Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikası Qaqauz Yerinin başqanı Mixail Formuzalı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Moldova Respublikası Qaqauz Yerinin başqanı Mixail Formuzalı qəbul etmişdir.

Moldova Respublikası Qaqauz Yerinin başqanı Mixail Formuzalın Dünya azərbaycanlılarının III qurultayında iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bunu Azərbaycan ilə Moldova arasında münasibətlərin göstəricisi kimi qiymətləndirdi.

Dünya azərbaycanlılarının III qurultayında iştirakını Azərbaycan ilə Moldova arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirən Mixail Formuzal rəhbərlik etdiyi qurumun Azərbaycan diasporunun nümayəndələri və ölkəmizin Moldovadakı səfirliyi ilə sıx əlaqələr qurduğunu dedi. Mixail Formuzal münasibətlərimizin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etdi.

Dövlətimizin başçısı Moldovaya ilk səfəri zamanı Azərbaycan xalqının mütəfəkkir şairi Nizami Gəncəvinin abidəsinin açıldığını xatırlayaraq ölkələrimiz arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Qaqauzda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılmasını xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-6  iyul.- S.  4.