Əli Həsənov: "Tərəflərdən hər hansı birinin tam qələbəsi məsələsi yoxdur"

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytının suallarını cavablandırıb.

- Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli, sülh danışıqlarında yaranmış vəziyyət də müzakirə olunub. Məsələ yalnız müzakirə səviyyəsində aparılıb, yoxsa hər hansı bir qərar qəbul edilib?

- Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, son vəziyyət barədə geniş məlumat verdi. Dövlət başçısı 2004-cü ildə başlanan Praqa prosesindən tutmuş bugünkü vəziyyətə qədər olan bütün proseslərdən danışdı. İclasdan geniş məlumat yayılacaq və bu o deməkdir ki, Prezident həm də xalqı məlumatlandırdı.

Söhbət ondan gedir ki, 2004-cü ildən ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiyanı təmsil edən nümayəndələrin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar davam etdirilib. 2007-ci ildə Minsk qrupunun həmsədrləri Madrid prinsipləri adlandırılan təkliflər irəli sürüblər. 2009-cu ildə yenilənmiş Madrid prinsipləri adlandırılan sənəd ortaya çıxıb. 2010-cu ildə danışıqlar davam etdirilib. Prezident hansı mərhələdə danışıqların necə getməsindən, nələrin baş verməsindən, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə danışıqların nəticəsiz qalmasından danışdı.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə də Ermənistan qeyri-konstruktiv mövqe tutub. Ermənistan dezinformasiya siyasətinə əl ataraq guya Kazan görüşündə Azərbaycanın yenilənmiş Madrid prinsiplərinə yeni düzəlişlər irəli sürdüyünü və bunun nəticəsində danışıqların heç bir razılaşma əldə olunmadan başa çatdığını iddia edib. Amma reallıq başqadır, Kazan görüşündə Ermənistan yenilənmiş Madrid prinsipləri əsasında ilkin sülh sazişinə dair sənədlərin imzalanmasına mane olub.

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni vəziyyət yaranıb və belə bir vəziyyətdə Ermənistanın son hərəkətləri başa düşülmür. Yeni vəziyyət nədən ibarətdir və söhbət Ermənistanın hansı hərəkətlərindən gedir?

- Prezident İlham Əliyev yeni vəziyyətin nədən ibarət olmasına dair geniş açıqlama verdi. Dövlət başçısı dünya azərbaycanlılarının 3-cü qurultayında və ondan əvvəlki çıxışlarında da yeni vəziyyətin nədən ibarət olması haqda geniş açıqlama vermişdi.

Yeni vəziyyət ondan ibarətdir ki, artıq dünyanın bütün ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam informasiyaya malikdir, Qarabağdakı reallığı bilirlər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını bütün beynəlxalq təşkilatlar qəbul edib. Beynəlxalq təşkilatlar bundan çıxış edərək münaqişənin həlli istiqamətində səylərini davam etdirirlər.

Cənab Prezident mövcud vəziyyətdə yeni reallıq deyərkən ilk növbədə ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələrin prezidentlərinin son bəyanatını, status-kvonun dəyişdirilməsinə dair tələblərini, bundan sonra münaqişənin həlli ilə bağlı mütləq formada irəliləyişə nail olunması istiqamətində həm ABŞ, Rusiya və Fransa prezidentlərinin, həm də xarici işlər nazirlərinin göstərdikləri səyləri nəzərdə tutur. Bir müddət əvvəl ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanat imzalayıblar, orada status-kvonun aradan qaldırılması tələbi irəli sürülüb. Onun ardınca Kazan görüşü ərəfəsində həm Azərbaycan, həm də Ermənistan prezidentləri Minsk qrupunun hər üç həmsədr ölkəsinin prezidentləri ilə ünsiyyətdə olublar, münaqişənin həlli istiqamətində ölkə prezidentlərinin arzu, istəkləri və iradələri ortalığa qoyulub. Digər tərəfdən isə, bu ərəfədə xarici işlər nazirləri öz səylərini artırıblar. Bu görüşlərin artması, müzakirələrin intensivləşməsi həqiqətən münaqişənin həlli ilə bağlı yeni vəziyyətin yaranmasından xəbər verir. Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bu məsələ dinamik şəkildə müzakirə olunan, dünyanın gündəminə gətirilən, həlli vacib hesab edilən məsələlər sırasına qaldırılıb. Yeni vəziyyət budur.

Ermənistanın başa düşülməyən hərəkətləri isə ermənilərin hər dəfə bu və ya digər bəhanə ilə sülhyaratma proseslərindən boyun qaçırması, əvvəlki görüşlərdə razılaşdırılmış prinsip və məsələlərdən imtina etməsi, razılaşdırılmış məsələlərə dəfələrlə yenidən qayıtmasıdır. Bütün bunlar reallıqdır. Ermənilərin başa düşülməyən hərəkətləri deyəndə cənab Prezident ilk növbədə bunları nəzərdə tutur.

