Xəyalların həqiqətə çevrildiyi şəhər

 

 Sürətli tərəqqi tempi ilə seçilən Azərbaycan regionları sırasında özünəməxsus yerlərdən biriniYevlax tutur. Yevlaxın böyük iqtisadi potensiala malik olduğunu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin vaxtilə dilə gətirdiyi "Mən Yevlaxı daha gözəl, daha abad görmək istəyirəm" arzusu artıq çoxdan gerçəkliyə çevrilmişdir. Son illər dinamik inkişaf yolunda inamla irəliləyən Yevlax abadlığı, gözəlliyi, bənzərsiz yaraşığı ilə görənləri heyran edir. Son parlament seçkilərində bölgəyə səfər edən avropalı beynəlxalq müşahidəçilərin dilindən eşitdiyim "Bu şəhər Strasburqa bənzəyir" müqayisəsi təbii ki, bir azərbaycanlı kimi məndə də qürur doğurdu.

Bir zamanlar "ölü şəhər" adlandırılan, küçələrində beş həyət qapısından üçünə "ev satılır" elanı yazılmış, sakinləri dolanışıq üçün ölkə paytaxtına, Rusiya Federasiyasının müxtəlif şəhərlərinə səpələnmiş Yevlaxda möcüzəmi baş vermişdir?!

Doğrudur, bu bölgədə baş verənləri möcüzə adlandıranlar da az deyil. Həqiqət budur ki, dövlətdən, ona rəhbərlik edən Prezident İlham Əliyevin qayğısından güc alan yevlaxlılar yenilməz iradələri, fəal vətəndaş mövqeyi, ürəklərində yuva qurmuş tükənməz yurd sevgisi ilə çox xəyalları həqiqətə çevirdilər. Yevlaxı məhəbbətlə, hər daşının, hər yaşıl fidanının başına dolana-dolana başdan-başa yenidən qurdular. Sosial-iqtisadi problemlərin ağırlığına tab gətirməyib diz çökən şəhər yenidən dikəldi, müstəqil dövlətin inkişaf etmiş müasir şəhərinə çevrildi, şöhrətli günlərə qovuşdu.

Prezident İlham Əliyevin Yevlaxa xüsusi qayğısı, bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq işlərinə böyük dəyər verməsi növbəti uğurların etibarlı təməlinə çevrilir, adamları yeni fədakarlıqlara ruhlandırır. Dövlət başçısı bu bölgəyə dəfələrlə səfər etmişdir. Hər səfər isə Yevlaxın sosial-iqtisadi həyatında diqqət çəkən yeniliklərlə müşayiət olunur. Burada görülən genişmiqyaslı quruculuq işlərini yüksək dəyərləndirən cənab İlham Əliyev demişdir: "Mən hər dəfə Yevlaxda olanda, burada yenilikləri görəndə çox sevinirəm. Müxtəlif vaxtlarda Yevlaxda dəfələrlə olmuşam. Yevlax getdikcə daha da gözəlləşir, daha da müasirləşir, çox gözəl abadlıq işləri aparılır... Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım belə, geri qalmır".

 Prezidentin qayğısı sayəsində iri istehsalemal müəssisələri, müasir texnologiyası ilə Avropa standartlarına cavab verən fabrikzavodlar fəaliyyətə başlamış, yüzlərlə yeni yeri açılmışdır. "Lalə tekstil" tikiş fabriki, "Arfa" mebel fabriki, "Gilan" gön-dəri emalı, kərpic, asfalt, beton məmulatları istehsalı zavodları və s. məhz son illərin payına düşür.

Bu gün Yevlax həm də parklar, xiyabanlar şəhəridir. Şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan, böyük bir ərazini əhatə edən parkda dincəlmək, mənalı istirahət etmək üçün hər cür şərait yaradılmışdır. Burada yay konsert salonunda vaxtaşırı maraqlı tədbirlər keçirilir. Parkda quraşdırılmış musiqili fəvvarə əsəblərə sığal çəkir. Nizami, Dədə Qorqud, Səməd Vurğun, Dostluq parkları da əhalinin sevimli istirahət yeridir. Ana Kürün sahilində inşa edilən yeni bulvar kompleksi Yevlaxın gözəlliyinə yeni naxış vuracaqdır...

