"Azərbaycan qadını" jurnalının yay buraxılışı çapdan çıxmışdır

 

İyulun 6-da Dövlət Akademik Milli Dram Teatrında "Azərbaycan qadını" jurnalının yeni sayı təqdim olunmuşdur. Tədbirdə xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyasının tamaşası göstərilmişdir.

Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri, "Azərbaycan qadını" jurnalının baş redaktoru Fatma Abdullazadə növbəti nömrənin də maraqlı materiallarla zəngin olduğunu qeyd etmişdir. Bildirmişdir ki, yeni nömrədə, ilk növbədə ölkəmizin həyatında parlaq hadisəyə çevrilmiş mühüm beynəlxalq layihələrdən söz açılır. Bakıda böyük təntənə ilə keçirilmiş II Beynəlxalq muğam festivalı, aprelin 7-dən 9-dək davam etmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə yazılar dərc edilmişdir. Jurnalda bu tədbirlərin iştirakçısı olmuş nüfuzlu elm və mədəniyyət xadimlərinin, tanınmış simaların ürək sözləri, təəssüratları oxuculara təqdim olunur.

Heydər Əliyev Fondunun təqdirəlayiq fəaliyyəti sayəsində bu ilin fevralında Parisdə müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim təşkil edilmişdi. Parisin ən füsunkar yerlərindən biri olan əfsanəvi, qədim Vandom meydanı Azərbaycan mədəniyyəti təntənəsinin şahidi olmuşdur. Jurnalın oxucuları Azərbaycan mədəniyyətinin təqdimatına çevrilən Paris təntənəsi ilə daha yaxından tanış olacaqlar. Ötən ay Sankt-Peterburqun Tavriya Sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilmişdir. Fəaliyyət göstərdiyi qısa müddətdə xeyli uğurlu nəticələr əldə edən bu təşkilatla bağlı maraqlı material jurnalın səhifələrində yer almışdır.

"ÜNS" Teatrı mədəni həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Jurnalın oxucularını "ÜNS"ün fərqli səhnəsi ilə yaxından tanışlıq, yubiley tədbirinə qatılan görkəmli teatr xadimləri ilə görüşlər gözləyir.

Jurnalın yay buraxılışında oxuculara yeni rubrika da təqdim olunur. "Qonaq otağı"nda onlar Azərbaycanın qonaqları ilə tanış olacaqlar. Rubrikanın ilk qonaqları Oljas Süleymenov, Kşiştof Zanussi, Andrey Konçalovskidir.

"Azərbaycan qadını"nın son buraxılışının səhifələrində, həmçinin xalq rəssamı Tahir Salahov, səhnəmizin gənc aktrisası İlahə Həsənova, zərif gimnast qızlarımızla bağlı zəngin materiallar və müxtəlif mövzuda digər yazılar verilmişdir.

Fatma Abdullazadə jurnalın hər yeni sayının gözəl bir tədbirin təqdimatı ilə birlikdə keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirmiş, iştirakçıların bu dəfə xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyasının tamaşasını seyr edəcəklərini bildirmişdir. Görkəmli nasir, dramaturq Elçinin yaradıcılığı barədə danışan Fatma Abdullazadə yazıçının maraqlı qadın obrazları yaratdığını diqqətə çatdırmışdır.

Tədbirdə xalq yazıçısı Elçinə "Azərbaycan qadını" jurnalının təsis etdiyi "Banuçiçək " mükafatı təqdim olunmuşdur.

Sonra "Teleskop" tamaşası oynanılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 iyul.- S.  5.