun kənarlaşdırılması və su, hava, istilik, qidalanma rejimlərinin əlverişli şəraitlərini təmin etmək üçün onun nəmliyinin tənzimlənməsidir. Hazırda qurutma açıq kanalların və yeraltı (örtülü) drenajların şəbəkəsi ilə yerinə yetirilir.

Bataqlıqlaşmış torpaqların qurudulması suqəbuledicinin tənzimlənməsini, magistral və kollektor kanallarının, quruducuların qoyulmasını tələb edir. Qurudulan ərazidən artıq suyu qəbul və axıda bilən suqəbuledici kimi mövcud quyulardan istifadə olunur. Torpaq altında axan su axarının normal işini təmin etmək üçün suqəbuledici kimi onun axarını dərinləşdirir, düzləndirir və genişləndirirlər. Hamar səthli, bataqlıqlaşmış, minerallı torpaqlarda magistral kanallar bir-birindən 1,5-3 kilometr məsafədə və 1,5-2 metr dərinlikdə qoyulur.

Kollektorlar kiçik qurutma şəbəkəsindən suyu toplayır və magistral kanala ötürür. Minerallı torpaqlarda kollektorların dərinliyi 1,2-1,4 metr ola bilir. Quruducular kollektor kanallarında qrunt sularının səviyyəsini azaltmaq üçündür. Quruducuların uzunluğu 0,5-1 kilometr, minerallı torpaqlarda dərinliyi 0,7-1 metr qəbul edilir.

Bəs qurutma şəbəkəsinin üstünlükləri hansılardır? Açıq kanalların qurulması sadədir, tam mexanikləşdirilmişdir və odur ki, örtülü drenajdan ucuz başa gəlir. Açıq qurutma şəbəkəsinin qurulmasına heç bir əlavə material tələb olunmur, səth sularının yığılıb kənarlaşdırılmasını asanlaşdırır. Bununla yanaşı, çatışmazlıqları da mövcuddur. Böyük en götürümlü, sürətli kənd təsərrüfatı maşınlarının işini çətinləşdirir və onların məhsuldarlığını aşağı salır, açıq kanallar və onların ətrafında yaranan, onlara bitişik becərilməmiş zolaqlar yeni istifadəyə hazırlanmış torpaqların əhəmiyyətli hissəsini (18 faizə qədərini) tutur və alaq otları üçün şitilliyə çevrilir və s.

Həddindən çox nəmli torpaqların qurudulmasının ən əhəmiyyətli üsulu örtülü drenajdır. Örtülü drenaj qurulan torpaqlar əsasən yüksək məhsuldarlıqla kənd təsərrüfatı bitkiləri əkildiyi halda tətbiq edilir. Açıq qurutma şəbəkəsinə nisbətən qurutmanın bu üsulu bir çox üstünlüklərə malikdir: qurudulan sahə hissələrə bölünmür, əksinə, böyük torpaq massivləri yaranır, sürətli və böyük en götürümlü kənd təsərrüfat texnikasının səmərəli istifadəsi təmin edilir, qurudulan sahədən tam istifadə olunur, keçid üçün körpü və boru keçidlərinin sayı xeyli azalır.

Örtülü qurutma sisteminin isə bəzi çatışmazlıqları var. Məsələn, şum qatında toplanmış səthi və artıq suların ötürülməsi yavaş gedir, quraşdırma işlərinin texniki mürəkkəbliyi və ağır zəhmət tələb etməsi yüksək ixtisaslı işçi və ustaların iştirakını tələb edir və beləliklə, quraşdırmanın maya dəyəri baha başa gəlir. Bu çatışmazlıqlara baxmayaraq, örtülü drenaj daha geniş yayılmışdır. Hazırda plastik materiallardan hazırlanmış drenajlara üstünlük verilir. Belə halda boruların çəkisi 25-30 dəfə yüngül olur, quraşdırma işləri sadələşir, proses tam mexanikləşdirilir, ağır texnikaya ehtiyac qalmır.

Suvarma kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün kifayət etməyən nəmliyin tamamlanması məqsədilə torpağın üst fəal qatının süni yolla nəmləndirilməsidir. Təcrübədə torpağın suvarılması səthi yağış yağdırmaqla və torpaqaltı suvarma üsulları ilə aparılır. Səthi suvarma, yəni torpağın üstdən nəmləndirilməsi zamanı su əvvəlcədən hazırlanmış şırımlarla paylanır. Yağış yağdırmaqla suvarma zamanı isə su yağış yağdıran aparatlarla havaya atılır, damcı halına salınır və süni yağış formasında torpağa düşür. Nəhayət, torpaqaltı suvarma zamanı su torpağın altı ilə 40-50 sm dərinliklə boru formalı nəmləndiricilərlə bilavasitə bitkilərin kök sisteminə verilir. Suvarmanın bu və ya digər üsulunun tətbiqi yerli şəraitlərdən, başqa sözlə, iqlimdən, torpağın relyefindən, suvarma mənbəyindən, becərilən kənd təsərrüfatı bitkisindən və istehsal imkanlarından asılıdır.

Göründüyü kimi, yeni torpaqların istifadəyə verilməsi sahəsində Azərbaycanda zəngin təcrübə mövcuddur. İndi qalır sözügedən məsələ üzrə qarşıda duran vəzifələrin icrasında bu təcrübədən səmərəli istifadə etmək.

 

 

İsrafil İSMAYILOV,

Azərbaycan Dövlət Aqrar Universitetinin

professoru, texnika elmləri doktoru

 

Azərbaycan.- 2011.-3  iyul.- S.  7.