Qırğızlar Azərbaycan xalqının uğurlarını sevinclə qarşılayırlar

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 4-də Qırğız Parlamentinin sədri Axmatbek Keldibekov ilə görüşmüşdür.

XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkəmizdə sürətli inkişaf prosesinin müşahidə olunduğunu vurğulayan qonaq, qardaş Azərbaycan xalqının uğurlarının Qırğız Respublikasında sevinclə qarşılandığını bildirmişdir. Xalqlarımız arasında dərin mədəni, tarixi, dini köklərin mövcud oluğunu deyən A.Keldibekov, ölkələrimizin bir-birinə dəstək olmalarının vacibliyini vurğulamış, rəsmi Bişkekin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdir.

E.Məmmədyarov ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir.

Sonra tərəflər Orta Asiya və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-5 iyul.- S.  6.