Azərbaycan Prezidenti İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir

 

İyulun 4-də Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin eskiz layihəsinə və görünüşünü əks etdirən fotoşəkillərə baxdı.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə inşa ediləcək yeni səhiyyə ocağı barədə məlumat verdi. Bildirdi ki, dövlətimizin başçısının 2010-cu il 6 avqust tarixli sərəncamı əsasında inşa edilən Bakı Sağlamlıq Mərkəzi 2 korpusdan ibarət olacaqdır. Tikintinin ümumi sahəsi 45 min kvadratmetrdir. Mərkəzin layihələndirilməsi və tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılmışdır. Bu müasir səhiyyə ocağında qəbul, gözləmə və qeydiyyat şöbəsi, mərkəzi sterilləşdirmə bloku, qan bankı və laboratoriyalar yerləşəcəkdir. Laboratoriyalarda klinik-hemotoloji, biokimyəvi-immunoloji və klinik-mikrobioloji analizlər aparılacaqdır. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da nəzərdə tutulur. Altımərtəbəli korpusda məsləhət kabinetləri, şüa diaqnostika, funksional diaqnostika, endokrinoloji, terapiya, reabilitasiya, tibbi bərpa və s. şöbələr yerləşəcəkdir. Cərrahiyyə əməliyyatları da bu korpusda aparılacaqdır. Cərrahiyyə şöbəsi 123, reanimasiyaintensiv terapiya şöbəsi isə 30 çarpayılıqdır.

Bakı Sağlamlıq Mərkəzindəki 12 mərtəbəli doğum korpusu da müasirliyi ilə seçiləcəkdir. Buradakı ginekoloji şöbə 50, fizioloji doğum şöbəsi isə 105 çarpayılıq olacaqdır. Köhnə Bakı şəhər Onkoloji Dispanserin 1,4 hektarlıq ərazisində inşa edilən Bakı Sağlamlıq Mərkəzində ən müasir avadanlıq və ən son elmi-texniki yeniliklər tətbiqini tapacaqdır. Bu mərkəz paytaxtın ən böyük tibb ocaqlarından biri olacaqdır.

Prezident İlham Əliyev gilizi mərkəzin təməlinə buraxdı və beton qarışığı tökdü.

İnşaatçılarla görüşən Prezident İlham ƏLİYEV onlara uğurlar arzulayaraq dedi:

- Yaxşı tikin, keyfiyyətli, gözəl olsun. Şəkildə çox gözəldir, gərək reallıqda da gözəl olsun. Həm xarici görünüşü, həm də əlbəttə ki, bütün lazımi texnoloji proses gözlənilməlidir. Gərək çalışaq ki, iki il yarıma istifadəyə verilsin. Sağ olun.

Mərkəzin tikildiyi ərazidəki yaşayış binalarının sakinləri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə alqışladılar.

Dövlətimizin başçısı və xanımı sakinləri salamladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-5 iyul.- S.  2.