Naxçıvan Dövlət Universitetində İKT-nin inkişafı ilə bağlı beynəlxalq simpozium keçirilib

 

Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 6: Naxçıvan Dövlət Universiteti və əlaqədar olduğu lokal şəbəkədə İKT-nin vəziyyəti" mövzusunda beynəlxalq simpozium keçirilib.

Tədbiri universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq ənənəvi "Elektron Naxçıvan" layihəsinin əhəmiyyətindən, beynəlxalq əməkdaşlıq sahəsində virtual əlaqələrinin inkişafından, ötən bir il ərzində müxtəlif videokonfranslar, videodərslər keçirilməsindən, distant təhsil üçün mükəmməl baza yaradılmasından danışıb. Qeyd olunub ki, universitetdə elektron təhsil sisteminin yaradılması, informasiya təminatının təşkil edilməsi məqsədilə elektron kitabxana, internet mərkəzləri, CİSKO Akademiyası, Təhsil Qeydiyyat Mərkəzi, İnformasiya texnologiyaları şöbəsi və digər qurumlar uğurla fəaliyyət göstərir. Artıq bir ildir ki, universitetin bütün tədris korpuslarında, struktur bölmələrində, eləcə də 108 hektarlıq ərazisində "Wi-Fi" kampus internet şəbəkə sistemindən istifadə edilir ki, bu da dünya elminə, təhsilinə inteqrasiyaya, beynəlxalq elmi əlaqələrin inkişafına öz əməli bəhrələrini verməkdədir.

AMEA İnformatika Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış edərək informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində məqsədyönlü dövlət siyasətindən, ölkədə informasiya cəmiyyətinin formalaşmasından, muxtar respublikada müasir elektron telekommunikasiya şəbəkəsindən istifadə olunmasından, elektron universitet yaradılmasından, Rusiya Federasiyasının Novosibirsk vilayətinin təmsilçisi Aleksey Bespalikov qloballaşan müasir dünyada İKT-nin əvəzsiz rolundan, xüsusilə ali təhsil sahəsindəki əhəmiyyətindən danışıb.

Simpoziumun videokonfranslar bölməsində Cenevrə şəhəri, Türkiyə Cümhuriyyətinin Ankara, Almaniyanın Leypsik şəhərləri ilə canlı bağlantı qurulub. Videokonfransda "Elektron Naxçıvan" layihəsinin əsas təşkilatçılarından olan, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının baş katibi, professor Yasek Gacevskinin "İnternet Cəmiyyəti qrantları internet sahəsindəki proyektlərin finanslaşma imkanları kimi", Ankara Universitetinin prorektoru, professor-doktor Yasemin Yalımın "Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq", "Univent" TEMPUS layihəsinin grantholderi, Leypsik Tətbiqi Elmlər Universitetinin informatika, riyaziyyat və təbiət elmləri fakültəsinin əməkdaşı, professor-doktor Klaus Haensgenin "Univent" TEMPUS layihəsi üzrə görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda məruzələri dinlənilib.

Sonra universitetin ayrı-ayrı fakültələrinin əldə etdiyi nailiyyətlər və İKT-nin inkişafı vəziyyəti ilə bağlı müsabiqə keçirilib. Müsabiqə zamanı universitetin fizika-riyaziyyat, beynəlxalq münasibətlər və xarici dillər, təbiətşünaslıq və kənd təsərrüfatı, memarlıq və mühəndislik, tibb, sosial idarəetmə və hüquq, iqtisad fakültələri, habelə magistratura üzrə dekanlıqla bağlantı yaradılıb. Fakültə dekanları müəyyən olunmuş vaxt müddətində müxtəlif informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə fakültənin tarixi, elm, təhsil, beynəlxalq əməkdaşlıq sahəsində dolğun məlumat verməli idilər. Müsabiqə zamanı təqdimatlardakı səs, görüntü keyfiyyəti, müasir informasiya texnologiyalarının geniş imkanlarından istifadə səviyyəsi əsas götürülürdü. Müsabiqənin nəticələrinə görə, iqtisad fakültəsi I, magistratura bölməsi II, fizika-riyaziyyat fakültəsi III yerə layiq görüldü. Beynəlxalq simpoziumda İKT-dən istifadə etməklə dərs keçməkdə fərqlənmiş müəllimlərdən Əli Cabbarov, Zərəfşan Babayeva, Seyid Surə, Nazim Bababəyli, Əlövsət Quliyev, Malikəcdər İbrahimov fəxri fərmanla təltif olundular.

Muxtar respublikanın Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədov çıxış edərək beynəlxalq simpoziumun fəaliyyətini yüksək dəyərləndirdi, muxtar respublikada, xüsusilə də ali təhsil sistemində ən yeni informasiya texnologiyalarının daha geniş tətbiqi və mənimsənilməsi istiqamətində mühüm rol oynayacağını vurğuladı.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.6.