Azərbaycanlı adamlarının Qırğız Respublikasına sərmayə qoymaları üçün geniş imkanlar vardır

 

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi əlaqələr və ticarət dövriyyəsi genişləndirilməlidir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Qırğız Parlamentinin sədri Axmatbek Keldibekov iyulun 4-də Milli Məclisdə keçirdiyi mətbuat konfransında söyləmişdir.

Onun sözlərinə görə, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 5,8 milyon dollar təşkil etmişdir. Bu, çox azdır və mövcud potensialı əks etdirmir.

A.Keldibekov demişdir: "Azərbaycan və Qırğız respublikaları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox geniş imkanlar vardır. Qırğız Respublikası da zəngin təbii ehtiyatlara malik olan bir ölkədir və azərbaycanlı adamları bizim ölkəyə çoxlu sərmayə qoya bilərlər".

Hökumətlərarası müştərək komissiyanın fəaliyyətinin sürətləndirilməsinin vacibliyini vurğulayan qonaq bildirmişdir ki, yaxın vaxtlarda Qırğız Respublikası Baş nazirinin rəhbərliyi ilə geniş tərkibdə hökumət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Bu səfər çərçivəsində komissiyanın iclasının keçirilməsi və əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ilə bağlı müzakirələr nəzərdə tutulmuşdur.

A.Keldibekov demişdir ki, rəsmi Bişkek Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməzdir.

Qırğız Parlamentinin sədri onu da bildirmişdir ki, ölkəsi Türkdilli Ölkələrin Parlament Assambleyasının işində fəal iştirak edir və gələn il bu təşkilatın tədbirinin keçirilməsinə ev sahibliyi edəcəkdir.

Sonda Qırğız Parlamentinin sədri bildirmişdir ki, iki ölkənin qanunverici orqanları rəhbərlərinin imzaladıqları Əməkdaşlıq Memorandumu münasibətlərimizin inkişafı üçün geniş imkanlar açacaqdır.

 

 

Azərbaycan.- 2011.-5 iyul.- S.  6.