Dünya azərbaycanlılarının III qurultayı

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bunu iyulun

5-də Bakıda öz işinə başlayan Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün paytaxta gələn qonaqların hamısı etiraf edir.

Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin sərəncamı ilə keçirilmişdir. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur.

Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərmişdir. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı dillər əzbəri olmuşdur.

Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirmişdir.

Ulu öndərimiz xaricə səfərləri zamanı iş cədvəlinin zənginliyinə və gərginliyinə baxmayaraq mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmış, tövsiyələrini vermişdir.

Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də ulu öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il 8 fevral tarixli sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilmişdir. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuşdur.

Bir il sonra - 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşmüşdür.

Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamışdır.

Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir.

Beləliklə, dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoymuşdur. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.

Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı isə özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Bu meyil Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir. 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin

I Konqresi keçirilmişdir. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan gəncliyi Dövlət Proqramı"na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbərləri iştirak etmişlər. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olmuşdur.

Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir. İndi sürətlə inkişaf edən ölkəmiz bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında bu il yanvarın 21-də imzaladığı sərəncama uyğun olaraq keçirilən Dünya azərbaycanlılarının III qurultayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları Bakıya gəlmişlər.

İyulun 5-də Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı öz işinə başladı.

Qurultaydan əvvəl çoxsaylı nümayəndələr səhər tezdən Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Onlar ulu öndərin xatirəsini dərin ehtiramla anaraq abidəsi önünə əklil qoydular, gül-çiçək dəstələri düzdülər.

Sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər qoydular.

Daha sonra qurultay nümayəndələri Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini böyük ehtiramla yad etdilər. Onlar şəhid məzarları üzərinə güllər düzdülər, "Əbədi məşəl" abidəsi önünə tər çiçəklərdən hörülmüş əklil qoydular.

Qurultay nümayəndələri şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət etdilər və əklil qoydular.

Heydər Əliyev Sarayının foyesində Azərbaycan diasporuna dövlət qayğısını əks etdirən fotosərgi təşkil edilmişdir. Stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ötən qurultaylarda və müxtəlif dövrlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərində çəkilmiş fotoşəkillər, milli diasporumuzun inkişafı ilə bağlı imzalanmış fərman, sərəncam və qanunların nüsxələri, diaspor quruculuğundan, respublikamızın sosial-iqtisadi inkişafından, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edən kitablar və jurnallar, milli adət-ənənələrimizi, mədəniyyətimizi təbliğ edən videomateriallar nümayiş etdirilirdi.

Foyedə Ermənistanın Azərbaycana hərbi təcavüzündən, xalqımıza qarşı törətdiyi soyqırımı siyasətindən, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının hazırladığı materiallardan ibarət fotosərgi də təşkil olunmuşdu.

İştirakçıların hər birinə III qurultaya aid materiallar, Azərbaycan haqqında məlumatlar paylandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qurultayda iştirak etmək üçün saraya gəldilər.

Qurultay nümayəndələri və qonaqlar dövlətimizin başçısını və xanımını hərarətlə, sürəkli alqışlarla qarşıladılar.

Salonda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan diasporu ilə bağlı müdrik kəlamları yazılmış transparantlar asılmışdı.

Məlumat verildi ki, aparılmış qeydiyyatın nəticələrinə görə, qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edir. Qurultayda Azərbaycan Respublikası 677 nümayəndə və 405 nəfər qonaqla təmsil olunur. Ümumilikdə 1872 nəfər qeydiyyatdan keçmişdir. Yetərsay vardır. Qurultay öz işinə başlaya bilər.

Dünya azərbaycanlılarının III qurultayı açıq elan edildi.

Azərbaycan Respublikasının Dövlət himni əzəmətlə səsləndi.

Qurultay iştirakçıları dünya azərbaycanlılarının təşkilatlanması, ümumi məqsəd və vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün tarixi xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra "Gücümüz birliyimizdədir!" sənədli filmi nümayiş etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsində dərc olunur).

 

***

 

Dünya azərbaycanlılarının III qurultayının proqramı və reqlamenti təsdiq edildi, işçi orqanları yaradıldı.

Fasilədən sonra qurultay öz işini davam etdirdi.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İBRAHİMOV ötən qurultaydan sonra görülmüş işlərin hesabatına dair məlumat verdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın maraq və mənafeləri naminə xaricdə yaşayan həmvətənlərimizin birliyini təmin edən azərbaycançılıq məfkurəsi yaranmışdır. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək mütəşəkkil diasporun və güclü lobbinin formalaşması məsələsinin daim diqqətdə saxladığını vurğulayan komitə sədri dövlətimizin başçısının verdiyi tövsiyə və tapşırıqların Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etdiyini bildirdi.

