Sosial-iqtisadi və mədəni yüksəliş xəttinin uğurlu davamı

 

Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Ölkəmiz düşünülmüş neft strategiyası ilə ümumən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən ölkə rəhbərliyi milli maraqları layiqincə müdafiə edir.

Bu gün Azərbaycanın hər bir bölgəsi böyük tikinti meydanını xatırladır. Regionlarda yüksək zövqlə aparılan abadlıq-quruculuq işləri zahiri görüntüyə hesablanan, kampaniya xarakteri daşıyan tədbirlərdən kəmiyyət və keyfiyyətcə fərqlənir. Rayonlara, qəsəbələrə şəhər simasının gətirilməsi əyalət insanlarının ümumi mənəvi-psixoloji ovqatını, gələcəyə inam hissini yüksəldir. Yeni inşa edilən sosial infrastruktur obyektləri - təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir, mənəvi iqlimi saflaşdırır. Mövcud uğurlar insanlarda gələcək barədə yalnız nikbin təəssürat və daxili əminlik doğurur. Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, çətin və ağrılı günlər çoxdan geridə qalmışdır. Üfüqdə sürətlə yeniləşən, iqtisadi uğurları, demokratik inkişaf səviyyəsi ilə dünya arenasında layiqli mövqeyini təmin edən qüdrətli və əzəmətli Azərbaycan görünür.

Bütün bu uğur və nailiyyətlərin bünövrəsində isə bir vacib amil dayanır - lider amili! Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən çox şey - ilk növbədə onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Bu qənaətlə hamı bölüşür ki, müstəqil respublikamız da hazırkı möhtəşəm nailiyyətlərinə görə məhz ümummilli lider Heydər Əliyevə borcludur. Ümummilli lider Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız 40 ilinə sahiblik edir. Fəqət bu zaman kəsiyində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda istiqlala zəmin yaradılması, müstəqilliyin bərpası və əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin azad ölkənin vətəndaşına çevrilməsi kimi böyük tarixi mərhələni əhatə edir.

Ulu öndərin hələ ötən əsrin 70-80-ci illərindən böyük uzaqgörənliklə formalaşdırdığı sənaye və istehsal potensialı bugünün özündə də davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə, bünövrəyə çevrilmişdir. Orta və nisbətən yaşlı nəslin nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 60-cı illərindən başlandığını çox yaxşı bilir. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan sanki taleyin ümidinə buraxılmış kimi görünürdü.

Ulu öndər Heydər Əliyevin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə - 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın I katibi seçilməsi isə respublikanı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. Həmin plenumda Azərbaycan dilində nitq söyləyən yeni rəhbər elə ilk gündən milli ideallara bağlı lider olduğunu ən yüksək kürsüdən nümayiş etdirdi. Heydər Əliyevin ilk gündən ədalətə, qanunçuluğa tapınaraq respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırdı.

Məhz bu mərhələdən etibarən respublikamızda gerçəkləşdirilən çoxşaxəli islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan verdi. Qısa müddətdə iqtisadi sahədə mühüm nailiyyətlər əldə olundu, mədəniyyətin yüksəlişi, milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atıldı. Həmin illərdə Heydər Əliyev məhz milli özünüdərkin güclənməsinə zəmin yaradan iqtisadi inkişaf strategiyası həyata keçirməyə çalışırdı. Keçmiş Sovet İttifaqı kimi böyük dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün İttifaq üzrə qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi.

Həmin dövrün quruculuq salnaməsinin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyev qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Məhz Heydər Əliyevin təkidi və səyləri ilə İttifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq verdi, paralel olaraq energetika və nəqliyyat kompleksi sürətlə inkişaf etdi. Həmin dövrdə sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olundu. 1970-1985-ci illərdə Azərbaycanda onlarla zavod, fabrik, istehsalat sahələri yaradıldı, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başladı. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutur, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Xüsusi vurğulamaq istərdim ki, Sumqayıt şəhərində Ümumittifaq əhəmiyyətli bir sıra sənaye müəssisələrinin, o cümlədən Sumqayıt Şüşə Zavodunun intibah və yüksəliş dövrü də məhz ötən əsrin 70-ci illərinə təsadüf edir.

Həmin dövrdə Azərbaycanın iqtisadi inkişafının ən qabarıq nəticələri həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusən pambıqçılığın inkişafında real təcəssümünü tapırdı. Bu dövrdə kənd təsərrüfatının artım sürəti orta İttifaq səviyyəsini xeyli qabaqlamış, bu sahədə istehsal 2,5 dəfə artmışdı. Eyni zamanda İttifaq miqyasında istehsal olunan pambıq ipliyinin 9,6, ipək xammalının 11,7 faizi məhz Azərbaycanın payına düşürdü. 1982-ci ildə kənd təsərrüfatı məhsulu 1969-cu illə müqayisədə 2,5 dəfə, şərabçılıq 6 dəfədən artıq çoxalmışdı. Ulu öndərin tez-tez yerlərdə olaraq zəhmət adamları ilə görüşməsi, onları mükafatlandırması insanların halal zəhmətə, torpağa bağlılığını artırır, ölkəyə bol məhsul, süfrələrə ruzi-bərəkət gətirirdi.