Regionların sosial-iqtisadi inkişafi istiqamətində həyata keçirilən genişmiqyaslı işlər Yevlaxda bu günuğurla davam etdirilir. Adamlar əzmlə işləyir, min bir həvəslə daş üstə daş qoyub doğma yurdun hər qarışını cənnətə döndərməyə çalışırlar. Şəhərin dörd tərəfində tikinti-quruculuq işləri gedir. Şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilən 4 mərtəbəli 36 mənzilli yaşayış evi bu il istifadəyə veriləcəkdir. Avtovağzal kompleksinin, iki beşmərtəbəli yaşayış binasının inşası sürətlə davam etdirilir. Mərkəzi Bankın Yevlax zona idarəsi üçün inzibati binanın və Beynəlxalq Bankın Yevlax filialının tikintisində son tamamlama işləri görülür. Fiziki cəhətdən qüsurlu uşaqlar üçün zona informasiya mərkəzi inşa olunur. Kürün sahilində tikilən beşulduzlu hotel yaxın gələcəkdə qapılarını qonaqların üzünə açacaqdır. Uşaq-gənclər idman məktəbi əsaslı təmir olunur. Burada inşa edilən üzgüçülük hovuzu gənc idmançılara böyük töhfə olacaqdır. İki hektar ərazisi olan S.Vurğun adına park müasir tələblər səviyyəsində yenidən qurulur.

Əhalinin həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmaq, adamları narahat edən sosial problemləri aradan qaldırmaq rayon rəhbərliyinin fəaliyyətində əsas istiqamətlərdəndir. Bir vaxtlar elektrik enerjisi, qaz, su, yol sarıdan korluq çəkən əhali bu sahədəki problemləri artıq çoxdan unudub.

Rayonda vüsət alan genişmiqyaslı abadlıq, quruculuq işlərinin mayasında söz yox ki, güclü iqtisadiyyat dayanır. Ölkə iqtisadiyyatının dinamik inkişafı bölgədə zəruri sosial layihələrin reallaşdırılmasına geniş imkanlar yaradır. Cari ilin birinci rübündə ümumdaxili məhsulun həcmi 118,4 milyon manat olmuşdur. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,9 milon manat, yaxud 15,5 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizinin qeyri-dövlət sektorunda istehsal olunması rayonda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmasının konkret göstəricisidir. Təkcə bu ilin birinci rübündə sahibkarlara, adamlarına 2 milyon 828 min manat həcmində kredit verilmişdir.

Fabrik və zavodlarında istehsal edilən keyfiyyətli məhsulları dünya bazarına çıxarıb sənaye şəhəri kimi şöhrət qazanan Yevlax həm də aqrar rayondur. İndi təsərrüfatlarda işlərin qızğın çağıdır. Taxıl biçini uğurla davam etdirilir. Mal-qara üçün yem toplanılır. Bostan-tərəvəz məhsulları, müxtəlif meyvələr artıq bazarlara çıxarılmışdır.

Ən başlıcası odur ki, Yevlaxda adamlar çox nikbindirlər. Üzümüzə işıqlı sabahlar açılacağına, həyatımızın daha firavan olacağına inam böyükdür. Həvəslə tikib-quran, abadlıq, gözəllik yaradan, tarlalarda, fermalarda halal zəhməti ilə bolluğa meydan açan hər kəs kürəyində dövlətin əlini görüb ürəkli olur, ötkəm olur. Bu əlin gücü, qüdrəti ən böyük uğurlara qadirdir. Yetər ki, bu dövləti, bu vətəni sevəsən, bu ölkənin vətəndaşı olmağınla qürur duyasan.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.- 9 iyul.- S.6.