N.İbrahimov ikinci qurultaydan ötən dövrdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinin daha da sürətləndiyini deyərək, hazırda dünyanın müxtəlif ölkələrində azərbaycanlıların 416 diaspor təşkilatının fəaliyyət göstərdiyini dedi. Komitə sədri həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna rol oynadığını xüsusi vurğuladı.

Qırğız Respublikası Parlamentinin sədri Axmatbek KELDİBEKOV Dünya azərbaycanlılarının III qurultayına dəvət edildiyi üçün minnətdarlıq etdi. Hər iki türk xalqının qədim tarixi ənənələrə və əlaqələrə malik olduğunu deyən A.Keldibekov hazırda Qırğız Respublikasında 20 mindən çox azərbaycanlının yaşadığını və onların bu ölkənin ictimai-siyasi və sosial həyatında yaxından iştirak etdiklərini bildirdi. O, Azərbaycanda həyata keçirilən uğurlu islahatları dünya səviyyəsində nümunəvi model adlandırdı. Qırğız Respublikası Parlamentinin sədri ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David KİRKİTADZE Prezident Mixeil Saakaşvilinin qurultay iştirakçılarına ünvanlanan məktubunu oxudu. Məktubda ölkələrimiz arasında mövcud əlaqələrin inkişafında Gürcüstandakı Azərbaycan diasporunun mühüm rol oynadığı vurğulanır.

Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qurultay iştirakçılarına salamlarını çatdıran Türkiyə Respublikası Nazirlər Kabineti yanında xaricdə yaşayan türklər və qohum topluluqlarla iş üzrə başqanlığın sədri Kamal YURTNAC hər iki qardaş ölkənin diaspor təşkilatlarının birgə və qarşılıqlı fəaliyyət göstərdiyini vurğuladı, Avropa və Amerikadakı təşkilatlarımızın erməni lobbisinin uydurma və əsassız iddialarına qarşı uğurla çalışdıqlarını dedi.

Rusiya Elmlər Akademiyasının akademiki Vladimir KOLESNİKOV tarixi dostluq münasibətlərinə malik olan Azərbaycan-Rusiya əlaqələrinin daimi inkişafda olduğunu bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin bu əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini xüsusi qeyd etdi.

Azərbaycan və qaqauz xalqları arasındakı əlaqələrin tarixinin qədim olduğunu deyən Moldovanın Qaqauz Yeri Başqanı Mixail FORMUZAL bütün türk dünyasının birləşməsinin əhəmiyyətini vurğuladı.

Sonra qurultayın Mandat Komissiyasının sədri, Milli Məclis Sədrinin birinci müavini Ziyafət ƏSGƏROVUN hesabatı dinlənildi.

"Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinə inteqrasiya edir", - deyən Z.Əsgərov bildirdi ki, Dünya azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilmişdir. Bu mötəbər mərasimdə 42 ölkədən 579 nümayəndə iştirak edir. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç Krallığı, Niderland, İsrail, Özbəkistan, Fransa, Böyük Britaniya, Kanada daha çox nümayəndə ilə təmsil olunur. Bundan əlavə, qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də qatılmışdır. Ölkəmizin bölgələrindən olan nümayəndələrin də iştirak etdiyi qurultayın işini 21 xarici ölkədən 37 media işçisi işıqlandırır.

Qurultayın Azərbaycan diasporu üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən Belçika parlamentinin senatoru xanım Ann Mari LİZİN ölkəmizdəki hərtərəfli inkişafdan danışdı. Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin inkişafından bəhs edən senator dedi ki, təmsil etdiyi ölkə hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir.

Azərbaycanda bütün millətlərin nümayəndələrinin, o cümlədən yəhudilərin təhlükəsiz şəraitdə yaşadığını deyən "Azİs" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif ŞAQAL isə bildirdi ki, bu gün İsraildə Azərbaycana çox böyük maraq vardır. "İsraildə ermənilərin qondarma "soyqırımı" tanınmır və yəhudi diasporu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini bütün dünyaya olduğu kimi çatdırır", - deyən İosif Şaqal ulu öndər Heydər Əliyevin Azərbaycan-İsrail münasibətlərinin inkişafındakı rolunu xüsusi qeyd etdi.

Türkiyənin Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Akkan SUVER də ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini söylədi.

Bu qurultay yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox mühüm əhəmiyyət kəsb edir, - deyən A.Suver bildirdi ki, qurultay dünya azərbaycanlılarını bir araya yığmaqla yanaşı, həm də milli şüurun qorunub saxlanılmasında xüsusi rol oynayır.

Şimali Kipr Yaxın Doğu Universitetinin rektoru Suat GÜNSEL dedi ki, Azərbaycanı zamana bənzədirəm. Bu ölkə zaman kimi yalnız irəliyə gedir. Bu qurultayın Azərbaycan diasporunun daha da fəallaşmasına, dəqiq və praqmatik addımlar atmasına zəmin yaradacağına əminəm.

