Rumıniya-Azərbaycan əlaqələri uğurla inkişaf edir

 

İyulun 11-də Milli Məclisdə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyətinin başçısı, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşmüşdür.

Görüşdə Rumıniya-Azərbaycan əməkdaşlığının inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən, ölkəmizin iqtisadi-siyasi müstəvidə əldə etdiyi naliyyətlərdən danışılmışdır.

İşçi qrupun üzvü Mirkazım Kazımov qonaqlara Azərbaycan parlamentinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Milli Məclisdə 70-dən çox işçi qrupu fəaliyyət göstərir. İşçi qrupları təkcə qanunverici orqanlar arasında deyil, dövlətlər və xalqlar arasındakı münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm rol oynayır.

Nekulay Ontsanu ölkələrimiz arasındakı əlaqələrin genişlənməsində siyasi partiyaların və parlamentlərin rolundan danışaraq demişdir ki, vətəndaş cəmiyyətinin və xalqın təmsilçiləri fəaliyyətləri ilə dövlətlərarası münasibətlərin möhkəmlənməsinə öz töhfələrini verirlər. Elə Azərbaycana səfərimizin məqsədi də elm, təhsil, mədəniyyət və digər sahələrdəki mövcud əməkdaşlığı daha da genişləndirməkdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Nümayəndə heyətinin rəhbəri bildirmişdir ki, Rumıniya ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll edilməsində maraqlıdır.

 

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.2.