Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçin Azərbaycana rəsmi səfəri

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviç iyulun 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Baş nazir Mixail Myasnikoviç Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 iyul.- S.2.