Latviya Seyminin deputatı Aleksandr SAKOVSKİ təmsil etdiyi ölkə və ali qanunverici orqan nümayəndələri adından qurultay iştirakçılarını salamladı, Latviya-Azərbaycan əlaqələrinin genişlənməsində Prezident İlham Əliyevin xidmətlərini xatırladı.

Lüksemburq parlamentinin deputatı Jacques-Yves FLENCKES ölkəsində azərbaycanlıların da yaşadığını bildirərək onların Lüksemburqun ictimai-siyasi həyatında mühüm rol oynadığını dedi. O, Azərbaycanda gedən inkişafı və ölkəmizdə müşahidə etdiyi müsbət dinamikanı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi qiymətləndirdi.

Fransanın Brazzavil Universitetinin rektoru, beynəlxalq məsələlər üzrə vəkil Emmanuel KOLİYE Azərbaycan ilə Fransa arasındakı dostluq münasibətlərinin tarixindən danışdı. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycan-Fransa əlaqələrinin inkişafında mühüm rol oynadığını deyərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan fondun sivilizasiyalararası dialoqa mühüm töhfələr verdiyini bildirdi.

Niderlandın Əyalət Parlamentinin deputatı, Əmək Uğrunda Partiyanın üzvü Songül AKKAYA Benilüks-Azərbaycan Cəmiyyətinin fəaliyyətindən danışdı. O, bu qurumun Niderlandın ictimai-siyasi həyatında mühüm rol oynadığını dedi.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır ƏLİYEV isə II qurultaydan keçən beş ildə görülən işlərdən danışdı. Bildirdi ki, bu dövrdə rəhbərlik etdiyi qurumun 80-dən çox regional, 23 yerli təşkilatı yaradılmış, Rusiyada işıq üzü görən ilk həftəlik diaspor mətbu orqanı fəaliyyətə başlamışdır.

Rumıniyada yaşayan 40 minə yaxın Krım türklərinin adından danışan Rumıniya parlamentinin üzvü Aledin AMET Azərbaycan diasporunun fəaliyyətinin ildən-ilə genişlənməsindən məmnun olduğunu dedi.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan OĞAN isə qurultayı Azərbaycan tarixində mühüm hadisə adlandırdı.

Türkiyədə yaşayan üç milyon azərbaycanlıdan biri olduğunu və bununla hər zaman fəxr etdiyini deyən Sinan Oğan Azərbaycan-Türkiyə birliyinin türk dünyası həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadığını bildirdi.

Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil BAĞIROV Amerikadakı Azərbaycan diasporunun fəaliyyətindən danışdı. Bu gün Amerikadakı diaspor təşkilatlarımızın erməni lobbisinin məkrli addımlarına qarşı türk diasporu ilə birgə mübarizə apardığını deyən A. Bağırov Azərbaycan həqiqətləri ilə bağlı Birləşmiş Ştatların siyasi dairələrinə 200 mindən çox məktub göndərildiyini, Qarabağ Fondunun yaradıldığını diqqətə çatdırdı.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar KÖMÜR Azərbaycan dövləti tərəfindən daim diasporumuza lazımi diqqət və qayğının göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürlərini çatdırdı. Başar Kömür ölkəmizlə bağlı reallıqların və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti ilə əlaqədar həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı.

Türkiyənin keçmiş turizm naziri İlhan AKÜZÜM xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan diasporunun yaradılması və formalaşması istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Türkiyə ilə Azərbaycan arasında daimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu xatırladan qonaq bunu diaspor təşkilatlarının fəaliyyətində də özünü büruzə verdiyini dedi.

Prezident İlham Əliyevin qurultaydakı nitqinin proqram xarakterli olduğunu deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, redaksiya komissiyasının sədri Əli HƏSƏNOV tədbirin əhəmiyyətini vurğulayaraq ümumilikdə, qurultayda 20 çıxışın dinlənildiyini, bu çıxışlarda 35-ə yaxın müxtəlif təklifin səsləndiyini bildirdi.

Sonra həmin təkliflər də nəzərə alınmaqla qurultayın yekun sənədləri qəbul olundu.

İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti və qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciəti yekdilliklə qəbul etdilər.

Qurultayda həmçinin 2001-ci ildə yaradılan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin davam etməsi və şuranın icra katibliyinin yaradılması qərara alındı.

Qurultay iştirakçıları Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçdilər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu isə şuranın icra katibi vəzifəsinə seçdilər. Qurultayda qərara alındı ki, Əlaqələndirmə Şurasının tərkibi 107 nəfərdən 115 nəfərə çatdırılsın.

Əli Həsənov qeyd etdi ki, iyulun 6-da dövlət və hökumət nümayəndələri qurultay iştirakçıları ilə görüşəcək, burada səslənən təkliflərlə bağlı müzakirələr aparacaqlar.

Bununla da Dünya azərbaycanlılarının III qurultayı bağlı elan edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 iyul.- S.  3.