Xəzərdən Aralıq dənizinə uzanan "yol"

 

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyası XX əsrin 90-cı illərinin ortalarında yaranmışdı. Layihə bir çox sınaqlardan keçdi və ulu öndər Heydər Əliyevin səyi, mübarizəsi, dünyada olan nüfuzu sayəsində qalib gəldi.

BTC tikildikdən sonra onun araya-ərsəyə gəlməsində iştirak edənlərin hamısı yekdilliklə qərara aldılar ki, kəmər ulu öndər Heydər Əliyevin adını daşısın. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri tam bir sistem kimi 2006-cı il iyul ayının 13-də işə düşdü. Bu münasibətlə Türkiyənin Ceyhan şəhərində təntənəli mərasimlər keçirildi.

Həmin vaxtdan bəri kəmər ona bəslənən ümidləri layiqincə doğruldur, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan nefti etibarlı şəkildə Səngəçaldan Ceyhana çatdırır. Kəmərə, həmçinin "Şahdəniz" yatağından çıxarılan kondensat vurulur. Artıq bir ildir ki, BTC Türkmənistan nefti də daşıyır.

BTC təkcə ölkəmizin deyil, bütün regionun iqtisadi həyatında böyük rol oynayır. Onun Azərbaycana gətirdiyi gəlirlər ildən-ilə artır. Həmin vəsait Dövlət Neft Fonduna daxil olur, eləcə də ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir. Bunları həmişə vurğulayan dövlət başçısı İlham Əliyev keçən ay Bakıda keçirilən 18-ci beynəlxalq neft-qaz sərgisində demişdir: "Neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. O vaxt bizim bölgədə çox çətin geosiyasi vəziyyət mövcud idi. Buna baxmayaraq, xarici investorlar böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları öz dəstəyini göstərdilər. Azərbaycan tərəfi də öz üzərinə düşən bütün vəzifələri ləyaqətlə və uğurla icra etmişdir".

BTC Azərbaycan qazını dünyaya daşıyan Bakı-Tbilisi-Ərzurum kəmərinə də yol açdı. İndi ixrac marşrutlarımız çoxalmaqda və şaxələnməkdə, dünya ilə əlaqələrimiz daha da genişlənməkdədir. Ümummilli lider Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə dediyi kimi: "Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı-Tbilisi-Ceyhan siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə sıx birləşdirəcəkdir".

 

 

Azərbaycan.- 2011.- 13 iyul.- S.7.