Azərbaycan neftinin mərkəzə daşınmasından daxilən narazı olan Heydər Əliyev qeyri-neft sahələrinə xüsusi diqqət yetirir, respublika regionlarının inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılmasına, əhalinin demoqrafik inkişafına, rayonların və kəndlərin mədəni simasının dəyişdirilməsinə dair strateji məqsədlərini ardıcıllıqla həyata keçirirdi.

70-ci illərdə neft sənayesi də inkişaf etmiş, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdu. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olurdu. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdı. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində keçmiş SSRİ-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı ilə məşğul olan aparıcı dövlətlərdən birinə çevrilmiş, əldə olunan uğurlar isə bilavasitə respublikamızın inkişafına yönəldilmişdi.

Həmin dövrdə böyük öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə Xəzər dənizində perspektivli neft yataqlarının kəşfiyyat işləri də xeyli genişlənmişdi. Məhz həmin dövrdə xarici texnologiyalar bazasında inşa edilmiş "Xəzər", "Xəzərdənizneft" üzən qazma qurğularının alınması, xarici şirkətlərlə "Şelf" seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Bunların tətbiqi isə bütün Xəzər zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində böyük rol oynadı. Məhz bu qurğuların sayəsində hələ o dövrdə "Çıraq", "Azəri", "Günəşli", "Kəpəz" və s. kimi iri yataqlar kəşf edildi. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-də yalnız Azərbaycanda olan 400 milyon dollarlıq Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Bu gün həmin kompleksdə Xəzər dənizində dərin neft və qaz yataqlarının kəşfi üçün müasir dərin özüllər bloku istehsal edilir.

Bütün bunlar bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni belə reallığa çevirmişdi. Ulu öndər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".

Ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla anılır. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - respublikamızda dərin iqtisadi-siyasi və mənəvi böhranın hökm sürdüyü bir dövrdə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıtmış, özünün dərin zəkası, yüksək idarəçilik keyfiyyətləri, quruculuq və xilaskarlıq missiyası ilə ümummilli liderlik zirvəsinə yüksəldi. Böyük öndər Heydər Əliyev qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə, ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirdi. İqtisadi sahədə mərhələlərlə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı.

Təcrübə göstərir ki, istənilən dövlətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. İqtisadi transformasiya prosesi, adətən, təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Bu baxımdan iqtisadçı alimlər haqlı olaraq Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünü iki əsas mərhələyə ayırırlar: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri.

Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. Bu mərhələnin iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul istehsalı hər il orta hesabla 16,5 faiz aşağı düşmüşdü. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının, demək olar ki, 23 faizini itirmişdi. İnflyasiya səviyyəsi 1994-cü ildə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5 faizə çatmışdı. 1992-1994-cü illərdə həmçinin xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmamışdı.

Bu neqativ proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı isə 5,7 dəfə azalmışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Ümumilikdə, neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında da lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu. İqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edildilər. Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi 99 faizə çatmışdır.

Ötən əsrin 90-cı illərində, həmçinin dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu. Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edirdi.

Keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi idi. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. Bununla yanaşı, sosial sahənin mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə təhsil və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlar həyata keçirildi.

Azərbaycan Respublikası Prezidenti Yanında Sahibkarlar Şurasının sədr müavini kimi deyə bilərəm ki, respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən milli sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri də 1996-cı ilin əvvəllərində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər sahibkarları diqqətlə dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi.

Ulu öndərin 2002-ci ilin aprel və may aylarında yerli və xarici iş adamları ilə görüşündən sonra isə dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi istiqamətində əsaslı addımlar atıldı. Bu addımlardan biri də Azərbaycan Respublikası Prezidenti Yanında Sahibkarlar Şurasının yaradılması idi. Ulu öndərin sərəncamı ilə yaradılan Şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.

Ümumilikdə, 1995-2003-cü illərdə Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutması, ölkə iqtisadiyyatına xarici investorların cəlb olunması məqsədilə sərmayələrin qorunması üçün qanunvericilik bazası formalaşdırıldı. 40-a yaxın ölkə ilə ikitərəfli sazişlər imzalandı, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri quruldu. Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də onunla təsəlli tapırıq ki, ümummilli liderin möhtərəm Prezidentimiz İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 8 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.

2003-cü ildən ölkədə iqtisadi inkişafın sürətləndirilməsi, sahibkarlığın yüksəlişi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, regional disproporsiyanın aradan qaldırılması, yoxsulluğun azaldılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar artıq praktik nəticələrini verir. 2011-ci ilin 28 mayında Respublika Günü münasibətilə keçirilən rəsmi tədbirdə Prezident İlham Əliyev bununla bağlı demişdir: "2003-cü ildən sonra ölkəmizdə siyasi və iqtisadi islahatlar davam etdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə daha da möhkəm yerini tuta bilmişdir, regional müstəvidə, bizim təsir imkanlarımız böyük dərəcədə artmışdır. Bu gün Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional inkişaf istiqamətlərini yüksək səviyyədə müəyyən edir. Siyasi islahatlarla yanaşı, iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Son 7-8 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfə artmışdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Sənaye istehsalı da təxminən 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 5 dəfə azalmışdır və bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz təşkil edir. Əminəm ki, görülən və görüləcək əlavə tədbirlər nəticəsində biz ilin sonuna qədər yoxsulluğun daha da aşağı düşməsinə nail olacağıq".

