Milli Məclisdə görüş

 

İyulun 11-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Rumıniya-Azərbaycan münasibətlərindən, iqtisadi, mədəni və digər sahələrdə əldə edilən nailiyyətlərdən danışılmışdır.

Ziyafət Əsgərov demişdir ki, iki ölkə arasındakı dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə yüksələn xətlə inkişaf edir. Eyni zamanda hər iki ölkənin hakim partiyaları arasındakı əlaqələr daim genişlənir. Azərbaycan Avropaya inteqrasiya edirbu işdə biz Rumıniyanın təcrübəsindən də yararlanırıq.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Z.Əsgərov bildirdi ki, bu problemin həll olunmaması bölgədə sülh və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. Ermənistan bununla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə, ATƏT-in, Avropa Şurasının qərarlarına məhəl qoymur, işğalçılıq siyasətindən əl çəkmir.

Nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu demişdir ki, Rumıniya-Azərbaycan əlaqələrinin qədim tarixə malik olması xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələrimiz sürətlə inkişaf etməyə başlamışdır. Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır. Bunun nəticəsidir ki, 2004-2011-ci illər ərzində ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanmışdır. Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılması münasibətlərimizin uğurla davam etməsindən xəbər verir.

Nümayəndə heyətinin rəhbəri xüsusi vurğuladı ki, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

Sonra görüşdə siyasi partiyalar, parlamentlər, eləcə də vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.1.