2009-cu ildə irəli sürülən yenilənmiş Madrid prinsipləri Azərbaycanın istəyi deyil. Bu, həmsədr dövlətlərin irəli sürdüyü təkliflərdir. Hər iki tərəf prinsipcə bu təkliflərlə razı olduğunu bildirmişdi. Onda nəyə görə ermənilər Kazan görüşündə razılaşdırılmış məsələləri yenidən gündəmə gətirir, Dağlıq Qarabağın statusu məsələsini ön plana çıxararaq mərhələli həll prinsipinə zidd təkliflər irəli sürürlər? Bu misalları kifayət qədər artırmaq olar. Ermənilər əvvəlki illərdə yenilənmiş Madrid prinsiplərini dəstəklədiklərini, onu qəbul etməyə hazır olduqlarını bəyan etdikləri halda Kazan görüşündə həmin prinsiplərdən imtina ediblər.

- Ötən həftənin sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və Yerevana səfər etdi və Prezident Dmitri Medvedevin məktubunu Azərbaycan və Ermənistanın dövlət başçılarına çatdırdı. Məktubda nə yazıldığı isə açıqlanmayıb. Dmitri Medvedevin məktubunda nələr yazılıb və Azərbaycan bu məktuba cavab verəcəkmi?

- Məsələ normal bir səviyyəyə gətirilməmiş onun cəmiyyətə açıqlanması, bu haqda məlumatların geniş ictimaiyyətə bildirilməsi diplomatik normalara ziddir və nizamlanma prosesinə mənfi təsir göstərər. Ona görə də lazımi məqamda bu məktublara münasibət bildiriləcək, onların nəticələri də ictimaiyyətə bəlli olacaq. Hazırda Azərbaycan o istəklə yaşayır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki yeni vəziyyət davam etdirilməlidir, dinamik inkişaf olmalı, ATƏT-in Minsk qrupu həmsədrlərinin iradəsi bu formada davam etdirilməlidir və danışıqlarda müəyyən yekun mərhələyə keçmək lazımdır.

Məktublardakı digər məsələlər haqqında da məlumat veriləcək. Təbii ki, hazırda müvafiq qurumlar məktubdakı məsələləri öyrənir. Məktub hansı missiyaya xidmət edir, bundan sonrakı addımlar nə olacaq, Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistana, ABŞ-a səfərlərinin yekunları necə olacaq - bu məsələlərə aydınlıq gəlməlidir. Eyni zamanda, Azərbaycanın xarici işlər naziri bir müddət əvvəl Fransada səfərdə olub, görüşlər keçirib. Hər halda bütün bunlar Ermənistanın yenidən danışıqlar masasında konstruktiv mövqe tutmasına sövq edilməsinə və 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa konkret nəticənin əldə olunmasına istiqamətlənib.

- Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın dövlət başçısının vasitəçiliyi ilə keçirilən Kazan görüşü uğursuz başa çatandan sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik fəallıq artıb. İyulun 8-də Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistanın dövlət başçılarına yeni təkliflərin yer aldığı məktubla müraciət edib. İyulun 11-də ABŞ və Rusiya prezidentləri telefonla danışaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Həmin gün Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a səfər edib. O, Vaşinqtonda Qarabağ müzakirələri aparacaq. Sizcə, bu diplomatik fəallıq nə vəd edir?

- Bütün diplomatik fəaliyyət məhz nəticənin əldə olunmasına yönəlib. Əgər bir nəticə olmayacaqsa, dünyanın indiki gərgin ictimai-siyasi, maliyyə vəziyyətində üç aparıcı ölkə neçə illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaz. Məgər onların işi-gücü yoxdur? Əlbəttə, onlar da istəyirlər ki, nəticə olsun, Cənubi Qafqazda sülh yaransın, dünya üçün əhəmiyyətli olan bu geostrateji məkan, nəhayət, dinc, mehriban qonşuluq şəraitində yaşasın. Bu da dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm bir amil rolunu oynayacaq. Nəticənin olması üçün isə Ermənistana mütləq təzyiqlər artırılmalıdır, bu ölkələr sözün həqiqi mənasında ciddi bir iradə qoymalıdırlar.

Ermənistanın indiki siyasətinə rəhbərlik edənlər bir qədər qeyri-ciddi insanlardır. Bunu açıq deməliyik. Ermənistan prezidentinin, xarici işlər nazirinin, onun müavinlərinin çıxışlarına baxın. Müstəqil dövlətin prezidentinin, nazirlərinin bu formada mülahizələr irəli sürməsi təəssüf doğurur. Onların çıxışları lağlağı, qeyri-ciddi fikirlərdən ibarətdir. Biz qeyri-ciddi bir ölkə ilə üz-üzəyik. Bu qeyri-ciddi siyasət yalnız Azərbaycana, işğal olunmuş ərazilərdəki əhaliyə ziyan gətirmir, bütün Ermənistan əhalisini girovluqda saxlayır. Erməni xalqı faktiki olaraq hərbi rejimin girovuna çevrilib, neçə illərdir regionun, dünyanın inkişafından təcrid olunub. Ermənilər bir militarist qrupun biznes maraqlarının girovunda saxlanılır. Onlara qarşı ciddi tədbirlər görülməsə, bu insanlardan hər şey gözləmək olar.

