Azərbaycanın Rusiyadakı layiqli təmsilçisi

 

Bütün həyatını Azərbaycana xidmətə həsr edən ümummilli lider Heydər Əliyevin nəcib əməlləri, sosial ədalət prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərləri daim uca tutması bu dahi şəxsiyyəti Azərbaycan xalqının qəlbində və tarixində əbədi yaşadan əsas amillərdir. Müasir Azərbaycanın banisi olan ulu öndərin daim humanizm prinsiplərinə sonsuz sədaqət nümayiş etdirməsi, ölkənin və cəmiyyətin tərəqqisi naminə genişmiqyaslı fəaliyyəti də birdəfəlik yaddaşlara həkk olunub. Bu gün ümummilli liderin ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən Heydər Əliyev Fondu isə kifayət qədər geniş spektrə malik işi ilə təkcə ölkəmizdə yox, onun sərhədlərindən kənarda da böyük rəğbət qazanıb.

Təsadüfi deyil ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, beynəlxalq miqyasda ölkəmiz barədə obyektiv rəyin formalaşmasında Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Azərbaycan reallıqlarının, qədim və zəngin mədəniyyətinin, tarixinin, inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin dünyada tanıdılmasında da ulu öndərin adını daşıyan fond layiqli missiya həyata keçirir. Bu kontekstdə Heydər Əliyev Fondunun müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinin, xüsusən də Rusiya Federasiyasındakı nümayəndəliyi ayrıca qeyd edilməlidir.

Azərbaycan və Rusiya xalqları arasında qarşılıqlı münasibətlərin, o cümlədən humanitar əlaqələrin inkişafında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin fəaliyyəti Şimal qonşumuzda da geniş təqdir olunur. Burada açıq etiraf edilir ki, məhz Heydər Əliyev Fondunun fəaliyyət və səyləri sayəsində Azərbaycanın Rusiyadakı imici müsbət istiqamətdə xeyli dəyişib. Rusiyanın aparıcı mətbu orqanlarından hesab edilən "Nezavisimaya qazeta"nın baş redaktorunun müavini Dmitri Xantseviçbildirib ki, Rusiyada Azərbaycan haqqında təsəvvürlər son zamanlar müsbət tərəfə dəyişib. Bu işdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rolu olduqca böyükdür: "Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi yorulmadan Azərbaycan haqqında maarifçilik işini həyata keçirir. Fondun fəaliyyəti sayəsində Rusiyada Azərbaycan haqqında təsəvvürlər müsbət tərəfə dəyişib". Onun sözlərinə görə, fondun federal qəzetlərlə əməkdaşlığı respublikanın Rusiyada pozitiv obrazının yaradılmasında müsbət faktdır. Baş redaktorun müavini onu da vurğulayıb ki, özü dəfələrlə Azərbaycanda olub və respublikadakı dəyişikliklər və artım sürətindən məmnun qalıb.

"Mayak" radiostansiyasının proqram direktoru Georgi Saralidzenin fikirləri də olduqca maraqlıdır. O, "İnterfaks" agentliyinə bildirib ki, müxtəlif mədəni tədbirlərlə Azərbaycanın müsbət imicinin formalaşmasında Heydər Əliyev Fondunun misilsiz xidmətləri var: "Fond təvazökarcasına, siyasiləşdirmədən ölkənin çox yaxşı imicini yaradır, mədəniyyətlə bağlı tədbirlər, konsertlər, sərgilər keçirir. Bunlar siyasi tədbirlər olmasa da, böyük siyasi əhəmiyyətə malikdir". Onun fikrincə, Azərbaycanın Rusiyada imici mədəni bilik vasitəsilə formalaşır: "İnsanlar Azərbaycanı hansısa yaranmış stereotiplər prizması vasitəsilə qəbul etməməlidirlər, respublikada çox gözəl musiqiçilər, aktyorlar, rejissorlar var". Q.Saralidze Müslüm Maqomayevin xatirə konsertinin Heydər Əliyev Fondu tərəfindən keçirilməsini xatırladıb: "Bir belə konsert imicin formalaşmasında min siyasi addımın edə bilmədiyi böyük irəliləyiş edir".