Azərbaycan bütün bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra edir. Ötən illərdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli addımlar atılmışdır. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması isə tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin də təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 8 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır. Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.

Regionlarla yanaşı, Bakı və şəhərətrafı qəsəbələrin problemlərinin həlli də diqqət mərkəzindədir. 2011-ci il martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair xüsusi müşavirənin keçirilməsi buna əyani sübutdur. Həmin müşavirədən sonra dövlət başçısı bu ərazilərdə yerləşən əksər kənd və qəsəbələrdə olmuş, görülən işlərlə yaxından maraqlanmış, eyni zamanda yeni dövlət proqramının hazırlanmasını təmin etmişdir.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin paytaxtdan o qədər də uzaq məsafədə olmayan Sumqayıt şəhərinə diqqət və qayğısını da xüsusi vurğulamaq lazımdır. Dövlət başçısı ötən 8 ildə dəfələrlə Sumqayıtda olaraq şəhərin problemləri ilə maraqlanmış, inkişafı ilə bağlı müvafiq sərəncamlar imzalamışdır. Cənab İlham Əliyevin 2011-ci il iyulun 7-də Sumqayıta növbəti səfərini isə şəhər sakinləri hələ də yüksək əhval-ruhiyyə və xoş təəssüratla xatırlayırlar. Əminliklə demək olar ki, bu səfər şəhərin qayğılarının, vətəndaşları narahat edən problemlərinin həllində keyfiyyətcə yeni mərhələ açmışdır. Ölkə Prezidentinin səfər çərçivəsində sakinlərlə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər deməyə əsas verir ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.

Dövlət başçısı İlham Əliyev səfər müddətində şəhərin müxtəlif yerlərində - park və xiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir. Bu səfər həm də göstərir ki, cənab İlham Əliyev Sumqayıt sakinlərinin hansı qayğılarla yaşadığını çox yaxşı bilir və onların tez zamanda aradan qaldırılmasını şəhərin yeni rəhbərliyi qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Möhtərəm Prezidentimiz sumqayıtlılarla görüşdə onları narahat edən bütün məsələlərin çox qısa zamanda həllini tapacağını, şəhərin abadlaşdırılması ilə bağlı mühüm layihələrin həyata keçiriləcəyini bir daha vurğulamışdır: "Sizi salamlayıram. Sumqayıt şəhərinin inkişafı ilə bağlı əlavə təkliflər vardır. Bu təkliflər nəzərdən keçirilir. Bir müddət bundan əvvəl mən göstəriş vermişəm ki, Sumqayıtın abadlaşması ilə bağlı çox müasir bir layihə hazırlansın. Layihənin bir hissəsi burada göstərilir. Siz də yəqin ki, bu layihə ilə tanışsınız. Əminəm ki, yaxın zamanlarda Sumqayıtın bir neçə istiqamətində çox gözəl, müasir infrastruktur layihələri icra ediləcəkdir".

Dövlət başçısının Sumqayıt bulvarının uzadılması və abadlaşdırılması, Mərdəkan-Bilgəh istiqamətindən yeni yolun tikintisi, habelə şəhərin su, kanalizasiya sisteminin müasirləşdirilməsi, sənaye potensialının tam bərpası ilə bağlı dəyərli fikirləri də sakinlərin böyük sevinc və razılığı ilə qarşılanmışdır. Cənab İlham Əliyev Sumqayıtın müasir, dünya miqyaslı sənaye şəhəri kimi inkişaf etməsi zəruriliyini bir daha vurğulamış, bu istiqamətdə də əlavə tədbirlərin həyata keçiriləcəyini demişdir. Son illərdə Sumqayıtda ən böyük texnologiyalar parkının yaradılması, habelə kimya müəssisələrinin əsaslı təmirinə diqqətin ayrılması bunun əyani təzahürüdür. İnanırıq ki, bu diqqət və qayğının nəticəsi kimi vaxtilə nəinki respublikamızı, bəzi postsovet respublikalarını da pəncərə şüşəsi və digər şüşə məmulatları ilə təmin edən Sumqayıt Şüşə Zavodu da böhrandan çıxacaq, müasir texnologiyalar əsasında tamamilə yeniləşəcəkdir.

Ümumilikdə, ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi və hüquqi islahatlar göstərir ki, Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı və mütərəqqi inkişaf meyillərinin daha da gücləndirilməsi prioritet istiqamət təşkil edir. Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması isə Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,

 iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2011.- 13 iyul.- S.6.