- Əli müəllim, ekspertlər hesab edirlər ki, yenilənmiş Madrid prinsipləri Azərbaycanın maraqlarına cavab vermir. Bu prinsiplər indiyədək tam açıqlanmayıb. Yenilənmiş Madrid prinsiplərinin cəmiyyətə açıqlanmasını mümkün hesab edirsinizmi?

- Minsk qrupu həmsədrlərinin irəli sürdükləri prinsipləri nə Ermənistan, nə də Azərbaycan qələbə kimi təqdim edə bilər. Bu prinsiplərdə tərəflərdən hər hansı birinin tam qələbəsi məsələsi yoxdur. İstənilən halda qarşılıqlı güzəşt var. Azərbaycanın qarşılıqlı güzəşti Dağlıq Qarabağa keçid statusu verilməsindən ibarətdir. On illər sonra, normal sülh şəraitində Dağlıq Qarabağın daimi statusu müəyyən olunana qədər Azərbaycan ona keçid status verir. Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev yenilənmiş Madrid prinsiplərini açıqladı. Yenilənmiş Madrid sənədi 4 əsas prinsipdən ibarətdir. Həmin prinsiplərin hamısı, əlbəttə ki, Azərbaycanı tam qane etmir. Münaqişənin həllinin Azərbaycanı tam qane etməsi üçün gərək Azərbaycan müharibəyə başlasın, işğal altında olan bütün əraziləri azad etsin və Ermənistanı bizi qane edən sülh sazişini imzalamağa məcbur etsin. İndiki şəraitdə isə bu, qeyri-mümkündür. Ona görə də biz konstruktiv bir mövqe nümayiş etdirərək qarşılıqlı güzəştlərə gedirik.

- Yenilənmiş Madrid prinsiplərində Dağlıq Qarabağda referendum keçirilməsinə dair müddəalar varmı?

- Mən məsələnin detalları ilə tanış deyiləm. Minsk qrupunun həmsədrlərinin səsləndirdikləri bəyanatlarda da Dağlıq Qarabağın gələcək statusu ilə bağlı informasiyalar bir xətlə keçib. Gələcək statusu müəyyənləşdirmək üçün Dağlıq Qarabağ ətrafında sülh və əmin-amanlıq şəraitində yaşamaq təmin olunmalıdır, həm azərbaycanlılar, həm də digər vətəndaşlar öz yurdlarına qayıtmalıdır. Sülh, sosial-iqtisadi inkişaf, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası şəraitində insanlar beş-on il yaşamalıdırlar. Bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilə bilər. Belə bir ideya danışıqlar prosesində olub. Amma yenilənmiş Madrid prinsiplərində referendumun keçirilməsi şərtləri, müddəti və digər detalları ilə tanış deyiləm.

- Ermənistanda hakimiyyət müxalifətlə görüşüb Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edir, ortaq mövqe formalaşdırır. Azərbaycanda da hakimiyyətin müxalifətlə bir araya gəlib məsələni müzakirə etməsinə dair fikirlər səsləndirilir. Yaxın vaxtlarda belə bir müzakirələr keçirilə bilərmi?

- Cənab Prezident Nazirlər Kabinetinin müşavirəsində bəyan etdi ki, əgər Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı qərar qəbul olunsa, mütləq Azərbaycan xalqının rəyi nəzərə alınacaq. Hazırda ortada ciddi bir şey yoxdur. İndi söhbət Dağlıq Qarabağ münaqişəsinin həllinə qədərki müəyyən işlərin görülməsindən gedir. Azərbaycanın Dağlıq Qarabağa aidiyyəti olmayan, hətta Ermənistandan Dağlıq Qarabağa keçən dəhlizə aidiyyəti olmayan 5 rayonu işğal altındadır. Niyə bu rayonlar azad olunmasın, oradakı infrastruktur bərpa edilib əhali doğma yerlərinə köçürülməsin? İndi bu xarakterli məsələlərdən söhbət gedir və cənab Prezident Azərbaycan xalqının iradəsinə söykənərək addımlar atır, öz səlahiyyətləri çərçivəsində bunları reallaşdırır.

Ermənistandakı məsləhətləşmələrin hamısı imitasiyadır. Olmayan şeyin nəyini xalqla məsləhətləşəcəksən? Ermənistan prezidentinin qəbul etdiyi qərarların hamısı qeyri-ciddidir. Onun bir tədbirdə bəyan etdiyi fikirlə başqa tədbirdəki hərəkəti uyğun gəlmir. Ermənistana sözü ilə əməli bir-birinə uyğun gəlməyən şəxs rəhbərlik edir. Azərbaycanda isə xalqla həqiqi məsləhətləşmə olacaq, vətəndaşların rəyi soruşulacaq. Amma bunun üçün danışıqlarda nəticə olmalıdır.

 

 

Azərbaycan.- 2011.- 13 iyul.- S.4.