Xatırlatmaq yerinə düşərdi ki, Heydər Əliyev Fondu ölkəmizdə Rusiya jurnalistləri üçün mətbuat turu təşkil edib. Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, "Vestnik Kafkaza" analitik informasiya agentliyinin baş redaktoru Aleksey Vlasov vurğulayıb ki, bu, cari ildə sözügedən qəbildən olan ikinci layihədir: "Mayın 9-da Moskva Dövlət Universitetinin tarix fakültəsinin tələbələri Bakıya gəldilər və II Dünya müharibəsinin azərbaycanlı veteranları qarşısında çıxış etdilər. Hazırkı mətbuat turu bu xəttin davamıdır və bəlkə də Azərbaycanda 10-15 il bundan əvvəl olmuşya Bakının hazırkı reallıqları ilə tanışlıq imkanına malik olmamış rusiyalı jurnalistlərin bugünkü Bakı ilə, şəhər sakinləri ilə tanış olmaq imkanıdır. Görünür ki, onlar üçün bu səfər Azərbaycan dünyasına pəncərədir. Hər şey internetdə və ya televiziyada göründüyündən başqa cürdür, çünki Bakı və bakılılar ayrı bir dünyadır, xüsusi kosmosdur. Vaxt keçdikcə hər şey dəyişir, lakin əsası - "bakılılıq" təməli qorunub saxlanılır və ənənlərin bu varisliyi hansısa formatda çox mühüm iz buraxır. Ona görə də Heydər Əliyev Fondunun təşəbbüsünü yalnız dəstəkləmək və alqışlamaq olar".

Beləliklə, qeyd edilənlərdən bir daha aydın görünür ki, bütün dünyada olduğu kimi, Rusiyada da ölkəmiz barədə obyektiv rəyin formalaşmasında, onun nüfuzunun yüksəlməsində Heydər Əliyev Fondu, onun Rusiya nümayəndəliyi kifayət qədər mühüm rol oynayır. Həqiqətdir ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən proqramların uğurunun təmin olunmasına gətirib çıxaran əsas mexanizmlərdən biri vətəndaş diplomatiyasıdır.

Rusiyada bu diplomatiyanın əsas icraçısı isə Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevadır. Şimal qonşumuzda Leyla Əliyeva Azərbaycanın Rusiydakı nəcib missiyalar yerinə yetirən elçisi kimi kifayət qədər yaxşı tanınır. Məhz Leyla Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi müxtəlif xeyriyyə tədbirləri həyata keçirir. Məsələn, internat məktəblərinə, xəstə uşaqlara müxtəlif yardım göstərilir, əlil uşaqlar üçün xeyriyyə aksiyaları keçirilir. Azərbaycan nəşrlərinin Rusiyada geniş yayılmasında da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi mühüm rol oynamaqdadır. Leyla Əliyevanın Azərbaycanı Rusiya sosiomədəni məkanına gənc və müasir ölkə kimi təqdim edən "Bakı" aylıq jurnalını nəşr etdirməsi də Azərbaycanın təbliğinə əvəzsiz töhfələr verir.

Rusiyadakı Azərbaycan gənclərinin bu ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsində, Rusiya cəmiyyətinə daha sıx inteqrasiya olunmasında, bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşılmasında, onun təbliğində Leyla Əliyeva əvəzsiz xidmətlər göstərir. Buradakı gənc soydaşlarımızın lideri olan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri gənclərin təşkilatlanmasında da böyük işlərin müəllifi kimi çıxış edir. Hazırda Rusiyadakı Azərbaycan gənclərinin ən böyük təşkilatı kimi məhz Leyla Əliyevanın sədrlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) çıxış edir. Xatırlatmaq yerinə düşərdi ki, ötən ayın 4-də Sankt-Peterburqun Tavriya Sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilib. Konfrans gənclər təşkilatının ötən iki ildə fəaliyyətinə yekun vuraraq gələcək inkişaf strategiyasını müəyyənləşdirib. Konfransda çıxış edən Leyla Əliyeva RAGT-nin fəaliyyət göstərdiyi iki il ərzində xeyli gördüyünü, kifayət qədər yaxşı nəticələr əldə etdiyini bildirib: "RAGT-nin coğrafiyası daim genişlənir. İndi azərbaycanlı gənclər klubları təkcə MoskvadaSankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da mövcuddur. Təşkilatımız gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə etməyə çalışır".

Bütün bunlar bir daha aydın göstərir ki, Leyla Əliyevanın fəal mövqeyi və təşkilatçılıq bacarığı sayəsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, həmçinin RAGT Rusiya-Azərbaycan dostluq əlaqələrinin inkişafında böyük rol oynayır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-5 iyul.- S. 10.