Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 16-cı illik konfransında və Dünya Ölkələri Baş Prokurorlarının 4-cü Sammitində iştirak etmişdir

 

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövlətdən olan üzvləri birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edir, 1998-ci ildən təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsində fəal təmsil olunur.

İyunun 25-dən 29-dək Koreya Respublikasının paytaxtı Seul şəhərində dünyanın 90-a yaxın dövlətinin 500-dək nümayəndəsinin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası, 16-cı illik konfransı və ümumi yığıncağı keçirilmişdir. Tədbirlərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

Respublika Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinə Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Respublika Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Ruslan Hacıyev və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev daxil idilər.

Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin iclasında təşkilatın fəaliyyəti, beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər müzakirə edilmişdir.

İllik konfransda Koreya Respublikasının Baş naziri, Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Beynəlxalq Cinayət Məhkəməsinin sədri və digər şəxslər çıxış edərək, dünyada baş verən inteqrasiyaümumi problemlərin həllində müştərək səylərin ortaya qoyulmasının vacibliyini, prokurorluq orqanları arasında əməkdaşlığın gücləndirilməsinin, işgüzar əlaqələrin qurulmasının və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışlar.

Assosiasiyanın işinə xüsusi töhfə vermiş təşkilatların təltif edilməsi mərasimi olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə NazirliyiBaş Prokurorluğun rəhbərləri, eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Ədliyyə Nazirliyinin əməkdaşları da təltif olunmuşlar.

Təşkilatın İcraiyyə Komitəsinin ümumi yığıncağında Assosiasiyanın illik fəaliyyətinə dair hesabatı təsdiq edilmiş, İcraiyyə Komitəsinə üzvlərin namizədliyinin irəli sürülməsi və seçilməsi ilə bağlı assosiasiyanın Konstitusiyasına dəyişikliklər edilmişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının növbəti illik konfransının Tailandın Bankok şəhərində, daha sonra isə Buenos-Ayresdə keçirilməsinə dair qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti iyunun 29-dan iyulun 1-dək Seulda Dünya Ölkələri Baş Prokurorlarının 4-cü Sammitində də iştirak etmişdir.

Koreya Respublikası Prezidentinin də iştirak etdiyi tədbirdə həmin ölkənin Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbəri və digər şəxslər çıxış etmişlər.

Sammitin ümumi iclaslarında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi işlərində ortaya çıxan problemlər, cinayət yolu ilə əldə olunmuş əmlakın qaytarılmasında prokurorluq orqanlarının rolu və funksiyaları, özəl sektor və maliyyə qurumları ilə əməkdaşlığın qurulması, həmin məsələlərdə prokurorluğun rolunun artırılması əsas müzakirə mövzusu olmuşdur.

Bundan başqa, iclaslarda kibercinayətkarlıq, mədəni irsin qaçaqmalçılığı, piratçılıq, soyqırımı, hərbi və bəşəriyyət əleyhinə olan cinayətlər üzrə dövlət ittihamının müdafiəsi və digər problemlərin həllində prokurorluq orqanlarının potensialının gücləndirilməsi məsələləri müzakirə olunmuş, beynəlxalq səviyyədə əməkdaşlıq üzrə razılaşmalar və digər beynəlxalq qurumlarla əlaqələrin təkmilləşdirilməsi barədə məruzələr dinlənilmişdir.

Sammitin xüsusi sessiyasında Beynəlxalq Prokurorlar Assosiasiyasının, Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının rəsmiləri çıxış edərək beynəlxalq səviyyədə prokurorların maraqlarının qorunması sahəsində təşəbbüs və mexanizmlər barədə ətraflı məlumat vermişlər.

Tədbirlər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Türkiyə, Böyük Britaniya, Rusiya, Qazaxıstan, Moldova, Latviya, Litva, Çin, Tailand və digər ölkələrin nümayəndə heyətləri arasında faydalı görüşlər keçirilmiş, işgüzar əlaqələrin təkmilləşdirilməsi yolları və əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2011.-7 iyul.- S.  5.